"Fiziki və hüquqi şəxslər valyutadəyişmə məntəqəsi aça bilərlər" - AÇIQLAMA

"Valyutadəyişmə məntəqələri devalvasiya dövründə bağlandı və "qara bazar”ın yaranmasına şərait yarandı”.
Bu barədə "Sherg.az”a iqtisadçı -ekspert Fuad İbrahimov deyib. 
O diqqətə çatdırıb ki, yaranmış problem valyutadəyişmə məntəqələrinin yenidən açılması ilə aradan qaldırıla bilər:
"Növbəti addım da məhz bu oldu. "Exchange”lər bankların nəzdində fəaliyyətə başladı. Həftə sonu banklar işləmədiyinə görə, müvəqqəti də olsa "qara bazar” üçün əlverişli olurdu. Növbəti addım valyuta mübadilə məntəqələrinin xüsusi lisenziya ilə fəaliyyət göstərməsidir. Fiziki və hüquqi şəxslər lisenziyanın tələblərinə uyğun iştirak etməklə müvafiq şəkildə valyutadəyişmə məntəqəsi aça bilərlər. Burada hər hansı təlimat, ərazi məhdudiyyəti, sıxlıq nəzərdə tutulduğunu düşünmürəm.
Müasir tələblərə uyğun valyutadəyişmə məntəqəsi sərbəst fəaliyyət göstərirsə, özündən məzənnə çıxara bilməz. Dünya maliyyə bazarlarında gedən prosesləri onlayn nəzarətdə saxlamaqla mübadilə məzənnəsini əks etdirəcəklər. Dövlət nəzarət orqanları və müvafiq qurumlar da buna nəzarət edəcək”.
Qeyd edək ki, bu ildən Azərbaycanda valyuta mübadilə məntəqələrinin fəaliyyətinin lisenziyalaşdırılmasına başlanacaq. Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatda qeyd olunub ki, "Valyuta tənzimi haqqında" qanunda edilən dəyişikliklərlə bağlı valyuta mübadiləsi fəaliyyətini həyata keçirən subyektlərin fəaliyyətini tənzimləyən hüquqi çərçivə formalaşdırılıb.
Aysel Aslan