Geriyə yol yoxdur: Ankara terroru prosesləri sürətləndirəcək

Bölgədə savaş qaçılmaz görünür. Türkiyə Suriyaya hərbi müdaxilə edəcək
Fevral ayının 17-də Türkiyənin paytaxtı Ankarada şiddətli partlayış baş verib. Dəhşətli partlayış nəticəsində 3 hərbi xidmət avtomobili yanıb və 28 nəfər həlak olub. Terror aktında 61 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Hadisə yeri xüsusi xidmət orqanlarının nəzarətinə alınıb. Baş verən partlama ilə bağlı araşdırma getdiyi bildirilib. Partlayışla bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakı səfərini, baş nazir Əhməd Davudoğlu isə Bürüssel səfərini təxirə salıblar. Olaydan sonra telekanallara hadisə ilə bağlı yayım yasaqı tətbiq edilib.
General və arvadı Ankara terrorunda yaralanıb
Baş vermiş terror hadisəsi zamanı yaralananlar arasında yüksək rütbəli hərbiçi də olub. Türkiyə Baş Qərargahının rəsmi saytında verilən məlumata görə, hadisə nəticəsində general-mayor Reha Üfüq və həyat yoldaşı xəsarət alıblar. Onların vəziyyətinin stabil olduğu deyilir. Verilən məlumata görə, yaralanan 61 nəfərdən 30-u müayinədən sonra evə buraxılıb. Digər yaralılar isə "Gülhanə Hərbi Tibbi Akademiyası”nda və mülki xəstəxanalarda müalicə alırlar.
Təhlükəsizlik Şurasının iclasında ciddi qərarlar verildi
Partlayışdan dərhal sonra Prezident Ərdoğanın sədrliyi ilə təhlükəsizlik iclası keçirilib və Ankaradakı terror hadisəsi müzakirə olunub. Toplantıda Davudoğlu, Baş Qərərgah rəisi Hulusi Akar, Daxili İşlər naziri Əfqan Ala, MİT rəhbəri Hakan Fidan və digər yüksək vəzifəli şəxslər
iştirak ediblər. Müzakirələrdən sonra PKK daxil olmaqla terror təşkilatları ilə mübarizə, Suriyadakı son vəziyyət, Türkiyəyə qarşı olan hücumlar barədə ciddi qərarlar verilib.
Ərdoğandan partlayış sonrası ilk açıqlama: azanımız susmayacaq
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada baş vermiş terror hadisəsindən sonra, ilk açıqlamasını verib. Ərdoğan Türkiyənin səbrinin tükəndiyini bildirib: "Əxlaqi və insani sərhədi olmayanlara, bu hücumları həyata keçirənlərə və onların arxasında duran qüvvələrə qarşı mübarizəmizi daha qərarlı bir şəkildə həyata keçirəcəyik. Terrorçulardan istifadə edərək ölkəmizi və millətimizi əsas vəzifələrindən uzaqlaşdıracaqlarını güman edirlər. Amma bilsinlər ki, azanımız susmayacaq, bayrağımız enməyəcək, ölkəmiz bölünməyəcək. Birliyimizə, bərabərliyimizə, gələcəyimizə yönəlik olaraq, sərhədlərimiz xaricində və daxilində baş verən hücumlara misli ilə qarşılıq verəcəyik”. Ərdoğan terror aktını həyata keçirənlərin, məhz PYD terrorçuları olduğunu vurğulayıb: "İstər PKK, istərsə də PYD-nin başında olanlar bu işin onlarla əlaqəsi olmadığını desələr də, əldə olunan kəşfiyyat məlumatları bunun əksini göstərir. Hadisənin onlar tərəfindən törədildiyi sənədlərlə sübuta yetirilib. Hadisə ilə bağlı artıq 14 nəfər həbs olunub”.
Terrorçunun YPG ilə əlaqəsi sübuta yetirildi
Baş nazir Əhməd Davudoğlu Ankarada baş vermiş terror aktını törədən şəxsin kimliyini açıqlayıb. Davudoğlu terror aktının ölkə daxilində fəaliyyət göstərən PKK terror təşkilatının üzvləri ilə Suriyadan keçən YPG üzvlərinin birgə törətdiklərini bildirib: "Partlayıcı vasitələrlə dolu avtomobilin sükanı arxasında PKK terror təşkilatının Suriyadakı qolu sayılan YPG-nin üzvü, Suriya vətəndaşı Salih Necar olub. Hüquq mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində terror aktı ilə əlaqəsi olduğu ehtimal olunan 9 nəfər həbs olunub”. Məlumat üçün deyək ki, avtomobildə özünü partlatmış və 28 nəfərin ölümünə, 60-dan çox insanın yaralanmasına səbəb olan şəxsin kimliyi hadisə yerindən tapılan cəsəd fraqmentlərinin analizi və barmaq izləri ilə müəyyənləşdirilib.
Partlayışda istifadə edilən avtomobil icarayə götürülüb
Terrorda istifadə edilən avtomobilin 15 gün öncə oğurlandığı məlum olub. Avtomobili Əskişəhər yolunda Kənd Xidmətləri məntəqəsində kameralar qeydə alıb. Məlumata görə, "Volkswagen Scirocco” markalı avtomobil təxminən iki həftə öncə İzmirdən icarəyə götürülüb və kirayə müddəti başa çatandan sonra təhvil verilməyib. Bundan sonra avtomobilin oğurlanması ilə bağlı polisə məlumat daxil olub. Hərbiçilərə məxsus xidməti mikroavtobus Ankarada İnönü bulvarının Dikmen prospektindən Merasim küçəsinə keçərkən içərisində bomba quraşdırılmış həmin avtomobil partladılıb.
Daha bir terror aktı...
Ankaradan sonra hədəf Diyarbəkir vilayəti seçildi. PKK-nın nəzarətinin güclü olduğu şəhərdə hərbi maşın yolu keçərkən partlayış törədilib. Əldə düzəldilən partlayıcı qurğunun işə salınması nəticəsində 6 nəfər ölüb, xeyli sayda yaralananlar da var. Məlumata görə, partlayış terrorçu PKK-nın yola döşədiyi uzaqdan idarə edilən minaların partladılması nəticəsində baş verib.
Türkiyə hökuməti antiterror əməliyyatına başladı
Təhlükəsizlik orqanları Türkiyənin 7 əyalətində eyni vaxtda antiterror əməliyyatı keçiriblər. Əməliyyatlar nəticəsində 14 nəfər tutulub. Bununla yanaşı, PKK terrorçularının Şimali İraqda yerləşən mövqeləri Türkiyə ordusu tərəfindən bombardman olunub. Terror təşkilatının liderlərinin olduğu Haftanin ərazisində yerləşən mövqelər də darmadağın edilib. Bir saatdan çox çəkən əməliyyatın Ankaradakı terror hadisəsinə misilləmə olduğunu və 100 nəfərlik terrorçu qrupun məhv edildiyi bildirilib.
Prezident İlham Əliyevdən qardaş Türkiyəyə dəstək: "Hər zaman yanınızdayıq”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ankarada baş verən terror aktı ilə əlaqədar türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana başsağlığı verib. Ölkə başçısı Ərdoğanın Azərbaycana gələ bilməməsini anlayışla qarşıladığını bildirib: "Ağır günlərdə Azərbaycan xalqı hər zaman olduğu kimi Türkiyənin yanındadır”.
Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasının vacibliyindən danışan Prezident iclasın yaxın zamanda keçiriləcəyini bəyan edib.
Xəsarət alanlar arasında azərbaycanlı varmı?
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib ki, Ankarada törədilən terror aktı zamanı Azərbaycan vətəndaşları xəsarət almayıb: "Hadisə zamanı xəsarət alanlar arasında soydaşlarımızın olması barədə bizə məlumat daxil olmayıb”.
Rusiya Ankaradakı terrora reaksiya verdi
"Ankarada törədilən terror aktı beynəlxalq terrorizm ilə mübarizədə bütün dövlətlərin birləşməsinin vacibliyini göstərir”. Bu barədə Rusiya XİN-in yaydığı məlumatda bildirilib. Bəyanatda vurğulanıb ki, terrorçular əməllərinə görə, cavab verməlidirlər: "Ankarada baş verən terror aktı ilə əlaqədar türk xalqına dərin hüznlə başsağlığı veririk. Həlak olanların yaxınlarına və qohumlarına səbr diləyirik. Dəhşətli aksiya zamanı yaralananların tezliklə sağalmasını diləyirik. Bu vəhşi cinayətin bəraəti yoxdur”.
Ağ Ev və Pentaqon da Ankarada baş vermiş terror aktını pislədiyini açıqlayıb. ABŞ-ın Milli Təhlükəsizlik Şurasının rəsmisi Ned Prays verdiyi yazılı açıqlamada Ankarada baş vermiş terror aktını ən güclü şəkildə pislədiyi bildirilib. Terror aktı zamanı həlak olanların ailələrinə başsağlığı, yaralılara şəfa diləyən Prays Türkiyənin terrorla mübarizədə ABŞ-ın güclü müttəfiqi olduğunu və bunu yenidən təsdiq etdiklərini bildirib. ABŞ-ın müdafiə naziri Eşton Karter də verdiyi açıqlamada Pentaqonun Ankaradakı terror aktını pislədiyini və hadisə zamanı həlak olanların ailələrinə başsağlığı dilədiyini bildirib.
"Terror Bakı-Ankara yaxınlaşmasının qarşısını almağa yönəlib”
Prosesləri şərh edən "Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu deyib ki, terror aktının, məhz Ərdoğanın səfəri ərəfəsində törədilməsi təsadüfi deyil. "Məncə, bu hadisə Bakı-Ankara yaxınlaşmasının qarşısını almağa yönəlib. Əslində, çox çətin durumdur və bir şey aydın deyil ki, Türkiyə Suriyaya hərbi müdaxilə etmək istəyir, yoxsa bu, sadəcə bir görüntüdür. Əgər istəyirsə, deməli, terror aktı onu bu addımdan çəkindirmək məqsədi güdə bilər. Yox, əgər Türkiyənin belə bir planı yoxdursa, o zaman terrorun məqsədinin Türkiyəni Suriyaya çəkmək olmasını ehtimal etmək olar. İstənilən halda, mənzərənin tam aydınlaşması üçün müəyyən zaman lazım olacaq”. Politoloq "AKP hökuməti Suriyaya girmək üçün ölkəsində terror törədib” iddiasını qəbul etmədiyini deyib: "Türkiyənin Suriyaya girməyə kifayət qədər əsasları var. Bu bəhanəni əsas gətirənlərin məqsədi Türkiyəni qaralayıb, onu öz əhalisinə qarşı terror törətməkdə ittiham etmək istəyənlərin məkrli niyyətidir”.
"Bölgə qan içində çalxalana bilər”
Politoloq Azər Rəşidoğlu da bildirib ki, Prezident Ərdoğanın Bakıda, baş nazir Davudoğlunun Brüsseldə verəcəyi mesajlar önəmli olacaqdı: "Bu terror hər iki səfərin reallaşmasının qarşısını aldı. Bölgədə savaş qaçılmaz görünür. Türkiyə Suriyaya hərbi müdaxilə edəcək. Təbii ki, belə addım Rusiya ilə yanaşı, Qərbin də narazılığına səbəb olacaq. Amma Türkiyənin başqa yolu qalmayıb. Savaş yaxındadır. Azərbaycan strateji müttəfiqi olan Türkiyə ilə bir olmalıdır. Lakin baş verə biləcək olaylardan da özünü sığortalamalıdır. Soyuqqanlı olmaq və emosiyasız qərar vermək lazımdır”.
İsmayıl