Mövzu Azərbaycanda millət vəkili ilə müəllimi üz-üzə qoyduFazil Mustafa: "Bizdə də dərhal addım atılmalı, Fransada olduğu kimi, məktəblərdə mobil telefon əyləncəsindən kitaba dönüş hərəkatına başlamaq lazımdır"
Almaz Həsrət: "Azərbaycan məktəblərində telefonlardan istifadə üçün qadağaya ehtiyac yoxdur. Çox istərdim ki, Milli Məclis tərbiyə və tədris yönümlü məsələlərə daha çox diqqət ayırsın"
Texnologiyanın sürətlə inkişaf etdiyi bir dövrdə yaşayırıq. Mobil telefonlar, planşetlər, kompüterlər demək olar ki, həyatımızın ayrılmaz tərkib hissəsidir. Hətta azyaşlı uşağın da mobil telefondan istifadə etdiyinin şahidi oluruq. Əsasən də orta məktəb şagirdlərinin telefon aludəçiliyi göz qabağındadır. Bu hal yalnız Azərbaycanda deyil, əksər xarici ölkələrdə də mövcuddur. Məsələn, Avropanın inkişaf etmiş ölkələrindən biri olan Fransada şagirdlərin mobil telefondan istifadəsi qadağandır. Fransa hökuməti məsələnin qlobal bir problem kimi ciddiliyini nəzərə alaraq belə bir addım atıb. Təhsil naziri Jan Mişel Blanker isə bildirib ki, şagirdlərin telefondan istifadəsinin qadağan edilməsi ilə bağlı qərar qəbul edilib. Nazir hər kəsin bu qanuna əməl etməli olduğunu deyib. Onun sözlərinə görə, mobil telefonlar təhsilin inkişafını əngəlləyən maneələrdən biridir.
Nazir haqsız da sayılmaz. Ölkəmizdə də oxşar mənzərəni görürük. Bəzən şagirdlərin dərsdən yayınaraq telefondan istifadə etməsi təhsilimizin axsamasına səbəb olur.
Bəs ekspertlər bu barədə nə düşünür? Ölkəmizdə şagirdlərə mobil telefonların qadağan edilməsinə cəmiyyətimiz hazırdırmı?
Azərbaycanda şagirdlərin mobil telefondan istifadəsinin qadağan edilməsi ilə bağlı dəfələrlə təkliflər irəli sürdüyünü deyən millət vəkili Fazil Mustafa "Şərq”ə bildirib ki, Təhsil Nazirliyi dərhal müvafiq addım atmalı, fövqəladə zərurət olmadıqca məktəb ərazisində mobil telefondan istifadəni şagirdlərə qadağan etməlidir: "Fransada məktəblərdə mobil telefondan istifadəyə qadağa qoyulması təcrübəsi heç tərəddüd etmədən bizdə də tətbiq olunmalıdır. Bu məsələdə ictimaiyyətin, özəlliklə də valideynlərin dəstəyi vacibdir. Nəhayət ki, Fransada olduğu kimi, məktəblərdə mobil telefon əyləncəsindən kitaba dönüş hərəkatına başlamaq lazımdır. Rusiyanın Təhsil Nazirliyi də bu cür qərar verilməsi barədə təşəbbüsü dəstəklədiyini bildirib.Yəni mənfi tendensiyaya qarşı bizim də vaxtında reaksiya verməmiz məqsədəuyğun olardı. Belə bir təşəbbüslə çıxış etmişik. Ümid edirəm ki, ölkəmizdə də belə qanun qəbul ediləcək”.
Əməkdar müəllim, təhsil üzrə ekspert Almaz Həsrət isə şagirdlərə belə qadağaların qoyulmasının düzgün olmadığını düşünür. O bildirib ki, Azərbaycan məktəblərində çox nadir hallarda şagirdlər dərs vaxtı telefondan istifadə edirlər: "Fransadakı qərarı təəssüf hissi ilə qarşılayıram. Çünki Fransa Avropa ölkəsi sayılır və görün onların təhsilində şagirdlərin dərsdən yayınması hansı dərəcədədir ki, onlar belə addımı atmağa məcbur olublar. Fransada olan bu qorxu ölkəmizdə gözlənilmir. Mənim fikirlərimə etiraz edənlər ola bilər. Bütün dünya, texnoloji vasitələr inkişaf edir. İnkişaf sferasında müasirliyə doğru addım atdığımız zamanda hansısa texnoloji vasitəyə qadağa qoymaq bir az gülünc görünür. Deməli, Fransa bu məsələdə aciz qalıb”.
Ekspert bildirib ki, əgər şagird telefondan istifadə edirsə və müəyyən problemlər yaranırsa, telefonu qadağan etmək yox, problemin həlli yolunu tapmaq lazımdır:
"Əminəm ki, Azərbaycan məktəblərində telefonlardan istifadə üçün qadağaya ehtiyac yoxdur. Çox istərdim ki, Milli Məclis tərbiyə və tədris yönümlü məsələlərə daha çox diqqət ayırsın, nəinki telefondan istifadəni qadağan etmək üçün qanunlar hazırlasın. Orta məktəblərdə, kolleclərdə, tədrislə məşğul olan müəssisələrdə şagirdlərdə telefondan düzgün istifadə etmək mədəniyyətini formalaşdırmaq lazımdır. Bu mədəniyyətə sahib olan şagird onsuz da telefondan düzgün istifadə etmə qaydasını biləcək. Elektron dərslərlə bağlı bir layihəm var. Bu layihə artıq 3-4 ildir ki, ölkəmizdə tətbiq olunur. Əsas məqsəd müəllimlərin texnoloji vasitələrdən istifadə etməklə şagirdlərin maraq dairəsinə uyğun olaraq dərslərin hazırlanmasını göstəməkdir. Məsələn, "kahod” adlı proqram var. Bu zaman telefon şagirdlərin əlində olur və müəllim tapşırıq verəndə şagirdlər telefondakı düymələrdən istifadə etməklə, düzgün cavablarını qeyd edirlər, öz fikirlərini bildirirlər. Ənənəvi tədrisdə informasiya texnologiyalarından istifadə etməklə şagirlərdə informasiya mədəniyyətini formalaşdırmaq lazımdır. Apardığım araşdırmalar buna əsas verir ki, biz dərs zamanı telefondan necə istifadə olunması ilə bağlı struktur hazırlasaq, şagirdlərdə informasiya mədəniyyətini formalaşdırmış olarıq.
Ənənəvi tədrisdə şagirdlərdən cavab alarkən, onlardan hansının birinci və ya ikinci əl qaldırmasında yanlışlığa yol verilir. Hərdən olur ki, "mən birinci əl qaldırdım, amma sualın cavabını məndən soruşmadız”, "mən daha düzgün cavab vermişdim, siz məni səhv anladız” kimi sinif daxilində müəyyən mübahisələr yaranırdı. Amma "kahod” proqramından istifadə etməklə şagirdlərin telefon vasitəsilə cavablarının verilməsi zamanı hansı şagirdin səhv, ya düz, həmçinin nə zaman cavab verdiyi görünür. Beləliklə, bütün sinif şagirdlərinin real və şəffaf olaraq aydın şəkildə bacarıqları məlum olur. Eyni zamanda şagirdlər arasındakı mübahisəyə son qoyulur və dərsin daha maraqlı keçirilməsinə köməklik göstərir”.
Hər bir şagirdin müxtəlif ailələrdən gəldiyini vurğulayan A.Həsrət bildirib ki, ilk növbədə valideyn övladına texnologiyadan düzgün istifadə etmə mədəniyyəti aşılamalıdır:
"Biz texnoloji alətlərdən qorxmalı deyilik. Texnoloji vasitələrdən istifadəyə qadağalar qoyulması yanlışdır. Əksinə, düzgün istifadə etmə mədəniyyətini formalaşdırmaq üçün işlər görməliyik”.
Şagirdlərin telefondan istifadəsinin yalnız mənfi yox, müsbət təsirinin də olduğunu deyən psixoloq Azad İsazadə dərs zamanı telefondan istifadə edərkən şagirdlərin fikirlərinin yayındığını da vurğuladı:
"Birmənalı şəkildə hesab edirəm ki, orta məktəblərdə interneti olan telefonlardan istifadə etmək düzgün deyil. Çünki uşaqlar öz üzərlərində işləmirlər və istənilən məlumata tez-bazar baxırlar, kimlərləsə yazışırlar. Bu baxımdan Fransada kolleclərdə mobil telefonlardan istifadə qadağan edilib. Ümumiyyətlə, şagirdə telefon yalnız bir məqsəd üçün lazım olmalıdır. Şagird məktəbə çatanda və dərsdən çıxanda zəng edib valideyninə məlumat verə bilər. Halbuki vaxtilə biz telefonsuz evə də getmişik, məktəbi də bitirmişik. Deməli, telefonun təhsilə mənfi təsiri birmənalıdır.
İndiki məktəblilərin əksəriyyəti vurma cədvəlini tam bilmir. Məsələ o dərəcəyə çatır ki, daha riyaziyyat müəllimləri uşaqların elektron hesablayıcılardan istifadəsinə göz yumurlar. Texniki baxımdan bəzən məktəblilərin telefondan istifadəsi pis deyil. Texnika inkişaf edib və hər birimizin cibində telefon var. Amma vurma cədvəlini əzbər olaraq bilmək bizə ümumi inkişaf üçün lazımdır”.
A.İsazadənin sözlərinə görə, psixoloji olaraq telefon mütləq deyil ki, şagirdə mənfi təsir etsin:
"Sözsüz ki, yalnız məktəblərdə deyil, evdə valideynlər də uşağın telefondan nə üçün istifadə etdiyinə nəzarət etməlidir”.
Yeganə Bayramova