“Fuad Abbasov haqqında birmənalı fikir yoxdur”

“Türkiyənin Rusiya təyyarəsini vurmasına görə, o, Türkiyə adından üzr istəmişdi”



Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli Türkiyənin "İhlas” xəbər agentliyində çalışan həmyerlimiz Fuad Abbasovun Azərbaycanı müdafiə etdiyinə görə işdən çıxarılması məsələsinə münasibət bildirib.
Təşkilat sədri "Şərq”ə söyləyib ki, F.Abbasov haqqında fikir birmənalı deyil. Onun sözlərinə görə, həmkarımızın çıxışlarında təzadlı məqamlar da olub: "Türkiyənin Rusiya təyyarəsini vurmasına görə, o, Türkiyə adından üzr istəmişdi. Halbuki, Türkiyə dövləti və cəmiyyəti heç bir üzrxahlıq etməmişdi. Məhz həmin məsələyə görə, onunla bağlı rəylər birmənalı deyil. Açığı, hərəkətlərində bir az təzad var. Bununla yanaşı, F.Abbasov hər zaman Rusiyada Azərbaycanın və Türkiyənin mövqelərini işıqlandırmağa çalışır. Burada bir məsələ də var. Hər hansı bir şəxs işdən azad olunursa, onun səbəbləri dəqiqliklə izah olunmalıdır. Aydınlaşmalıdır ki, o, niyə işdən çıxarılıb. F.Abbasovun açıqlamasından belə çıxır ki, işdən kənarlaşdırılmasına dair agentliyin cavabı qaneedici olmayıb. Ona konkret səbəblər göstərilməyib. Adam işdən çıxarılmasının səbəbini bu gün də bilmir. Ziddiyyət də bundan qaynaqlanır. Doğrudan da ortada təzyiq versiyası varsa, bu çox pis əlamətdir. Bir şəxsin vətənpərvərlik hisslərinə görə təzyiqlə üzləşməsi çox pis haldır. Bu cür tendensiyanın yayılmasına imkan vermək olmaz. Jurnalist təşkilatı olaraq tövsiyəmiz bundan ibarətdir”.

Ayyət Əhməd