Girovlardan xəbər var

BQXK əməkdaşları Dilqəm və Şahbaza baş çəkiblər
Bayram Səfərov dünya ictimaiyyətinin girovlarla bağlı susqunluğundan narazıdır


Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları Kəlbəcərdə erməni separatçıları tərəfindən girov götürülən soydaşlarımız - Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkiblər. Qurumun Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynovanın sözlərinə görə, görüş dekabrın 4-də reallaşıb.

"BQXK-nın nümayəndələri Dağlıq Qarabağda saxlanılan azərbaycanlılara ailə məlumatlarını çatdırıb, onlardan da ailələri üçün məlumat alınıb. Komitə mandatına uyğun olaraq baş çəkmələri davam etdiriləcək”.

Məlumat üçün bildirək ki, həmyerlilərimiz D.Əsgərov, Ş.Quliyev ötən ilin iyul ayında əzəli torpağımız olan Kəlbəcərdə erməni terrorçuları tərəfindən girov götürülüblər. Onlarla birgə olan Həsən Həsənov isə qətlə yetirilib. Onun meyitinin əvvəlcə Xankəndində dəfn edildiyi deyilib. Lakin Azərbaycan tərəfinin başladığı danışıqlardan sonra qalıqlar bir neçə ay sonra geri qaytarılıb. Keçən ilin dekabr ayında kəlbəcərli girovlar üzərində qondarma məhkəmə qurulub. Separatçı rejimin qərarı ilə qurulan oyuncaq məhkəmə D.Əsgərovu ömürlük, Ş.Quliyevi isə 22 il müddətinə azadlıqdan məhrum edib. Hazırda onlar Şuşa həbsxanasında saxlanılırlar.

Məsələni dəyərləndirən Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərov "Şərq”ə bildirib ki, bu hadisə ədalətsizlik və haqsızlıqdır: "Dünya ictimaiyyəti buna göz yumur, səsini çıxarmır. Bunu dəfələrlə söyləmişəm. Dünya birliyinin buna susqunluq nümayiş etdirməsinin əsas səbəbi ikili standartlardır. Bundan başqa, dünyanı müsəlman və xristian olmaqla iki qütbə bölmələridir. Azərbaycanın paxıllığını çəkirlər. Bizim də içimizdə olan satqınlardan istifadə edirlər”.

Ayyət