"Bu ilin sonuna kimi brend markalı neftin qiymətiNİN 70 dolladan yuxarı olacağı proqnozlaşdırılır"
Bu barədə "Sherg.az”a neftin qiymətinin 80 dollar həddinə qalıxması ilə bağlı danışarkən Neft Araşdırmalar Fondunun rəhbəri İlham Şaban bildirib.
Onun sözlərinə görə, neftin qiymətinin qalxıb - enməsi normal bir haldır:

"Neftin qiymətini proqnozlaşdırmaq çətindir. Çünki iqtisadi amillərlə yanaşı, siyasi faktorlardan da dolayı neftin qiyməti hər an dəyişir. Ötən gün 80,53 dollar olan neftin qiyməti hazırda eyni səviyyədə deyil. Bu da bir çox səbəblərdən dolayı dəyişir. Ümumiyyətlə, iyun ayında OPEK ölkələri və Rusiya arasında neftin hasilatını azaltmaq haqqında qərar verildi. Qərardan sonra neftin qimətində enmələr olmalıydı. Amma dünyada baş verən siyasi hadisələr buna imkan vermədi. ABŞ-ın İrana qarşı yeni sanksiyaları neft bazarına əhəmiyyətli dərəcədə təsir göstərdi.
ABŞ müttəfiq ölkələrə İrandan neft idxalını azatmağı təklif etdi. Müttəfiq ölkələr bu təklifi qəbul etməsə, onlara sanksiyalar tətbiq edəcəyini bildirdi. Müttəfiq ölkələr də bununla razılaşdılar. Bu da neft bazarında qiymətlərin qalıxmasın birbaşa zəmin yaratdı. Neftin qiymətinin ilin ikinci yarısında hansı həddə olması ilə bağlı müxtəlif fikirlər səslənir. Baxmayaraq ki, ilin birinci yarısında brend markalı neftin qiyməti 72 dollar olub. Bu da kifayət qədər yüksək qiymətdir.
Amma ötən il neftin qiyməti 54 dollar səviyyəsini təşkil etmişdir. Həmin vaxt heç kim neftin qiymətinin cari il üçün bu qədər yüksək həddə olacağını təxmin etmirdi. Hətta verilən proqnozlarda 57, 58, 59 diapazonları həddində dəyişəcəytini bildirirdilər. Bəzən neftin qiymətini kəskin şəkildə enəcəyini də iddia edirdilər. Amma iqtisadi amillərdən çox siyasi amillər daha sürətli hərəkət etdi. May ayına qədər neftin ortalama qiyməti 70 dollar həddində idi. ABŞ-ın İrana qarşı sanksiyalarından sonra bu hədd 75 dollar və ondan nisbətən bir az yuxarı oldu.
Amma gələcəkdə neftin qiymətinin hansı səviyyədə olacağını demək mümkün deyil. Yaxud da qara qızılın hazırki qiymətinin nə qədər vaxt bu istiqamətdə davam edəcəyinə dair proqnoz vermək çətindir. Onun qiymətinin hansı müddətə kimi yüsək tendensiya üzrə davam edəcəyi dünyada cərəyan edəcək siyasi hadisələrdən asılı olacaq. Ümumiyyətlə, neftin qiyməti iki amildən aslı olaraq dəyişir.
Birincisi, iqtisadi proseslərdir ki, bu da tələb və təklif arasındakı münasibətlərlə bağlıdır. İkincisi də, siyasi proseslərdir. Bunada dünya verilən qərarlar, sanksiyalar, müharibələr və.s daxildir. Tələb və təklif münasibətləri dedik də, ilin soyuq dövründə neftə təlabatın çox olması, ilin isti dövüründə yaranan şəraitlə bağlı olaraq tələbin az, təklifin çox olmasıdır. Neftin qiyməti ilin birinci yarısında kifayət qədər yüksək idi. İstənilən halda cari il üçün neftin ortalama qiyməti 70 dollardan yuxarı olacaq. Bu da ötən ilə müqayisədə çox yüksəkdir. Otən il qara qızılın qiyməti 54 dollar, bu il isə 70 dollarda yuxarı olması bizim üçün çox müsbət haldır. Ümumiyyətlə iqtisadiyyatı neftlə bağlı ölkələr üçün belə bir qiymət artımı yaxşıdır”.
Qeyd edək ki, Azərbaycanın dünya bazarına çıxardığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 1,92 dollar və yaxud 2,44% artıb. "Azeri LT CIF" markalı neftin qiyməti 80,53 dollar/barelə bərabər olub. Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
Kənan Eynuroğlu