"Fransa Türkiyə və Rusiya ilə nəyi müzakirə etmək istəyir ? - İZAH





"Türkiyə, Rusiya, Almaniya və Fransa liderləri arasındakı görüşdə Qərbin Ankaraya qarşı münasibəti müzakirə olunmayacaq. Rəsmi Ankara bunu istəməz”.

Bu sözləri "Sherg.az”a sözügedən dörd ölkə arasında keçirilən görüş haqqında proqnozlarını səsləndirərkən politoloq İlqar Vəlizadə deyib.

O bildirib ki, Fransanın Suriya məsələsinin müzakirəsinə həvəslə qoşulmasının səbəbi rəsmi Parisin vaxtilə həmin bölgələrə nəzarət etməsidir:

"Fransanın mövqeyi Suriyada zəifləmiş olsa da, Livanda kifayət qədər güclüdür. Fransa son hərbi əməliyyatlarda Böyük Britaniya ilə birlikdə iştirak etmişdi. Parisin bu bölgələrdə maraqları olduğuna görə, Türkiyə və Rusiya ilə sözügedən məsələ istiqamətində müzakirələr aparmaq istəyir. 

Fransa yeganə Qərb ölkəsidir ki, Türkiyə ilə bu formada danışıqlarda iştirak edir. Bütün iştirakçılar isə bunu qəbul edir, Fransanı dəstəkləyir. Suriya məsələsinin müzakirəsində Fransanın arxasında Avropa İttifaqı dayanır. Dörd tərəfli danışıqlara Avropa İttifaqı da qatıla bilər”.

Qeyd edək ki, Türkiyə, Rusiya, Almaniya və Fransa liderləri arasında görüş sentyabrın 7-də İstanbulda keçiriləcək. Görüş zamanı tərəflər Suriyadakı vəziyyəti müzakirə etmək niyyətindədirlər.
Liderlər həmçinin Türkiyə-Rusiya-İran üçtərəfli sammitin gündəliyini müzakirə edəcəklər.

Aysel Aslan