Ortada intihar varsa, bunun bir səbəbi olmamış deyil“Valideynlər mütləq övladları ilə söhbət etməlidir. Onların nə istədiyi, düşüncələri, həyat məqsədlərinin nə olduğu barədə sorğu aparmalıdır”
Azərbaycanda intihar hadisələrinin sayı artan sürətlə davam edir. Demək olar ki, hər gün bir neçə intihar hadisəsi baş verir. İntihar edənlərin əksəriyyətini isə gənclər və yeniyetmələr təşkil edir. Halbuki dinə görə, intihar etmək haram sayılır, çünki insanın özünü öldürməyə haqqı yoxdur. Elə Xalq şairi Vaqif Səmədoğlu da "Generalın son əmri” pyesində: "İntihar, Allahın sözünü yarıda kəsməkdir”- deyib.

Bəs, gənclərimiz bunu bilə-bilə niyə Allahın verdiyi ömür payını sona qədər yaşamaq əvəzinə intihar "yarış”ına qatılıb, özlərini günaha batırırlar? Əslində, sağalmaz xəstəlikdən əziyyət çəkən insanların intihara əl atması başadüşüləndir. Amma rastlaşdığı ilk uğursuzluqda intihar edən gəncləri anlamaq olmur. Əvvəllər gənc yaşda olan birinin həyatına qəsd etməsi adama dəhşətli yuxu kimi görünürdü. Aylarla, hətta illərlə həmin hadisə dillərdə dastan olurdu. Amma indi vəziyyət dəyişib. İntihar az qala "dəb” halını alıb. Qeyd edək ki, Yeni Yasamal 2, bina 5 ünvanında intihar edən 23 yaşlı Nigar Vahabova da bu yarışın "qalib”lərindəndir. Yaşadığı mənzildə özünü asaraq öldürən Nigarı intihara vadar edən səbəb isə müəmmalıdır. Müxtəlif mətbuat orqanlarında onun ölümü ilə bağlı ilginc versiyalar irəli sürülsə də, onların heç biri öz təsdiqini tapmayıb. Hətta Nigar Vahabovanın bacısı, İctimai Televiziyada redaktor işləyən Aytac Vahabova bacısının ölümü ilə bağlı yayılan məlumatların hamısının səhv olduğunu deyib: "Bacım sadəcə getmək istədi, getdi, səbəbsiz. Heç nə demədi. Bütün günü əlaqəmiz olub, mənə yazırdı, gülürdük, danışırdıq. Hər şey yaxşı idi, bir anın içində oldu.
Deyirlər guya maddi problemi olub. Onun necə maddi problemi ola bilər? Özünə maşın almaq üçün behini vermişdi, 3 gün əvvəl universitetin təhsil haqqını ödəmişdi, qiyabi oxuyurdu. Bizim ailəmiz elə ailədir ki, heç vaxt söz-söhbət olmur. Hamımız digərimiz üçün canımızı verməyə hazırıq. Sadəcə onun da alın yazısı bu qədər imiş”.
A.Vahabovanın "Həyatında heç kim yox idi, yəni sevgilisi, danışdığı. Sadəcə karyera qurmağı düşünürdü” deməsi isə mərhumun evli biri ilə 3 illik münasibətdə olması və sonradan ayrılmaq istəyərkən sevgilisi tərəfindən təzyiqlərə məruz qalmasına dair yayılan xəbərləri də təkzib edir.
Məsələ ilə bağlı "Şərq”ə danışan İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, kriminalist İlqar Altay intiharın səbəblərinin müxtəlif olduğunu deyib: "Bəzən insanların, xüsusən də gənclərin özünə qəsdinin arxasında intihara məcburetmə faktorları dayanır. Ya da adam normal vəziyyətdən çıxıb psixi xəstəliyə düçar olub. Ölümü yaşamaqdan yaxşı bilir. Ya da emosianal psixi gərginlik keçirir və həyat onunçün mənasını itirib. Belə adamlar özünü ona görə öldürmür ki, o, ölümü daha yaxşı sayır, ona görə ki, bu həyatdan canını qurtarmaq istəyir. Bəzən də insan elə bir psixologiyada olar ki, səbəbsiz yerə intihar edir. Normal həyatı ola-ola təsəvvüründə gərgin mühit yaradır və həmin mühitin təsiri ilə özünə qəsd edir. Hansı ki, ortada real bir problem yoxdur. İntihar edən insan həyatına son verməklə hər şeyin bitdiyini zənn edir. Amma o anlamır ki, bu, çıxış yolu deyil və heç vaxt da olmayıb. Həyatı tərk etməklə problemləri həll etmək olmur. Bəs geriyə qalanlar?”
Konkret bu qızın intihar səbəblərinə gəldikdə isə kriminalist deyib ki, bunu ancaq istintaq müəyyənləşdirə bilər: "Çox güman ki, artıq Nigar Vahabovanın ölüm faktı üzrə cinayət işi açılıb. Mütəxəssislər, ekspert- psixoloqlar da bu istintaqa cəlb edilməli və konkret intihar səbəbləri aydınlaşdırılmalıdır. Hesab edirəm ki, istintaqın nəticəsi ictimaiyyətə açıqlanmalıdır. Çünki bu cür hadisələrin səbəblərinin aşkara çıxarılması sonrakı hadisələrin müəyyən mənada qarşısını ala bilir”.
Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmova görə, intihar bütün hallarda etiraz formalarından biridir. Eyni zamanda şəxsin axtarmış olduğu çıxış yoludur. Nə qədər neqativ də olsa, bu, bizim cəmiyyətimizdə baş verir: "Bizdə bir deyim var ki, "Ölünün dalınca danışmazlar”. Düşünürəm ki, həmin xanımın intiharı ilə bağlı irəli sürülən hansısa versiyalar, söyləntilər onun ailəsinin durumunu daha da ağırlaşdıra bilər. Yazdığı məktubda intiharının səbəbini qeyd etmədiyi üçün açıq suallar çoxdur. Sadəcə mən həmin məqamlara toxunmaq istəmirəm. Çünki bu cür məlumatlar onun ailəsinin acısını artırmaqdan başqa bir işə yaramaz. Ancaq onu deyə bilərəm ki, heç kəs oturduğu yerdə intihar eləmək fikrinə düşməz. Hansısa problemi, narahatlığı yoxdursa, 23 yaşında bir gənc niyə öz həyatından bezsin ki? Ortada bir intihar varsa, deməli, bunun üçün əsaslı səbəb də var və çox güman ki, istintaq müddətində həmin səbəblər ortaya çıxacaq. Ancaq bir mütəxəssis kimi onu qeyd etmək istərdim ki, bizim əsas problemimiz narahatlıqlara laqeyd yanaşmağımızdır”.
Psixoloqun sözlərinə görə, intiharla bağlı müəyyən risk qrupları var. Uzun zaman xəstəlikdən əziyyət çəkənlər, tənha qalanlar, psixoloji problemi olan, zərərli vərdişlərdən asılı olan insanlar da intihar riski qrupuna daxildirlər: "Bu gün bizi narahat edən məsələ Azərbaycanda intihar edənlərin cavan olmasıdır. Hansı ki, onların həyatı qabaqdadır və bir qisminin də heç bir xəstəliyi yoxdur. Bu gənclərin qərarlarına əsasən ailədaxili konfliktlər səbəb olur. Bu cür cavanlar intihar etmədən öncə müəyyən şəkildə bunu bildirirlər. Sadəcə ətrafdakı insanlar bu cavana biganə yanaşırlar. Nəzərə almaq lazımdır ki, bir insan intihara bir dəfə cəhd edibsə, həmin insan risk qrupuna daxildir. Düşünürəm ki, biz intihar xəbərləri ilə bağlı mövzulara çox həssas davranmalıyıq. Şərt o deyil ki, insan depressiyaya düşüb, özünə qapansın. O qədər insanlar var ki, vaxtı vaxtında dərsinə, işinə gedir, amma içində nə fırtınalar qopur və bundan heç kəsin xəbəri olmur. Sözümün canı odur ki, insanlar yaxınlarına, doğmalarına qarşı daha həssas olmalı, onlarla daimi ünsiyyətə can atmalıdır. Bir də insanlar özləri öz sağlamlıqlarının qeydinə qalmalıdır. Cüzi belə olsa, fiziki narahatlığı olan hər kəs dərhal həkimə müraciət etməlidir. Yox əgər onun problemi mənəvidirsə, doğmalarından dəstək almalıdır. Bunun da bir xeyri olmasa, mütəxəssisə müraciət etməlidir. Bizim insanlar isə hər zaman bunu arxa fona atır”.
E.Rüstəmov hesab edir ki, valideynlər mütləq övladları ilə söhbət etməlidir: "Onların nə istədiyi, düşüncələri, həyat məqsədlərinin nə olduğu barədə sorğu aparmalıdır. Bu gün ailələrdə ən çox yaşanan problem ünsiyyət defisitidir. Ailə üzvləri biri-biri ilə danışmır. Kişi bir tərəfdə internetdə oturur, qadın isə digər tərəfdə. Ancaq fikir versəniz, internetdə hər ikisi kimləsə danışır. Bu da sonda depressiyaya, münasibətlərin soyumasına, əsəbi davranışların, ailədaxili konfliktlərin yaranmasına gətirib çıxarır ki, bu da intihara aparır. Bizim cəmiyyətdə məcburi surətdə qurulan ailələr var. Hansı ki, bu məsələdə qızın və yaxud oğlanın istəyi nəzərə alınmır. Yeniyetmələrdə intiharların bir səbəbi də sevgi münasibətlərinə görədir. Bizim etnopsixlogiyamızda əxlaq, namus məsələləri ən həssas yerimizdir. Biz buna görə kimisə öldürə də bilərik. Bizə aşılayıblar ki, bu cür məsələlər heç bir hüquqi norma tanımır. Bunların üzərində müəyyən korrektələr aparılmalıdır. Biz inteqrasiyalı cəmiyyətdə yaşayırıq. Elə dəyərlər var ki, onun içərisində bir forma olmalıdır. Olmadığı təqdirdə xoşagəlməz proseslər baş verəcək”.
İntihar edən insanların heç də hamısının həyatla vidalaşmaq niyyəti olmadığını deyən psixoloq deyib ki, bir çox hallarda onlar bunu öz problemlərinə diqqət çəkmək üçün edirlər: "Ancaq proseslər hər zaman onların istəklərinə uyğun olmur. Bəzən geri dönüşü mümkün olmayan bir yola çıxırlar və onun iradəsindən asılı olmayaraq intihar halı gerçəkləşmiş olur. Bu isə çox acınacaqlıdır. İnsanlar intiharın çıxış yolu olmadığını bilməli və ölümdə çarə axtarmamalıdırlar. Unutmayaq ki, dərmansız dərd yoxdur. Yüz dərdin yüz bir dərmanı var”.
Şəymən