
Girovlar ailələrinə səmimi məktub yaza bilmir
Dilqəm Əsgərovdan gələn məktub qaralanıbOğlu pozulmuş sətirləri oxutdurub, deyir “günahım yoxdur”
Esmira Orucova: "Guya ki, BQXK ailələrə təskinlik verir, amma əksinə, onları psixoloji
gərginlikdə saxlayır”
Ötən ilin iyulunda ata-baba yurdunu ziyarət etmək üçün Kəlbəcərə gedən və orada işğalçı Ermənistan əsgərləri tərəfindən girov götürülmüş Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyevin ailələrinə göndərdiyi məktublarda bəzi sətirlərin qaralandığı üzə çıxıb. Bunu ANS PRESS-ə açıqlamasında Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov bildirib. Onun sözlərinə görə, atasından sonuncu dəfə bir ay əvvəl məktub alıblar. Və məktubda 4-5 cümlənin qaralandığını görüblər: "Mən həmin yerləri oxutdurdum. Qaralanmış yerlərdə bildirirdi ki, heç bir günahı yoxdur”.
Kürdoğlu Əsgərov həmçinin bildirib ki, atası məktubda ona qarşı irəli sürülən iddiaların hamısını yalanlayıb. D.Əsgərovun oğlu atasının səhhəti ilə bağlı ailəyə heç bir məlumat verilmədiyindən də şikayətlənib: "Atamın və Şahbaz Quliyevin səhhəti ilə bağlı bizə heç bir məlumat verilmir.
Biz Beynəlxalq Qızıl Xaç Komitəsi və Birləşmiş Millətlər Təşkilatının Bakı nümayəndəliyinə dəfələrlə müraciət etsək də, hələ ki heç bir nəticəsi yoxdur”.
Xatırladaq ki, bir müddət əvvəl də Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov BQXK-nin Dilqəm Əsgərovla bağlı çatdırdığı məlumatlara inanmadığını bildirmişdi. O həmçinin BQXK, ATƏT, BMT-nin İnsan Hüquqları, Qaçqınlar üzrə Ali Komissarlığa müraciət etdiyini, lakin heç bir cavab almadığını da demişdi.
Məsələyə münasibət bildirən "Həsrət yolu” Əsir və Girovlara Yardım İctimai Birliyinin sədri Esmira Orucova "Şərq”ə açıqlamasında fəaliyyət göstərdikləri 10 il ərzində sətirləri qaralanmış çox belə məktublara şahidlik etdiyini dedi:
BQXK-nin nümayəndələri
ermənipərəst mövqe tuturlar.
Girovlara təzyiq edirlər ki,
ya Ermənistanda qal,
ya da 3-cü bir ölkəyə səni göndərək”

- Dilqəm Əsgərovun məktubunun qaralanması mənim üçün gözlənilməz deyil. O qədər belə məktublar görmüşəm!.. Bizim birlik 2005-ci ildən fəaliyyət göstərir və bu 10 il ərzində neçə-neçə ailə, valideyn qeyri-səmimi, az qala, rəsmi tərzdə yazılmış məktublardan şübhələndiklərini bildiriblər. Nə qədər ailə bizə müraciət edib ki, mənim oğlum və ya həyat yoldaşım bu məzmunda məktub yaza bilməz. Girovların məktublarının bu dərəcədə qeyri-səmimi, soyuq məzmunda olmasının bir səbəbi budur ki, girovlara məktub yazmaq üçün BQXK tərəfindən xüsusi blanklar təqdim olunur. Bunu məktub adlandırmaq da bəlkə heç düzgün deyil. Bu, sorğu-sual blankı kimi bir şeydir. Yaxşıyam, özümü yaxşı hiss edirəm, vəssalam. Guya ki, BQXK ailələrə təskinlik verir, amma əksinə, onları psixoloji gərginlikdə saxlayır. Girovları qoymurlar ailələrinə səmimi məktub yazmağa. Kim belə sözlər yazırsa da, həmin sətirlərin üzərindən xətt çəkirlər. Bu məktuba oxşar məktublar BQXK-nin nümayəndəsinin iştirakı ilə yazılır. İstər Bakı nümayəndəliyi olsun, istərsə də, Bərdə nümayəndəliyi. Bunu bizə girovluqdan azad edilmiş şəxslər danışıb. Girovluqdan azad edilmiş şəxslərin söhbətlərini dinləyəndə, insanı dəhşət bürüyür. Onlar hər zaman bildirirlər ki, BQXK-nin nümayəndələri ermənipərəst mövqe tuturlar. Girovlara təzyiq edirlər ki, ya Ermənistanda qal, ya da 3-cü bir ölkəyə səni göndərək. Azərbaycana qayıtsan, həbs olunacaqsan. Orada səni heç kim gözləmir. BQXK-nin nümayəndələri anti-Azərbaycan təbliğatı ilə məşğuldurlar. Yenə deyirəm, bunu bizə girovluqdan azad olunmuş şəxslər danışıb. Sanki Böyük Vətən Müharibəsində faşistlərin sovet əsirləri davranışı təkrar olunur. Tarixdən bilirik ki, o zaman da faşistlər əsir götürülmüş sovet əsgərlərini belə aldadırdılar, psixoloji təzyiq edirdilər. Ailələrdən gələn məktublardan da səmimi sözləri silirlər. İcazə vermirlər ki, valideynlər övladlarının yolunu gözlədiyini, onun günahsız olduğunu yazsınlar. Əgər məktubda "ay oğul, səni gözləyirik. İnanırıq ki, sənin heç bir günahın yoxdur” kimi cümlələr varsa, buna icazə vermirlər. Belə olduğu halda, insanda ruh düşkünlüyünün yaranması, ailəyə qayıtmamaq hissinin formalaşması da təbiidir. Yadınızdadır, Samir Məmmədov vardı, Qazaxın Balacəfərli kəndində hərbi xidmət keçirdi, erməni separatçıları tərəfindən girov götürülmüşdü. Samirin adından ailəsinə bir məktub gətirmişdilər, 3 əlifba ilə yazılmışdı . Həm Azərbaycan, həm rus, həm də qarışıq - kiril və Azərbaycan hərfləri bir arada. Həmin məktubu hətta Samirin təhsil aldığı məktəbdə, müəlliminə də göstərmişdilər, müəllimi demişdi ki, bu, Samirin xətti deyil. Bir il sonra Samiri üçüncü ölkəyə deportasiya etdilər. Mən əminəm ki, Samir təzyiq və "səni orada heç kim gözləmir” xəbərlərinin təsiri altında bu qərarı verib. Girovların məktublarını hətta bəzən onların adından da yazırlar. Bəzən girovların nə həmin məktublardan, nə onların məzmunundan xəbəri olur.
E.Orucova qaralanmış sətirlərin oxunmasının mümkün olduğunu da bildirdi:
- Azərbaycanda kriminalistika çox güclüdür. Bəlkə də Dilqəmin oğlu məktubu hansısa kriminalistə verib və o da qaralanmış sətirləri oxuyub. Mən belə pozuntular olan məktubları çox görmüşəm. Sadəcə, məni təsirləndirən budur ki, BQXK humanitar bir təşkilat olduğu halda insanpərvərlik nümayiş etdirmək əvəzinə, əksinə, qeyri-insani davranış sərgiləyir. Xüsusilə də Azərbaycana münasibətdə, bu, açıq-aşkar görünür. Mən birlik sədri olaraq fəaliyyət göstərdiyim bu 10 ildə beynəlxalq təşkilatların əksəriyyətinin ermənipərəst mövqeyinin şahidi olmuşam.
E.Orucova əsir və girovların ailələri ilə bağlı güclü iş aparılmalı olduğunu dedi:
- Xüsusi layihələr həyata keçirilməli, Azərbaycan vətəndaşları girovluqda və ya əsirlikdə hansı vəziyyətlə qarşılaşa biləcəkləri barədə müəyyən məlumatlara malik olmalıdırlar. Biz müharibə şəraitində yaşayırıq və çox məkrli, hiyləgər düşmənlə üz-üzəyik. Bu gün hərbi xidmətə yollanan
gənc də bilməlidir ki, o, Vətənin müdafiəsinə gedir və hər cür situasiya ilə üzləşə bilər. Bizim oğullarımız da, onların valideynləri də hər cür situasiyaya hazır olmalı və necə davranmalı olduqlarını bilməlidirlər. Bunun üçün də bölgələrdə maarifləndirmə və təbliğat işləri aparılmalıdır.
Qeyd edək ki, separatçı Dağlıq Qarabağ rejiminin "məhkəməsi” dekabrın 19-da D.Əsgərovun ömürlük, Ş.Quliyevin isə 22 il müddətinə azadlıqdan məhrum edilməsi barədə "hökm” çıxarıb.
Məlahət Rzayeva