- “Müharibə müdafiə sənayesi üçün yeni texnologiyanın formalaşdığı sınaq mühitidir”
- Azər Niftiyev: “Müdafiə sənayesinin gücü yalnız istehsal etdiyi məhsulla ölçülmür”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən “ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və “Securex Caspian” 15-ci Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi ilə tanış olublar.
Müdafiə sənayesi naziri Vüqar Mustafayev Azərbaycan Prezidenti İlham Əliyevin sərgi iştirakçılarına məktubunu oxuyub.
Daha sonra Vüqar Mustafayev ADEX-2026 və “Securex Caspian 2026” sərgilərinin iştirakçılarını salamlayaraq, Azərbaycanın müdafiə sənayesinin inkişafı, innovativ texnologiyalar və beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
Nazirin DEX-2026-nın müdafiə sənayesi və beynəlxalq hərbi-texniki əməkdaşlıq üçün mühüm platforma olduğu qeyd edib. Qeyd edək ki, sərgidə bu il 53 ölkədən 280 şirkət və təşkilat iştirak edir. Ümumilikdə 39 ölkədən 59 xarici nümayəndə heyəti Bakıya gəlib. Bu il sərgidə ABŞ, Almaniya və Böyük Britaniyanın bir sıra tanınmış müdafiə şirkətləri ilk dəfə iştirak edir. ABŞ-dan “Northrop Grumman”, “Lockheed Martin”, “SIG SAUER”, “Vantor” və “Ondas”, Almaniyadan “Rheinmetall” və “Rohde & Schwarz”, Böyük Britaniyadan isə “BAE Systems” sərgidə təmsil olunur. Türkiyə isə ən geniş iştirak edən ölkədir. “ADEX 2026”da Azərbaycan, ABŞ, Türkiyə, Rusiya, Çin, Böyük Britaniya, İsrail, İtaliya, Pakistan və digər ölkələrin milli pavilyonları fəaliyyət göstərir. Sərgidə pilotsuz sistemlər, zirehli texnika, aviasiya, hərbi dəniz sistemləri, silah və sursat, radioelektron sistemlər, C4ISR texnologiyaları, kibertəhlükəsizlik və digər müdafiə texnologiyaları nümayiş olunur.
“ADEX”lə paralel keçirilən “Securex Caspian” sərgisində isə kibertəhlükəsizlik, hüquq-mühafizə, sərhəd, xilasetmə və yanğın təhlükəsizliyi üzrə texnologiyalar təqdim olunur.
Sərgi çərçivəsində müdafiə sənayesi, süni intellekt, kibertəhlükəsizlik, innovasiya və hərbi texnologiyalarla bağlı panel müzakirələri və işgüzar görüşlər keçirilir. Azərbaycan və xarici şirkətlər arasında hərbi-texniki əməkdaşlıq, birgə layihələr və yeni tərəfdaşlıqların qurulması əsas müzakirə mövzularındandır.
Siyasi şərhçi Azər Niftiyev Sherg.az-a açıqlamasında bildirib ki, Azərbaycanın müdafiə sənayesinin yaradılması son iyirmi ilin təkcə sənaye siyasəti deyil, dövlət təhlükəsizliyinə hesablanmış uzunmüddətli qərarlardan biridir: 
“Hərbi sənayenin real dəyəri isə yalnız zavodların istehsal gücü ilə müəyyənləşmir. Müharibə bu sistem üçün ən sərt texnoloji sınaqdır. 2016-cı ilin aprel döyüşləri zamanı yerli istehsalın bir sıra nümunələrinin tətbiqi artıq bu imkanların döyüş şəraitində yoxlanmasına şərait yaratdı. 2020-ci ilin 44 günlük müharibəsi isə Azərbaycanın hərbi potensialının, o cümlədən yerli müdafiə sənayesinin daha geniş miqyasda sınaqdan keçdiyi mərhələ oldu.
Burada mühüm məsələ yalnız hansı məhsulun istifadə edilməsi deyil. Real döyüş təcrübəsi istehsalçıya məhsulun praktiki üstünlükləri və çatışmazlıqları barədə birbaşa məlumat verir. Bu məlumat növbəti modifikasiyaların, yeni texniki həllərin və daha funksional sistemlərin hazırlanması üçün sənaye baxımından qiymətli resursa çevrilir. Beləliklə, müharibə müdafiə sənayesi üçün təkcə nəticənin deyil, həm də yeni texnologiyanın formalaşdığı bir sınaq mühiti yaradır”.
A. Niftiyev qeyd edib ki, ikinci mühüm nəticə ixracdır. Onun sözlərinə görə, müdafiə sənayesinin dayanıqlı olması üçün istehsalın daxili tələbatla məhdudlaşmaması vacibdir:
“Xarici bazara çıxış istehsalçını məhsulun keyfiyyəti, qiyməti, texniki uyğunluğu və xidmət imkanları baxımından daha yüksək tələblərlə üz-üzə qoyur. Azərbaycan bu mərhələyə artıq keçid edib. Rəsmi açıqlamalarda da ölkənin hərbi məhsullarını müxtəlif xarici bazarlara ixrac etdiyi bildirilir. Eyni zamanda son illərdə birgə müəssisələrin yaradılması və xarici müdafiə şirkətləri ilə istehsal əməkdaşlığının genişləndirilməsi də sənayenin növbəti inkişaf mərhələsini göstərir. Bu mənzərədə ADEX-in rolu ayrıca əhəmiyyət daşıyır. 2014-cü ildə ilk dəfə keçirilən sərgi artıq sadəcə hərbi texnikanın nümayiş etdirildiyi tədbir deyil. O, istehsalçıların, hərbi nümayəndə heyətlərinin və beynəlxalq şirkətlərin bir araya gəldiyi hərbi-texniki əməkdaşlıq platformasına çevrilib. İlk ADEX-də 34 ölkədən 200 şirkət iştirak edirdisə, ADEX-2026-da 46 ölkədən 270-dən çox şirkətin və 40 xarici rəsmi nümayəndə heyətinin iştirakı təsdiqlənib. Bakı artıq müdafiə sənayesi məhsullarının təqdim edildiyi məkan olmaqla yanaşı, texnologiya, istehsal və hərbi-texniki əməkdaşlıq üzrə əlaqələrin qurulduğu platformalardan birinə çevrilir. ADEX-in milli ekspozisiyasında müdafiə sənayesi ilə yanaşı texnologiya, kosmik sənaye və mühəndislik imkanlarının təqdim olunması da bu istiqamətin tədricən daha geniş sənaye ekosisteminə çevrildiyini göstərir”.
A. Niftiyev bildirib ki, hazırda qarşıda duran əsas məsələ müdafiə sənayesinin texnoloji səviyyəyə yüksəldilməsidir:
“Növbəti mərhələdə üstünlük istehsalın sadəcə həcminin artırılmasından deyil, daha yüksək əlavə dəyər yaradan sistemlərin, elektronikanın, pilotsuz platformaların, idarəetmə və kəşfiyyat texnologiyalarının inkişafından keçəcək.
İyirmi il əvvəl verilmiş qərarın strateji əhəmiyyəti də məhz zaman keçdikcə daha aydın görünür. Bu qərar hərbi tələbatı sənaye siyasəti, texnologiya, kadr hazırlığı və ixrac imkanları ilə birləşdirən strukturun əsasını qoydu.
Bu gün isə onu yeni texnoloji mərhələyə keçirmək istiqamətində mühüm addımlar atılır. Çünki müasir dünyada müdafiə sənayesinin gücü yalnız istehsal etdiyi məhsulla deyil, növbəti məhsulu nə qədər tez və nə qədər yüksək texnologiya ilə yarada bilməsi ilə ölçülür”.