Eyyub Hüseynov: “GMO məhsullar insan orqanizmi üçün çox təhlükəlidir və biz özümüzü bu təhlükələrdən qorumalıyıq”
Azərbaycana tütün və tütün məmulatlarının idxalı və ticarəti ilə bağlı yeni qadağaedici şərtlər müəyyənləşdirilir. Milli Məclisdən verilən məlumata görə, bununla bağlı "Tütün və tütün məmulatı haqqında” qanuna əlavələr təklif edilir.
Təkliflər qəbul olunacağı halda qanunun 14.3-cü və 15.3-cü maddələrinə görə, tütün və tütün məmulatlarının idxalı və satışını şərtləndirən qadağalar sırasına daha bir bənd əlavə olunacaq və tütün və ya tütün məmulatlarının genetik modifikasiya olunmuş bitkilərdən, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarından istehsalına qadağa qoyulacaq.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və dekabrın 18-də müzakirəyə çıxarılacaq.
Tütün məmulatlarının istehsalında genetik modifikasiya olunmuş, yaxud da müasir biotexnoloji kənd təsərrüfatı bitki materiallarından istifadənin qadağan olunması təklifini dəyərləndirən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov belə bir qərara ehtiyac olduğunu düşünür. Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev bu məsələdə istehlakçıların marağını qoruyan effektiv fərman və sərəncamlar verib. GMO-nun Azərbaycana idxal etmək və yaymaq qanunla qadağan edilib. Bundan əlavə Azərbaycan 153 ölkənin ratifikasiya etdiyi Kartaxen protokoluna qoşulmaqla GMO ilə mübarizə aparmağı öhdəsinə götürüb: "Həmin protokolun tələblərinə görə, üzv olan ölkələr genetik modifikasiya olunmuş ərzaqların yayılmasının qarşısını almağı, risklərin öyrənilməsini öz üzərlərinə götürüblər. Digər tərəfdən də, Azərbaycan ekoloji cəhətdən təmiz nəsil yetişdirə bilən ölkədir. Bizdə GMO məhsullarına qətiyyən ehtiyac yoxdur. Bu baxımdan genetik modifikasiya olunmuş bitkilərdən tütün məmulatlarının hazırlanması ilə bağlı Milli Məclisdə müzakirə edilən təklifləri müsbət dəyərləndirirəm. GMO məhsullar insan orqanizmi üçün çox təhlükəlidir və biz özümüzü bu təhlükələrdən qorumalıyıq”.
Tütündən istifadənin məişət narkomaniyası hesab olunduğunu vurğulayan E.Hüseynov deyib ki, bütün mümkün vasitələrdən istifadə edərək insanların bundan uzaq olmasına çalışmalıyıq. "Hesab edirəm ki, bu qadağaların həyata keçirilməsi Azərbaycanda tütündən istifadənin azalmasına da müəyyən mənada öz töhfəsini verəcək və insanlar məişət narkomaniyasından uzaqlaşacaq. Hər halda hökumətin məqsədi vətəndaşların bu məhsullardan az istifadəsinə yönəlibsə, bunun effektiv nəticə verəcəyinə inanmıram”.
Şəymən