“Azərbaycan-Gürcüstan münasibətlərini gərginləşdirmək istəyənlər mövcuddur”
Ötən günlərdə Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Tiflisdə baş tutan "Dinamo” - "Qəbələ” oyununda insident yaşanıb. Məlumata görə, yerli fanatlar Bakıdan yarışı izləmək üçün Tiflisə gedən "Qəbələ” azarkeşlərinə hücum ediblər.
"Sector 11” fan klubunun rəhbəri Atanur Cəfərli də faktı təsdiqləyib. Onun sözlərinə görə, stadiona giriş zamanı gürcü fanatlar onlara hücum edib: "Stadionun qarşısında bizə hücum etdilər. 4 nəfər idik, onlar isə çox idi. Nə baş verdiyini anlamadıq. Qarşıdurma baş verdi. Xoşbəxtlikdən ciddi xəsarət alan olmadı”. Məlumatda o da qeyd olunub ki, qarşıdurma zamanı Azərbaycan dövlət bayrağı, türkçülüyün, milli futbol klublarımız "Neftçi” və "Qəbələ”nin atributları ayaqlanaraq təhqir olunub. Məsələyə münasibət bildirən Gürcüstan xarici işlər naziri Maya Pandjikidze söyləyib ki, bu toqquşma iki ölkə arasındakı dostluq əlaqələrini korlamağa çalışan təxribatçılar tərəfindən təşkil edilib. Şübhəsiz ki, məlum olay Azərbaycan ictimaiyyətində başlıca müzakirə mövzusuna çevrilib. Gürcülərin üçrəngli şanlı bayrağımızı ayaqları altına sərməsi ölkəmizdə ciddi etirazla qarşılanıb.
İnsidentlə bağlı "Şərq”lə fikirlərini bölüşən "Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli isə xalqımızı bu hadisəyə dözümlü yanaşmağa çağırıb: "Dinamo” oturuşmuş klubdur. Sovetlər birliyində öndə gedən komandalardan idi. Onun azarkeşləri də törətdiklərinin məsuliyyətini dərk edirlər. Amma son zamanlar Tiflis-Bakı münasibətlərində gərginlik yaratmaq istəyənlər var. Bu cür meyillər müşahidə olunmaqdadır. Ötən il də belə oxşar hadisə yaşanmışdı. Azərbaycanın ərazi bütövlüyünü şübhə altına salan plakatlar asılmışdı. İndiki hadisə zamanı da müəyyən xoşagəlməz hallar qeydə alınıb. Bu, fanatların işi deyil. Azərbaycan xalqına və Cənubi Qafqazın birliyinə düşmən olan şəxslərin işidir. Bayrağımızı tapdalayan o şəxs şərəfsizdir. O, nəinki bizim, gürcülərin də düşmənidir. Düşmən dəyirmanına su tökəndir. Siyasi dələduzdur”.
Ayın 9-da da revanş oyunun Bakıda baş tutacağını söyləyən müsahibimiz vurğulayıb ki, "Qəbələ”nin azarkeşlərindən destruktiv düşüncə gözləmir: "Hər halda onlara cavab vermək istəyənlər olacaq. Amma ehtiyac yoxdur. Çünki Cənubi Qafqaz çox kövrək bir dönəmini yaşayır. Azərbaycan-Gürcüstan münasibətlərini gərginləşdirmək istəyənlər mövcuddur. Gürcüstanın mövcud siyasi hakimiyyəti müəyyən xətalar buraxır. Bu xətalara dözümlü yanaşıb, Qafqazı təhdid edən qüvvələrin təxribatına imkan verməli deyilik”.
Ayyət Əhməd