“Gərək şərait ola, gedim...”

“İrana səfər etmək arzumla bağlı “Şərq”də gedən açıqlamadan sonra o taydan zənglər gəldi”
Həmid Herisçi: “O tərəfdən problem deyil. Müəyyən siqnallar və real göstərişlər olmalıdır”


Bir müddət öncə, tanınmış yazar, konspiroloq Həmid Herisçinin İrana səfər edib, Azərbaycan-İran münasibətlərinə müsbət töhfələr vermək istəyi ilə bağlı xəbər vermişdik. Məlumatda yazar qeyd etmişdi ki, şərait yaranarsa, tərəflər bununla bağlı müsbət siqnallar verərsə, o, Təbriz elitası ilə görüşüb, bu ölkələr arasındakı gərginliyin ortadan qalxmasına və tərəflər arasında qarşıdurma yaradan marginalların kənarlaşdırılmasına köməklik göstərə bilər.

Bu xəbərin yayılmasından bir müddət keçsə də, konspiroloqun cənub qonşumuza səfərinin reallaşmasına dair heç bir informasiyaya rast gəlmədik. Bu baxımdan yazarın özü ilə əlaqə saxladıq. O, "Şərq”ə söylədi ki, hazırda yaradıcılıqla məşğuldur və bu səbəbdən boş vaxtı olmur: "Bu işlə məşğul olmaq istərdim. Lakin bu işdə həm İranın, həm də Azərbaycanın razılığı olmalıdır. Özbaşına hərəkət etmək olmaz. Elə bir mövqe seçməliyəm ki, bu, hüquq müstəvisində olsun. Qəzetinizə İrana getmək istəyimlə bağlı müsahibə vermişdim. Həmin yazıdan sonra o taydan müəyyən zənglər gəldi. Düşünürəm ki, 1-2 ay səfər etmək lazımdır. Gərək gedib, danışıqlar aparasan, orada müəyyən adamları görəsən. Güneylə Quzey arasında hüquqi müstəvidə əlaqələr olmalıdır. Bir-birimizi yaxşı anlamalıyıq. Biz ayıran deyil, birləşdirən amilləri seçməliyik. İran siyasi elitası ilə Azərbaycan siyasi elitası arasında sözsüz ki, söhbətlər başlamalıdır . Belə danışıqlar nə qədər çox olarsa, gərginlik azalar”.

Həmsöhbətimiz diqqətə çatdırıb ki, Ermənistan həmişə İran-Azərbaycan münasibətlərinin gərginləşməsindən istifadə edib: "Tarix boyu əlaqələrimiz yaxşı olub. Yenə də deyirəm ki, orada olan müəyyən müasir siyasi elita ilə danışmaq lazımdır. Belə olan halda Bakı-Tehran arasındakı əlaqələr güclənəcək. Ancaq indiki halda nə bilirik ki, orada hansı layihələr və hansı iş adamları var. Bunları bilmək gərəkir. Biz Təbriz burjuaziyasını tanımırıq, bilmirik. Zənnimcə, Təbriz və eləcə də İran burjuaziyasını azərbaycanlılara izah edə bilərəm. Biz siyasi tərəflərə yaxşı fikir verməliyik. Mən yaxşı münasibətlərin tərəfdarıyam. Marginal insanlar İran-Azərbaycan münasibətlərinə müdaxilə edirlər. Çox zaman da baxırsan ki, onlar üçüncü ölkəyə xidmət edirlər. Aranı qarışdırırlar. Axı Azərbaycan hökuməti öz mikrofonunu marginal qüvvələrə verə bilməz. Bir daha qeyd edirəm ki, gərək müəyyən şərait olsun ki, gedəsən. O tərəfdən problem deyil. Müəyyən siqnallar və real göstərişlər olmalıdır”.

Ayyət Əhməd