Paytaxtda çəkilən bu görüntülər insanları təlaşa salıbPsixoloq Fərqanə Mehmanqızı: “Həmin gənc özünə inamı olmayan, içinəqapalı və bununla özünü ifadə etməyə çalışan biridir”
Xarici ölkələrdə təhlükəli ərazilərə, yüksəkliklərə çıxıb, selfie çəkdirən gənclərin sosial şəbəkələrdə "əl işləri”ni tez-tez yaydıqlarını görürük. İndi Azərbaycanda da belə təhlükəli yerlərdə şəkillər çəkərək müzakirə obyektinə çevrilən gənclərin sayı artıb. Son olaraq isə gənclərin belə hərəkət etməsindən narahat olan Bakı sakinləri doqquz mərtəbəli binanın son mərtəbəsindən sallanaraq selfie çəkdirənlərin video və şəkillərini xəbər saytlarına verib, gəncləri ictimai qınaq vasitəsilə belə təhlükəli əməllərdən çəkinməyə çağırıblar.
Gənclərin belə riskli hərəkətlər etməsinin səbəblərini "Şərq”ə açıqlayan psixoloq Fərqanə Mehmanqızı təhlükəli selfie hobisinin artıq yeni yaranan bir xəstəlik halına gəldiyini deyib.
Onun sözlərinə görə müasir dövrün aktual problemi olan "selfie xəstəliyi” daha çox özgüvəni olmayan, hansısa adrenalin vasitələrilə özünü göstərməyə çalışan gənclərin bəlasına çevrilib:
"Biz bunu daha dərindən, müşahidələrlə araşdırdıqda görürük ki, sosial şəbəklərdə belə təhlükəli şəkilləri paylaşanlar daha çox özünü diqqət mərkəzinə çəkmək istəyən gənclərdir. Ətrafındakı insanlarda özləri haqqında istədikləri fikri formalaşdıra bilməyənlər, həyatında müəyyən məsələləri ürəyincə olmayan insanlar bu addımı atmaqla ətrafdakıların diqqətini özlərinə çəkərək nəyə isə nail olduqlarını düşünürlər. Baxın, biz həmin o şəkili gördükdə birmənalı olaraq başa düşürük ki, bunu etmək onun həyatı bahasına başa gələ bilər. Kənardan bu risqə gedən insanın psixologiyası barədə bizdə fikir formalaşır: həmin gənc özünə inamı olmayan, içinəqapalı və bununla özünü ifadə etməyə çalışan biridir. Lakin həmin vəziyyətdə selfieni çəkdirən gənclər artıq onu düşünmür. Həmin anda onlarda sadəcə bir hiss olur ki, "bunu mən bacardım”, "heç kim edə bilməz, amma mən etdim”, "mən sizdən fərqliyəm”. Artıq onlar öz həmyaşıdları və ətrafındakılar arasında, hətta mediada tənqidlə müzakirə olunduqda belə fərqlilik qazandıqlarını düşünürlər. "Eqo”su ciddi dərəcədə zəif olan belə insanlar kiminsə "bunu necə etmisən?” deməyi ilə özlərini təsdiq etdiklərini hesab edirlər”.
İnsanların artıq qloballaşan belə psixoloji əlamətlərin qarşısını alamağa çalışmaqdansa, bilmədən də olsa problemə təkan verdiyini deyən psixoloq buna səbəb kimi valideynlərin uşaqları telefon, planşet kimi vasitələrə yönləndirməsini qeyd edib: "Telefonlarımız, planşetlərimiz həyatımız ayrılmaz hissəsinə çevrilib. Əvvəl açarlarımızı götürüb evdən çıxırdıqsa, indi açar qalsa da olar, əsas odur telefon qalmasın. Bu isə övladlarımız üçün kifayət qədər mənfi olan bir nümunədir. Bizim əlimizdən düşə bilməyən telefon övladlarımızda da maraq yaradır. Biz də onları ən yaxşı sakitləşdirici kimi onlara veririk. Lakin bu sonradan sağlamlığa ciddi ziyan verməklə bərabər, həm də selfie və ya oyun aludəçiliyi kimi hallara gətirib çıxarır. İndi çox rastlaşırıq ki, azyaşlı uşaqlar telefonla daim məşğul olur, şəkil çəkir, hətta internetdən, sosial şəbəkələrdən də istifadə edirlər. Bu çox diqqət edilməli problemdir. Biz övladlarımıza bunu öz əlimizlə veririk. Əgər bu halın artıq təhlükəli olduğu ciddi şəkildə xəbərdarlıq edilirsə, deməli, ardı gələ bilər. Ona görə həm valideynlərə həm də uşaqlara məktəblərdə, ictimai yerlərdə maarifləndirici məlumatlar verməklə belə mənfi halların yayılmasının qarşısını almaq lazımdır”.
Aysel Aslan