“Facebook”, “Twitter” və “Youtube” sosial şəbəkələrinə daxil olmaq çətinləşib
Aprelin 3-də Prokurorluq tərəfindən verilən qərarın icrası olaraq Türkiyədə "Facebook”, "Twitter” və "Youtube” sosial şəbəkələrinə daxil olmaq çətinləşib. Bu qərarın isə prokuror Mehmet Səlim Kirazın iki DHKP-C üzvü tərəfindən girov götürülüb öldürülməsi ilə bağlı olduğuna dair açıqlama yayılıb. Qərara əsasən "Facebook”, "Twitter” və "Youtube”-da yayımlanan 166 yazı çıxarılmalıdır.
"Facebook” artıq bu qərarı icra edib. Prezident Aparatının sözçüsü İbrahim Kalın isə deyib ki, bu, şəhid edilən prokurorun görüntülərinin sosial mediada yayılması ilə bağlı bir məsələdir. Onun sözlərinə görə, bir sıra media qrupları bu fotoları yenidən yaymaqla sanki terror təşkilatının təbliğatını aparırlar. Bu, yolverilməzdir: "Guya o şəkli bölüşəndə əlinizə nə keçəcəkdi? Prezidentimiz, baş nazirimiz lazımi xəbərdarlıqlarını edib. Bunun cavabı veriləcək. Anladığım qədər bu, prokurorluqdan gələn tələb idi. Mətbuat orqanları üzərinə düşən məsuliyyəti yerinə yetirsə, o fotoşəkil gündəmimizdə olmayacaqdı”.
Politoloq Qabil Hüseynli isə Türkiyədə "Facebook”, "Twitter” və "Youtube” sosial şəbəkələrinə daxil olmağın çətinləşdirilməsini ölkə iqtidarının ağılsızlığı kimi dəyərləndirib: "Əgər sən dövlət rəhbərliyi olaraq, terrorçu təşkilatları susdura, onları saxlayaraq cinayət məsuliyyətinə cəlb edə bilmirsənsə, burada sosial şəbəkə iştirakçılarının nə günahı var? DHKP-C terror qruplaşmasıdır. Onların prokuroru girov götürməsi və öldürməsi isə birmənalı olaraq azğınlıqdır. Amma ölkənin xüsusi təyinatlıları iki terroristin öhdəsindən gələ bilmədi. Keçirilən əməliyyat zamanı onlar öldürülsə də, prokuroru da xilas etmək mümkün olmadı. Bu isə o deməkdir ki, əməliyyat uğursuz olub. Məgər iki, o qədər də yüksək hazırlığı olmayan terrorçunu zərərsizləşdirmək xüsusi təyinatlılar üçün o qədər çətin idi ki, onlar prokuroru xilas edə bilmədilər?”
Qabil Hüseynlinin sözlərinə görə, Türkiyədə müvəqqəti olaraq sosial şəbəkələrə girişin məhdudlaşdırılması heç də vəziyyətdən çıxış yolu deyil: "İqtidar uğursuz əməliyyatlarının müzakirə obyektinə çevrilməsini, fotoların yayımlanmasını istəmirsə, yeritdiyi siyasətə çəki-düzən verməli, dövlət qurumlarında qayda-qanunları tənzimləməlidir. Çox asanlıqla terrorçuların Ədliyyə sarayına daxil olması və prokuroru girov götürməsi Türkiyədə MİT-in səriştəsizliyinin göstəricisidir. Hesab edirəm ki, hakimiyyət bütün potensialını seçkiqabağı təbliğata sərf etdiyi üçün milli təhlükəsizlik arxa plana atılıb. Bunun nəticəsi olaraq da terror təşkilatları qulaqlarının dibinə qədər gəlib, onlara meydan oxuyur. Onu da deyim ki, Türkiyə bir çox sahələrdə, xüsusən də hüquq-mühafizə orqanları ilə bağlı sahələrdə Avropa Birliyinin ona təklif etdiyi Yol xəritəsinə əməl etməlidir”.
Şəymən