“Freedom House”nin qərəzi...

Çingiz Qənizadə: “Artıq “Freedom House”nin həyasızlığı o həddə çatıb ki, Dağlıq Qarabağı “müstəqil qurum” kimi qeyd edir”Musa Quliyev: “Onların bu cür qiymətləndirmələrinə və yaxud mövqelərinə əhəmiyyət vermək lazım deyil”
Bir sıra ölkələrdə qarşıdurmaların, kütləvi aksiyaların geniş vüsət aldığı zamanda Azərbaycandakı əmin-amanlıq, iqtidar-xalq birliyinin davamlı olması ölkəmizə qarşı qərəzli olan bir sıra beynəlxalq təşkilatlarda ciddi narahatlıq yaradıb. Zaman-zaman "Freedom House”, "Amnesty İnternational”, "Human Rights Watch” və "Sərhədsiz Reportyorlar” kimi qərəzli təşkilatların hesabatlarında Azərbaycana qarşı böhtan və sifariş xarakterli bəyanatların verildiyinin dəfələrlə şahidi olmuşuq. Qərbin və Avropanın bəzi aparıcı dövlətlərinin yürütdüyü çirkin siyasətin əsas xüsusiyyətlərindən biri də "demokratiya çağırışları”nı öz dilindən yox, başqalarının dilindən səsləndirməkdir.
Onlar bu fəaliyyətlərini oyuncaq təşkilatlar vasitəsilə həyata keçirirlər. "Freedom House” təşkilatı da qərəzli sifarişləri yerinə yetirməkdə Qərbin və Avropanın aparıcı dövlətlərinin əlində bir alətə çevrildiyini dəfələrlə təsdiqləyib. Təşkilatın bu günlərdə 195 ölkədə təməl azadlıqların durumu ilə bağlı hazırladığı "2016-cı ildə dünyada azadlıqlar” adlı hesabatı da onun riyakarlığını, kimlərinsə sifarişlərini yerinə yetirdiyini təsdiqləyir. Bu təşkilatın nümayəndələrinə dəfələrlə Azərbaycana gəlməsi, onları maraqlandıran məsələlərlə yerində tanış
olmaları barədə təkliflər edilsə də, bundan boyun qaçırıb və ölkəmizə gəlməməkdə israrlı olublar. Gəlmədən, görmədən, "problemlərlə” yerində tanış olmadan okeanın o tayında oturub bu biri tayında baş verən hadisələrlə bağlı yalanla, böhtanla dolu hesabat hazırlamaq, görəsən, hansı demokratiyanın təzahürüdür? Əslində, "Freedom House” təşkilatının ermənipərəst mövqeyi və anti-Azərbaycan dairələrin sifarişini yerinə yetirdiyi hər kəsə bəllidir. Bu təşkilatın islamofobiya xəstəliyinə tutulması və insan hüquqları məsələsini əsassız şəkildə bəhanə edərək müsəlman ölkələrinə qarşı kampaniya aparmaq missiyası artıq beynəlxaq ictimaiyyətə də məlumdur. Xüsusən "Freedom House”un Dağlıq Qarabağı Azərbaycandan ayıraraq "qismən azad ərazi” kimi qələmə verməsi bu təşkilatın ölkəmizə qarşı düşmənçilik münasibətinin və ermənipərəst mövqeyinin bariz nümunəsidir. Halbuki, dünyanın bütün dövlətləri və mötəbər təşkilatları Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib. Hətta, Ermənistanın Dağlıq Qarabağı müstəqil respublika kimi tanımadığı bir halda, özünü insan hüquqlarının "keşikçisi” kimi qələmə verən "Freedom House” beynəlxalq hüquqa hörmətsizlik edərək təzyiq siyasəti yürütdüyünü aydın şəkildə ortaya qoyub.
Qurumun qərəzli mövqeyini şərh edən millət vəkili Çingiz Qənizadə deyib ki, "Freedom House” adlı təşkilatın Azərbaycan haqqında qərəzli hesabatı bəzi qüvvələr və qeyri-hökumət təşkilatlarının məlumatlarına istinad edir: "Onlar daima qərəzli olaraq ölkəmiz haqda mənfi rəylər irəli sürürlər. "Freedom House”nin rəhbərliyində ermənilər və erməni lobbisi ilə sıx əlaqəli olan insanlar çalışır. Onlar təbii ki, heç cür obyektiv qərar qəbul edə, hesabat yaya bilməzlər. Artıq "Freedom House”nin həyasızlığı o həddə çatıb ki, Dağlıq Qarabağı "müstəqil qurum” kimi qeyd edir. Bizi sevən, sevməyən heç bir ölkə Dağlıq Qarabağı hüquqi cəhətdən dövlət kimi tanımadığı halda, "Freedom House”nin oranı ayrıca qiymətləndirməsi, məhz bu qurumun iç üzünün açılmasıdır. Bunların hamısı ermənilərin indiyədək apardıqları çirkin kampaniyanın tərkib hissəsidir. "Freedom House”un Dağlıq Qarabağı ayrıca qiymətləndirməsi bütün dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara onların məram və məqsədinin nə olduğunu ortaya qoydu”.
Deputat bildirib ki, bu qurumun Azərbaycan haqqında qərəzli hesabatından bəzi qüvvələr istifadə etməyə çalışacaq: "Qərəzli hesabatı müxalifət, digər təşkilatlar bayraq edəcək, onların rəyinə müsbət don geyindirməyə çalışacaqlar. Azərbaycan xalqının böyük əksəriyyəti ölkədə reallığın nə olduğunu yaxşı bilir. Azərbaycanda demokratiya, insan haqları, azad mətbuat inkişaf edib. Qanuna hörmət edən hər bir şəxs ölkəmizdə yaşayıb, yaradıb, təhsil alıb, işləyə bilir. Azərbaycan demokratik, hüquqi dövlət olmaqla, demokratiya uğrunda apardığı işləri davam etdirir. Bu cür ermənipərəst təşkilatların açıqlamaları onların iç üzünü, daxili maraq və məramlarını ortaya qoyur”. Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Musa Quliyev deyib ki, əgər "Freedom House” Azərbaycanı azad ölkələr siyahısına daxil etsəydi, biz buna təəccüblənərdik. Hətta həmin qurumdan şübhələnərdik ki, görəsən ona nə olub ki, bu cür qərar qəbul edib: "Freedom House” həmişə Azərbaycana qarşı qeyri-obyektiv, qərəzli və düşmən münasibəti bəsləyən bir təşkilat olub. Bu qurumun Azərbaycan haqqındakı fikrinin ölkə xalqına, Azərbaycanın beynəlxalq mövqeyinə heç bir aidiyyəti, təsiri yoxdur. "Freedom House” kimi bir sıra təşkilatlar var ki, onlar zaman-zaman Azərbaycana qarşı öz qərəzli mövqelərini ortaya qoyurlar. Onların bu cür qiymətləndirmələrinə və yaxud mövqelərinə əhəmiyyət vermək lazım deyil”.
İsmayıl