Forsmajor vəziyyət yaranıb

Sürücünün maşını ilə birgə evakuatora mindirilməsi qanun pozuntusudur
Fevralın 22-i, gecə saatlarında yol polisi əməkdaşları qadın sürücünün müqaviməti ilə üzləşiblər. Məlumata görə, polis əməkdaşları Neftçilər prospektində yol hərəkəti qaydasını pozan "Hyundai” markalı avtomobilin xanım sürücüsünə "Saxla!” əmri versələr də, o, hərəkətini davam etdirib. Yaradılan süni tıxac nəticəsində avtomobil saxlanılıb. Lakin sürücü avtomobilin qapılarını bağlayaraq, sənədlərini polis əməkdaşına verməkdən imtina edib.
Yoxlama zamanı məlum olub ki, Viktoriya Vlasovanın idarə etdiyi avtomobil axtarışdadır. O, iki ay əvvəl yol nəqliyyat hadisəsi törədərək ərazidən qaçdığı və banka borcu olduğu üçün axtarışa verilib. Sənədlərini polis əməkdaşına təqdim etməyən xanım sürücü mobil telefonla tanışı ilə danışdıqdan sonra sükan arxasından sərnişin yerinə keçib. Viktoriya Vlasova müqavimət göstərdiyi üçün əraziyə əməliyyat qrupu çağırılıb. O, avtomobildən düşmədiyindən, əraziyə evakuator çağırılıb. Avtomobil sürücü ilə birgə evakuatora mindirilib. Avtomaşın cərimə meydançasına aparılıb. Xanım sürücü cərimə meydançasında da avtomobildən düşməyib. Araşdırmalar davam edir. Qeyd edək ki, xanım sürücünün avtomaşınla birgə evakuatora mindirilməsi insanlarda təəccüb doğurub və bu səbəbdən məsələ ictimaiyyətin və sosial şəbəkələrin ciddi müzakirə mövzusuna çevrilib. Doğrudur, sürücünün qanuna tabe olmamasını hər kəs pisləyir. Buna rəğmən qeyd edirlər ki, sürücü qanuna tabe olmursa, onun avtomaşınla birgə evakuatora mindirilməsi problemdən çıxış yolu deyil. Ona görə ki, evakuatorun yolda qəzaya uğramasını və nəticədə sürücünün həyatını itirməsini heç kəs sığortalaya bilməz. Bu təzadlı mövqeləri nəzərə alıb, nəqliyyat üzrə ekspert, hüquqşünas Ərşad Hüseynovun fikirlərini öyrəndik. O, "Şərq”ə açıqlamasında qeyd etdi ki, sürücünün maşını ilə birgə evakuatora mindirilməsi doğru deyil: "Çünki evakuator yük avtomobilidir. Yük avtomobilinin yük yerində sərnişin ola bilməz. Belə məqamda ya gərək polis psixoloq çağırsın və sürücüyə psixi zor tətbiq edilsin. Psixoloq onu başa salsın ki, ay bala, maşından düş. Əks halda, səni inzibati həbs gözləyir. Sürücü buna da məhəl qoymursa, polis bir yolu qalır ki, qapını, şüşəni sındırsın. Şüşəni qırmaq da qanunvericilikdə nəzərdə tutulmayıb. Digər yandan polis əməkdaşı onu buraxa da bilməz. Polis gördüyü, aşkar etdiyi, müşahidə etdiyi pozuntunun üstündən sükutla keçə bilməz. Bu da mümkün deyil. Hər 3 variant qanun pozuntusuna gəlib çıxır. Polis çıxıb getsə, bu da qanun pozuntusudur. Vəzifə səlahiyyətlərini icra etməməkdir. Çünki dövlət polisə qanundan kənar davranışa yol vermiş vətəndaşa inzibati hakimiyyət tətbiq etmək səlahiyyəti verib. Bunu etməmək də qəbahətdir. Edəndə də bunun hüquqi mexanizmi yoxdur. Bu da problem yaradır”.
Ə.Hüseynov qeyd edib ki, dövlət yol polisi əməkdaşının qanuni tələbi mütləq icra olunmalıdır: "Qanunun icra olunmamasından söhbət belə gedə bilməz. Məzmunca və formaca qanuni olan tələbi vətəndaş icra etmirsə, buna görə, polis əməkdaşı həmin vətəndaşı hətta inzibati qaydada saxlaya bilər. Yəni həmin vətəndaşın azadlığı müvəqqəti məhdudlaşdırılır. Saxlanılıb, polis orqanına aparılır. Orada da protokola yazılır və məhkəməyə təqdim edilir. Məhkəmə də ona 1 ay müddətinə həbs verə bilər. Amma həmin şəxsi saxlamaq və aparmaq üçün fiziki qüvvə tətbiq edilməlidir. Sözügedən hadisədə forsmajor vəziyyət odur ki, bu adam maşında oturub, aynanı, qapını da bağlayıb. Qanunvericilikdə də belə hallarda avtomobilinin qapı və şüşəsini sındırmaq məsələləri yer almır. Həmin mənzərə də məhz bunun nəticəsində yaranıb”.
Ekspert diqqətə çatdırıb ki, ABŞ, Avstraliya və başqa mədəni ölkələrdə belə hallar baş verən zaman sürücünün qadın və kişi olmasından asılı olmayaraq polis silahı sürücüyə tuşlayır, şüşəni sındırıb onu çıxardırlar: "Əllərini qandallayıb, götürüb aparırlar. Bizdə isə bu qanun hələ ki yoxdur”.
Ayyət Əhməd