Gah bərkdən gülürlər, gah kədərlənirlər...

Kənardan müşahidə olunur ki, bu qız başqa aləmdədirHər gün yolda, küçədə, parkda, ictimai nəqliyyatda mesajlaşan gənc xanımlar əsəb yaradırlar
Son zamanlar cəmiyyətimizə ayaq açmış ən böyük problemlərdən biri də gənclərimizdə mobil telefon aludəçiliyinin güclənməsidir. Doğrudur, həyatımızı onsuz təsəvvür edə bilmədiyimiz bu cihazlar insanlarla ünsiyyətdə işə yarayır. Yəni yaxınlarımız və doğmalarımızla mütəmadi, operativ əlaqə saxlamağımıza imkan yaradır. Buna rəğmən mobil telefondan təyinatı üzrə istifadə etməməyin sağlamlığımıza və həyatımıza zərəri daha çoxdur.
Bu asılılığın ən böyük təhlükəsi gənclərin, məxsusi olaraq gənc xanımların yol gedərkən və ya yol keçərkən, telefonla oynamasında özünü büruzə verir. Ölkəmizdə hər il onlarla gənc telefona başı qarışdığından ağır yol nəqliyyat hadisələrinə səbəb olurlar və sonda həyatlarını itirirlər. Təəssüf doğuran məqam odur ki, mobil telefonları istehsal edən ölkə vətəndaşları çoxfunksiyalı telefonlardan və ondan davamlı istifadədən qaçır. Daha çox sadə telefonlara üstünlük verirlər. Ona görə ki, bu cihazlardan yalnız təyinatı üzrə yararlanırlar. Belə olan halda maraqlıdır, görəsən, Azərbaycan insanının mobil telefon aludəçiliyi nədən qaynaqlanır? Bunun qarşısını necə almaq olar?
Sualımızı cavablandıran sosioloq Əhməd Qəşəmoğlu "Şərq”ə bildirib ki, gənc xanımların telefon aludəçisinə çevrilməsi onu da əsəbiləşdirir: "Hər gün yolda, küçədə, parkda, ictimai nəqliyyatda mesajlaşan gənc xanımlara fikir verirəm. Gah bərkdən gülür, gah da kədərlənirlər. Kənardan müşahidə olunur ki, başqa bir aləmdədir. Əslində, bu hal qız uşağı üçün arzuolunan mənzərə deyil. Bu cür xanımlarımızın telefonda qulaqcıqla mahnıya qulaq asması isə daha dəhşətlidir. Çünki onların musiqi zövqü korlanır. Bu, birinci hal. İkincisi odur ki, normalda adam musiqiyə rahat bir yerdə qulaq asır ki, əsəbləri sakitləşsin. Lakin ictimai nəqliyyatda musiqiyə qulaq asmaq onlara həm də fiziki əzab verir. Təsəvvür edin, gərgin vəziyyətdə fikrin gah yolda qalır, gah kənardakı səs-küydə. Bu da psixatral silah kimi beynə mənfi təsir göstərir. Bu da ən qorxulu silahdır. Qulaqcıqlar beyində psixatral silah effekti yaradır. İndiki məqamda gənclərimizin əksəriyyəti özünü psixatral silaha məruz qoyur. Bu onların əsəblərində, psixikasında ciddi pozuntuya yol açır. Üçüncüsü, bu mənzərə qəza hallarına gətirib çıxarır. Dördüncüsü, o mesajlaşmaların çoxu insan mənəviyyatına mənfi təsir göstərir. Ona görə də, həmişə deyirəm ki, mobil telefonlar və sosial şəbəkələr ilan zəhəri kimi bir şeydi. Ondan düzgün istifadə etdikdə çox gözəl dərman olur. Adamı sağaldır. Aşırı istifadə etdikdə isə öldürür. Telefonlardan təyinatına görə istifadə etsək, çox yaxşıdı. Təyinatına görə istifadə etməyəndə ciddi fəsadlara səbəb olur. Deyim ki, bu, ilk baxışdan çox sadə görünür, lakin elə deyil. Bunun arxasında dəhşətli faktlar dayanıb”.
Ekspertin qənaətincə, telefonun funksiyası artdıqca, təhlükələr də çoxalır: "Bəzən funksiyanın çoxluğu səbəbindən telefon partlayır. Bu da ölümlə nəticələnə bilir”.
Dövlət İdarəçilik Akademiyasının 2-ci kurs tələbəsi Zeynal Laləbaşov qeyd edib ki, radiasiya mənbəyi olan mobil telefon böyük fəsadlara yol aça bilir: "Normal yaşamaq, həyatdan zövq ala bilmək üçün bu tip cihazlardan maksimum az istifadə etməliyik. Onları həyatımızın bir parçasına çevirməməliyik. Bu fikirlər ilk baxışda şişirdilmiş görünsə də, qısa araşdırmalar nəticəsində mobil cihazlardan çox istifadənin gündəlik yaşam enerjimizin düşməsinə, həyatda gərəkli şeylərə yetəri qədər diqqəti ayırmamağımıza və aktiv həyatdan uzaqlaşaraq vücud balansımızın pozulmasına səbəb olduğunu görərik. Bütün bunların səbəbilə də bir az öncə vurğuladığımız kimi, sağlıq və sinir balansının pozulması həyatdan zövq ala bilmə potensialımızı xeyli zəiflətməkdədir”.
Onun sözlərinə görə, mobil telefon aludəçiliyi gün ərzində saatlarla oyun oynamaq, vatsap və ya feysbukda saatlarla onlayn olmaqdırsa, bu məsələdə insanların özü günahkardır: "Əslində müasir texnologiyaları təqsirləndirmək doğru deyil. Çünki onların bizə verdiyi möhtəşəm imkanları unutmalı deyilik. Düşünün, sizdən yüzlərlə kilometr uzaqlıqda olan dostunuza məktub yollamaq üçün artıq nə göyərçin təlimləndirməyə, nə də bizi günlərlə gözlədən poçtlara ehtiyacımız var. Hər şey bir düymənin hökmündədir. Eyni zamanda mobil cihazda hər hansı oyun oynamaq və ya ondan əyləncə məqsədli istifadə etməyi qeyd edək. Lazımi səviyyədə istifadə olunarsa, bu imkanlar da həyatımızda lazımi yerdə durar. Hətta "ağını çıxartmasaq”, bizi əyləndirə, həyatımıza müəyyən rəng də qata bilərlər. Hə, deyirsinizsə biz insan övladıyıq, hər şeyin ağını çıxartmaq adətimizdir. O zaman bağışlayın, sırf sizin bu xüsusiyyətinizə görə digər insanların əlindən bu cihazları almaq mümkün olmayacaq. Siz öz iradənizi möhkəmləndirib həyatınızda hər şeyin qədərini bilmək məcburiyyətində olacaqsınız”.
Z.Laləbaşov söyləyib ki, bəzi gənclər mobil telefonu sanki ovcunun içinə yapışdırıb: "Artıq gənclər canı sıxılan kimi, boş vaxt tapan kimi telefonu əlinə alır və qurdalanmağa başlayır. Gecə gec yatmağımızın səbəbi də bir çox hallarda mobil telefonlar olur. Yatmazdan əvvəl bağlamalı olduğumuz bir kitabın üz qabığı olmalı olduğu halda, biz telefonumuzu söndürür, onu başımızın üstünə qoyub yatırıq. Nəticədə səhərə qədər bizə çox yaxından təsir edən şüalanmanın təhdidi altında yuxulayırıq. Bu da öz təsirini yuxu keyfiyyətimizdə göstərir. Qeyd etdiyim kimi, bu cihazlardan istifadə daim nəzarətimiz altında olmalıdır. Gərəkli imkanlarından istifadə edərək onları özümüzdən maksimum uzaq tutmalıyıq. Bəli, biz telefondan istifadə etməyi bacarmırıq. Çünki ona vacib ehtiyaclarımızı qarşılayan bir alət kimi deyil, daha çox boş vaxtımızı keçirəcəyimiz oyuncağımız kimi yanaşırıq. Əlbəttə, hər birimiz sözügedən cihazlardan istifadəni bir çərçivə daxilində saxlamalı, onu yalnız təyinatı üzrə və qədərincə istifadə etməliyik”.
Nihat Kərimli,
Ayyət Əhməd