Gənclər sahilə qərənfil düzdülər

Bu hadisə təqdirəlayiq hal kimi qiymətləndirilib
"Günəşli” neft yatağında baş vermiş faciənin anılması məqsədilə sosial aksiya keçirən Bakı sakinləri itkin düşən və həlak olan neftçilərin xatirəsinə hörmət əlaməti olaraq, Dənizkənarı Bulvarda sahilə qərənfillər düzüblər.
Anım tədbirlərinin həyata keçirilməsinin vacibliyi haqda "Şərq”ə danışan Azərbaycan Avropa Hərəkatının prezidenti, gənc fəal Ramin Hacılı sakinlərin təşəbbüsünü təqdir edib və gənc fəal kimi özünün də bu anım aksiyasında mütləq iştirak edəcəyini bildirib: "Dünyanın hər bir yerində baş verən faciələr ətrafında daha sıx birləşməyə zərurət yaranır. Biz həmrəyliyi, faciə ətrafında birləşməyi bacaran xalqıq. Bu kimi faciəvi hadisələrdə azərbaycanlıların birlik olub, öz dərdlərini bölməsi çox təqdirəlayiq haldır. Bu anım tədbirlərinin çoxaldılması üçün şərait yaradılmalıdır”.
Bir çox dövlətlərdə insanların başqa xalqların nümayəndələrini də öz faciələri ətrafında birləşməyə cəlb etdiklərini vurğulayan R.Hacılı: "Əslində bu bir növ mesaj xarakteri də daşıyır ki, bununla insanlar digər millətlərə hər yerdə belə bir faciə yaşana biləcəyini, ona görə bu müsibətlərə qarşı birləşməyin və belə analoji problemlərdən sığortalanmaq üçün səy göstərilməsinin vacibliyini çatdırmış olur. Bu kimi hadisələrdən nəticə çıxararaq, gələcəkdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsini, insan həyatına daha artıq dəyər verilməsini təmin etmək lazımdır” - deyib.
Gənc fəal cəmiyyətin əsas hərəkətverici qüvvəsi kimi gənclərin baş vermiş faciəvi hadisələrə daha duyarlı olmağını, anım mərasimlərinin ictimailəşdirilməsində fəallıq nümayiş etdirməyini müsbət dəyərləndirib: "Asayişin pozulması və digər mənfi hallara gətirib çıxarma təhlükəsi törətməməsi üçün ölkəmizdə kütləvi toplanışların, nümayişlərin həyata keçirilməsi arzuolunan hesab olunmur. Bu səbəbdən, Azərbaycanda insanlar, xüsusən də gənclər özünü ifadə etməyin əsas vasitəsi kimi sosial şəbəkələri seçir. Gəncliyimiz bütün sosial şəbəkələrdə baş verən faciələrin anılması üçün müəyyən tədbirlər görür ki, bu da həmrəyliyin ölkənin bütün ərazisində, o cümlədən xaricdə yayılmasına şərait yaradır”.
Aysel Aslan