Avropa dövlətləri faktiki ikiüzlü siyasət yeridərək, Türkiyə əleyhinə blok formalaşdırıblar
Elxan Şahinoğlu: “Artıq Türkiyə siyasətini qətiləşdirməlidir. Türk xalqı Avropa Birliyinə üzv olub-olmamaqla bağlı referenduma getməlidir”
Fransa "erməni soyqırımı”nın inkarını kriminallaşdırıb. Belə ki, Fransa Senatı soyqırımların, o cümlədən uydurma erməni soyqırımının inkar edilməsinə görə cəza nəzərdə tutan qanun
layihəsini qəbul edib. Bu barədə Fransadakı erməni təşkilatlarının koordinatoru Murad Papazyan məlumat yayıb. O qeyd edib ki, qanun layihəsinin lehinə 156, əleyhinə 146 nəfər səs verib.
Fransa Senatının addımına münasibət bildirən "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Fransada "erməni soyqırımı”nın gündəmə gətirilməsinə Almaniyadan pas verildiyini düşünür. Ekspert hesab edir ki, Fransada onsuz da "erməni soyqırımı” qəbul olunub: "Amma indi daha sərt addım atmaq istəyirlər. Fransada bu proseslər hər zaman prezidentlərin səlahiyyət müddətləri başa çatan zamanlar başlayır. Bu qərarın Senatdan keçmə ehtimalı var. Yenə də məsələ Konstitusiya Məhkəməsinə dirənəcək, orada da nə olacaq, məlum deyil. Yəhudi soyqırımı ilə bağlı onsuz da belə bir qanun layihəsi var. Sadəcə, ora "erməni soyqırımı”nı da əlavə etmək istəyirlər. Bu dəfə alınmasa belə, gələcəkdə bu inkar məsələsinin qəbulu mümkündür. Avropa dövlətləri faktiki ikiüzlü siyasət yeridərək, Türkiyə əleyhinə blok formalaşdırıblar. Maraqlıdır, Avropa Birliyi nə qədər inandırıcı olmasa da, Türkiyəni sıralarına qəbul etsə, Avropa dövlətləri yenə də bu siyasətlərinə sadiq qalacaqdılar? Britaniyanın istefa verən Baş nazirinin Türkiyənin 3 min ildən sonra da ittifaqa üzv olmayacağı ilə bağlı fikirlərini nə qədər tənqid etsək də, o, düzünü deyib. Artıq Türkiyə siyasətini qətiləşdirməlidir. Türk xalqı Avropa Birliyinə üzv olub-olmamaqla bağlı referenduma getməlidir”.
E.Şahinoğlunun fikrincə, Fransada bu qərarın qəbulu Türkiyə və Azərbaycanla münasibətlərə ciddi təsir göstərməyəcək: "İqtisadi münasibətlər daim üst səviyyədə olur. Son zamanlar Azərbaycan Fransada lobbi formalaşdırmağa başlayıb. Bunun nəticələri də var. Əvvəllər Fransa tamam ermənipərəst idisə, indi bu, müəyyən qədər azalıb. İqtisadi əlaqələrimiz güclənir. Amma erməni lobbisinin daha güclü olduğunu qəbul etməliyik. Yenə də azından Fransa parlamentində bizi müdafiə edənlər var. Müəyyən qruplar da mövcuddur. Amma təəssüf ki, onlar azdırlar. Gələcəkdə qondarma soyqırımla bağlı digər Avropa ölkələrində də bu tipli qərarlar qəbul oluna bilər. Əgər "erməni soyqırımı”nın tanınmasının o qədər hüquqi qüvvəsi yoxdursa, inkarı ilə bağlı qanun layihəsinin artıq hüquqi qüvvəsi var. Ancaq bu da Türkiyəyə ciddi problem yaratmayacaq. Əksinə, müqavimət göstərilməlidir. Həmin ölkələrdə yaşayan türklər bir ağızdan deməlidirlər ki, bu, qondarma soyqırım olmayıb. O zaman görək məhkəmələr minlərlə insanı cəzalandıracaqmı? Əgər bu olarsa, həmin ölkələrin özləri çətin duruma düşəcəklər”.