Generalın açıqlaması erməniləri məyus edib

KTMT heç bir halda Qarabağda müharibəyə cəlb oluna bilməz




KTMT-nin birləşmiş qərargahının rəisi, general-polkovnik Anatoli Sidorov deyib ki, onun rəhbərlik etdiyi qurum Qarabağdakı proseslərə qarışmayacaq. Generalın sözlərinə görə, əgər Qarabağda hərbi əməliyyatlar başlayarsa, hərbi blok erməni tərəfinə kömək göstərməyəcək. Səbəb isə qondarma DQR-in bloka üzv "ölkə” olmamasıdır:

"Blok kollektiv müdafiə barədə müqaviləni Ermənistanla bağlayıb. Deməli, ancaq İrəvan qarşısında konkret öhdəlikləri var. Ermənistan vətəndaşları əmin ola bilərlər ki, zərurət yaransa, KTMT onları darda qoymayacaq”. General vurğulayıb ki, təşkilat bloka üzv olan ölkələrin cəlb olunduğu hərbi münaqişəyə qarışmaq səlahiyyətində deyil: 

"Əvvəlcə kömək barədə müraciət olmalıdır. NATO üzv ölkələrdən müraciət gözləmədən onlara hərbi dəstək verir ki, bu da üzv ölkələrin suverenliyini pozur”. Təşkilat rəhbəri əlavə edib ki, Ermənistanla Azərbaycan arasında situasiya kifayət qədər gərgindir. Amma o dərəcədə gərgin deyil ki, iki ölkə biri-birinin "paytaxtını tutmağa” səy göstərsin: "Vaxtilə hər iki ölkə böyük sovet ailəsinin üzvü olub, sülh və qarşılıqlı hörmət şəraitində yaşayıb”. Əslində KTMT-nin Qarabağdakı savaşa müdaxilə edə bilməyəcəyi dəfələrlə vurğulanıb. Ancaq düşmən tərəf hər zaman bunun əksini isbat etməyə çalışıb. Hətta hər fürsətdə hərbi blokun gücünü Azərbaycana qarşı təhdid və təzyiq kimi dəyərləndirib. Sidorovun açıqlaması erməniləri məyus etsə də, düşmən ümidini üzməməkdə qərarlıdır.

Generalın sözlərini "Şərq”ə dəyərləndirən Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun rəhbəri Məhəmməd Əsədullazadə bildirib ki, Ermənistan rəhbərliyinin münaqişəyə KTMT-ni cəlb etmək barədə qeyri-ciddi bəyanatları Azərbaycanın artan hərbi gücündən qaynaqlanır: 

"Xatırlayırsızsa, 2014-cü ildə Ermənistanla sərhəd Qazax rayonunda baş verən hərbi toqquşmada KTMT düşmən ölkəni müdafiə etmədi. Bu reallığı görən ermənilər həyasızcasına hərbi blokun Qarabağ müharibəsinə müdaxilə edəcəyini iddia edirlər. Birincisi, bu, hüquqi cəhətdən mümkün deyil. Azərbaycan öz ərazilərində hərbi əməliyyat aparır. KTMT rəsmisi də açıq bəyanatla məsələyə nöqtə qoyur”.

Ekspert vurğulayıb ki, danışıqların İrəvan tərəfindən qəsdən uzadılması və Azərbaycanın müharibə xəbərdarlığı Ermənistanın KTMT məsələsini yenidən dövriyyəyə gətirməsinə səbəb olub: 

"Hərbi blok qəti şəkildə Ermənistan tərəfindən işğalçı müharibəyə cəlb oluna bilməz. Çünki qurum müdafiə təşkilatıdır. Rusiya generallarının bu açıqlamaları son dövrlərdə rəsmi İrəvanın Qərbə qarşı referenslarıdır. Hesab edirəm ki, Moskva Ermənistana ikibaşlı siyasət apardığına görə mesaj verir. Həmçinin, bir daha İrəvana xatırladır ki, KTMT-ni Qarabağ münaqişəsindən uzaq tutun. Baxmayaraq ki, qurumun baş katibi erməni general Xaçaturovdur. Ancaq göründüyü kimi, erməni baş katibin burada rolu heçə bərabərdir”.

İsmayıl