
Fırıldaqçılar: Telekanallar onları cəmiyyətə “ekspert” kimi sırımaqla məşğuldur
İradə Cavadova: “Mən çox təəccüb edirəm ki, bu insanlar həqiqətən vəkildirlərsə, efirə çıxmağa necə vaxt tapırlar?”"Hətta sizə deyim ki, hazırda ATV telekanalında daim hüquqşünas-ekspert kimi çıxış edən digər xanım vəkil barəsində də hazırda vətəndaşlardan xeyli şikayətlər var"

Telekanaldan təcridxanaya yollananların sayı artır. Vaxtilə efirlərdə "at oynadan”ların, əslində, mahir fırıldaqçı olduğu üzə çıxanda, istər-istəməz sual yaranır ki, bəs bu insanları 9 milyonluq ölkəyə "ekspert”, "məşhur ekstrasens”, "tanınmış hüquqşünas” kimi niyə sırıyırdılar? Nə maraqları vardı? Müğənniləri, aktyor, aktrisaları sanki "müqəddəs ata” qarşısında əyləşiblər kimi "etiraf etdirib” göz yaşlarını selə döndərənin biri artıq cəzaçəkmə müəssisəsindədir.
Həm də dələduzluq maddəsi ilə. Söhbətin kimdən getdiyi yəqin bəllidir; aparıcı, baxıcı, falçı, ekstrasens... İlham Mirzəyev demə dələduzluqla, adam aldatmaqla məşğulmuş. İndi isə başqa bir tanınmış xanım, efirlərə ailə məsələləri üzrə ekspert qismində dəvət edilən, "tanınmış vəkil” kimi təqdim olunan Rəna Həsənli İnterpolun axtarışındadır. "Vəkil xanım” ölkədən qaçıb deyə, barəsində beynəlxalq axtarış elan edilib. Bu barədə İnterpolun rəsmi saytında məlumat yerləşdirilib. Bu xanım ATV telekanalında yayımlanan tok-şouların uzun müddət əsas siması idi. Gənclərə, ailə münaqişəsi yaşayanlara məsləhətlər verirdi. Amma məlum olur ki, demə xanım vəkil insan hüquqlarını qorumaq əvəzinə, əksinə insanlara badalaq gəlməklə məşğulmuş. Qəribədir ki, hazırda özü dələduzluqda ittiham edilən və barəsində beynəlxalq axtarış elan olunmuş xanım, elə həmin maddə ilə mühakimə edilən ekstrasens İlham Mirzəyevin hüquqlarını müdafiə edirmiş. Dələduz dələduzu qoruyurmuş.
Ən dəhşətlisi isə budur ki, bu cür dələduzlar efirlərimizə ayaq açır, bəh-bəhlə verilişlərə dəvət edilir və camaata ağıl öyrədirlər, hüquqdan danışırlar. Ümumiyyətlə, artıq xeyli müddətdir ictimaiyyəti narahat edən məsələlərdən biri də, şəxsi həyatında ailə dəyərlərinə hörmət etməyənlərin efirdə milli adət-ənənələrdən, ailə möhkəmliyindən danışıb, ekspertlik missiyası yerinə yetirmələridir. Diqqət edəndə görürsən ki, ailə müqəddəsliyindən danışanların, kimisə ittiham edənlərin özünün ya heç ailəsi yoxdur, ya da danışdıqlarının, irəli sürdüyü "dahiyanə” fikirlərin tam əksi olan həyat tərzi keçirir. Belə olan halda dinləyənlər onlardan hansı nümunəni götürəcək? Uzaqbaşı qulaq asacaq, efir bitdikdə isə "bunun özü heç düz-əməlli adam deyil, mənə dərs keçir” deyib əlini yelləyib gedəcək. Görünən büdur ki, telekanalları bu, heç maraqlandırmır da. Efirə dəvət edilən şəxsin ailə həyatı, yaxud şəxsi məziyyətləri önəmli deyil. Onlara reklam olunmaq, telekanala isə pul qazanmaq lazımdır. Bunu bilən "ekspertlər” də efirdən şəxsi mənafeləri üçün istifadə edir, sadəlövh insanları tora salır, insanların faciəsi üzərində pul qazanırlar.

Vəkil Rəna Həsənlinin beynəlxalq axtarışa verilməsi olayına münasibət bildirən hüquqşünas İradə Cavadova "Şərq”ə açıqlamasında problemin aktual və ağrılı olduğunu dedi:
- Efirlərin ekspert seçimi cəmiyyətin yaralı yeridir. Düzdür, mən işimin hədsiz çoxluğundan verilişləri mütəmadi izləyə bilmirəm. Amma eişdirəm, müəyyən informasiyalar alıram. Sizə deyim ki, bəzi telekanallarda hüquqşünas, vəkil sifətilə iştirak edən bir sıra adamlar barəsində şikayətlər çoxdur. Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü kimi, bu şikayətlərlə mən də tanışam. Haqqında danışılan Rəna Həsənli barəsində də hələ bir neçə il öncə bizə xeyli şikayətlər daxil olmuşdu. Bu, o vaxtlar idi ki, xanım məlum telekanalda verilişlərə dəvət edilirdi, ekspert kimi çıxışlar edirdi. Biz şikayətlərlə bağlı dəfələrlə o xanımı Vəkillər Kollegiyasına dəvət etmişdik, lakin o, gəlməmişdi. Hətta sizə deyim ki, hazırda ATV telekanalında daim hüquqşünas-ekspert kimi çıxış edən digər xanım vəkil barəsində də hazırda vətəndaşlardan xeyli şikayətlər var. Təəssüflə qeyd edirəm ki, ekspert seçimi məsələsində telekanallar böyük yanlışlıqlara yol verir. Bilmirəm, burada şəxsi tanışlıqmı əsas götürülür, yoxsa başqa hansısa şərtlər, lakin efirlərə ekspert qismində dəvət edilənlərin böyük əksəriyyəti öz sahəsini lazımi qaydada bilmir. Telekanal vəkil kimi təqdim etdiyi şəxsin fəaliyyəti ilə maraqlanmır. Halbuki burada çətin bir iş yoxdur. Şəxs barəsində rəsmi sorğu göndərmək olar. Belə edərlərsə, fəaliyyətində nöqsanlar olan şəxslər də bilinər və onları ictimaiyyətə savadlı, müsbət reputasiyalı şəxs kimi təqdim edib öz reytinqlərini zədələməzlər. Televiziyanı minlərlə tamaşaçı izləyir. Efirə çıxan şəxs bunu daim nəzərə almalıdır ki, o, auditoriya qarşısındadır. Bəziləri özlərini hüquqşünas, vəkil adlandırır, ancaq dinləyəndə görürsən ki, bu heç öz ixtisasını doğru-düzgün bilmir. Məlumatsızdır. Çox absurd, utanc gətirən çıxışlar edirlər. Etik normaları gözləmirlər, danışıqlarına diqqət etmirlər, heç bir sərhəd tanımırlar. Aparıcı isə, onları alqışlayır, reklam etdirir. Bir dəfə izləmişəm ki, vəkil müdafiə etdiyi şəxsin sirrini efirdə açıqlayıb. Bu, nə vəkillik institut qanunlarına, nə də ümumilikdə insan hüquqlarına uyğundur. Vəkil heç vaxt birtərəfli qaydada ittiham edə bilməz. O, mütləq iki tərəfə də danışmaq imkanı verməli və dinləməlidir. Vəkil ekspert qismində yalnız müzakirə apara bilər. Əgər Mülki Məcəllədən danışırsa apardığı mülki işlərdə, Cinayət Məcəlləsindən danışırsa, vəkil kimi iştirak etdiyi cinayət işlərindən nümunə gətirməli, praktikada rastlaşdığı hallardan danışmalıdır. Dəvət edilənlər həqiqi ekspert olmalıdırlar. Sözünü, danışığını bilən, bilikli, savadlı mütəxəssislər dəvət edilməlidir.
Bəzi ekspertlər barəsində xoşagəlməz məlumatlar gəzir. Demək istəmirəm, bəlkə burada hansısa şəxsi maraqlar güdülür, şəxsi mənafelər üstün tutulur?! Kiməsə qara yaxmaq da doğru olmaz, amma telekanallara vəkil qismində dəvət edilənlərlə bağlı müəyyən məlumatlar alırıq. Gərək telekanal rəhbərliyi belə məsələlərə ciddi fikir versin. Rəhbərlik ekspertlərlə bağlı düzgün seçim aparılmasında maraqlı olmalıdır. Çünki burada telekanalın nüfuzu əsasdır. İctimaiyyət arasında nüfuzunu itirmiş, xalq arasında həqiqi hörməti olmayan, barəsində müxtəlif məlumatlar yayılmış adamları təki verilişdə söz-söhbət yaransın, dava-dalaş çıxsın deyə, dəvət etmək efir mədəniyyətimizə müsbət heç nə gətirmir.
İ.Cavadova bildirdi ki, həqiqətən savadlı, öz peşəsinin ustası vəkillərimiz də çoxdur, lakin onların verilişlərə getməyə vaxtları yoxdur:
- Mən çox təəccüb edirəm ki, bu insanlar həqiqətən vəkildirlərsə, efirə çıxmağa necə vaxt tapırlar? Məni də telekanallar dəvət edir, amma sıxıla-sıxıla imtina edirəm, deyirəm, hörmətsizlik kimi qarşılamayın, ancaq vaxtım yoxdur. Həqiqətən də vaxtım olmur. Bir gün məhkəmədə, bir gün Kollegiyada, bir gün təcridxanada... Birbaşa öz peşəsiylə, işiylə məşğul olan adam efirlərdə saatlarla vaxt itirə bilməz. Təəccüblüdür ki, bəzi "ekspertlər” efirlərdən düşmür. Saatlarla studiyada əyləşirlər. Bunların başqa işi-peşəsi yoxdur? Belə təəssürat yaranır ki, bu insanlar öz peşələrindən başqa, bütün digər işlərlə məşğuldurlar. Sonra da məlum olur ki, kimsə dələduzluqla məşğul imiş. Hesab edirəm ki, telekanallar ekspert seçimi məsələsinə diqqətlə yanaşmalıdır.
Məlahət Rzayeva