Elman Məmmədov: “Dilqəm Əsgərovla, Şahbaz Quliyevin etiraf edəcəyi tək şey odur ki, ermənilər bizim torpaqlarımızı işğal edib, yüzlərlə həmvətənlərimizi didərgin salıb”
Girovlarımız heç vaxt qəsbkarlardan əfv istəməyəcək
Aqil Abbas: “Cinayət işləyən şəxs əfvlə bağlı kiməsə müraciət edə bilər. Dilqəm öz evinə gedib. Öz evinə getmək nə vaxtdan cinayət hesab olunur?”
Elman Məmmədov: “Dilqəm Əsgərovla, Şahbaz Quliyevin etiraf edəcəyi tək şey odur ki, ermənilər bizim torpaqlarımızı işğal edib, yüzlərlə həmvətənlərimizi didərgin salıb”
Elman Məmmədov: “Dilqəm Əsgərovla, Şahbaz Quliyevin etiraf edəcəyi tək şey odur ki, ermənilər bizim torpaqlarımızı işğal edib, yüzlərlə həmvətənlərimizi didərgin salıb”
Ötən ilin iyulunda Azərbaycanın işğal edilmiş Kəlbəcər rayonunda ermənilərə girov düşmüş və qondarma "Dağlıq Qarabağ Respublikası”nın "məhkəməsinin” qərarı ilə azadlıqdan məhrum edilən Dilqəm Əsgərov bağışlanması üçün erməni separatçılara müraciət etməyib. Azərbaycanlı girovun vəkilii Erik Beqlaryan erməni mətbuatına açıqlamasında bəyan edib ki, Əsgərov bağışlanması üçün qondarma respublikanın "prezidenti” Bako Saakayana müraciət etməkdən imtina edib.
Açıqlamadan da bəlli olduğu kimi, erməni tərəfi kəlbəcərli girovlarımıza əfv ərizəsi yazdırmaq istəyir. Belə bir ərizənin yazılması isə birmənalı şəkildə girovlarımıza qarşı irəli sürülən ağır ittihamın qəbul edilməsi deməkdir.
Ermənilər Xankəndidə girov saxladıqları Dilqəm Əsgərov və Şahbaz Quliyev haqqında çıxardıqları hökmlərin heç bir hüquqi əsası, legitimliyi olmadığını artıq dərk edirlər. Bilirlər ki, hansısa situasiyada onları Azərbaycana qaytaracaqlar. Ya əsir və girovların dəyişdirilməsi qaydasında, ya da Azərbaycanın güclü təzyiqi qarşısında. Bu perspektivə indidən zəmin hazırlamaq üçün "haqqında məhkəmə hökmü çıxarılmış” Dilqəm Əsgərov və Şahbaz Quliyevə "əfv ərizəsi” yazdırmaq istəyirlər ki, sonrakı prosesdə bunu bir hüquqi prosedur çərçivəsinə sala bilsinlər və Qarabağda qurduqları qondarma məhkəməyə hüquqi status qazandırsınlar.
Erməni vəkili Erik Beqlaryan adıçəkilən məsələni gündəmə gətirməklə qondarma "DQR”ə legitimlik donu geydirmək və xarici ictimaiyyəti həqiqətən də belə bir qurumun mövcudluğuna inandırmağa çalışır.
Dilqəm Əsgərovun bağışlanması üçün qondarma "respublikanın” "prezidenti” Bako Saakayana müraciət etməkdən imtinasının təqdirəlayiq hal olduğunu hesab edən millət vəkili Aqil Abbas deyib ki, vaxt gələcək Sarkisyanın özünün də məhkəməsi olacaq. 30 ildən sonra faşistlərin başına gələnləri gec-tez Sarkisyan yaşayacaq. Onu da belə bir aqibət gözləyir. Millət vəkilinin sözlərinə görə, Dilqəm əfv istəniləcək bir hərəkətə yol verməyib, öz ata-baba torpaqlarını ziyarətə gedib: "Dilqəm niyə əfv istəməlidir ki? O, cinayət işləməyib. Cinayət işləyən şəxs əfvlə bağlı kiməsə müraciət edə bilər. Dilqəm öz evinə gedib. Öz evinə getmək nə vaxtdan cinayət hesab olunur? O, Azərbaycan torpaqlarına gedib. Ermənistanın sərhəddini keçməyib ki? Orada təxribat törətməyib. Günahsız adam əfv ərizəsi niyə yazmalıdır ki? Dilqəm həmişə ölümün gözünə dik baxır. O canından ötrü şəxsiyyətini alçaldan insan deyil”.
Millət vəkilinin fikrincə, Dilqəm Əsgərov və Şahbaz Quliyevi azad etməyin iki yolu var: "Yolun biri beynəlxalq təşkilatlardan keçir. Həmin beynəlxalq təşkilatların isə yalnız adları var, özləri yoxdur. Onlar ikibaşlı oyun oynayırlar. Həmin beynəlxalq təşkilatların hamısı Azərbaycanın əleyhinə işləyən kərtənkələlərdir. Girovları azad etməyin digər yolu isə biz də ermənilərdən girov götürməli və dəyişməliyik. Bu çox asan bir yoldur”.
Millət vəkili Elman Məmmədov isə hesab edir ki, bu erməni xəbisliyinin, murdarlığının növbəti mərhələsidir: "Erməni vəkil Erik Beqlaryan adıçəkilən məsələni gündəmə gətirməklə "Dağlıq Qarabağ Respublikası”na legitimlik donu geyindirmək və xarici ictimaiyyəti həqiqətən də belə separatçı rejimin olduğuna inandırmağa çalışır. Təbii ki, separatçı-terrorçu rejimin başçısının adına əfv ərizəsinin yazılması ilk növbədə girovluqdakı soydaşlarımızın "öz cinayətlərinin etirafı” üçün erməni tərəfinin əlinə fürsət verə bilər. Belə bir ərizənin yazılması törədilmiş cinayəti öz üzərinə götürmək, ata-babalarının məzarlarını ziyarət etmək üçün üz tutduqları torpaqların Azərbaycana deyil, məhz düşmən ölkəyə məxsus olduğunu sübuta yetirmək və tutduqları işdən peşmançılıq demək olardı.
Ermənilər girovlarımıza əfv ərizəsi yazdırmaqla onlara səhv elədiklərini və erməni torpaqlarına keçdiklərini etiraf etdirmək, öz çirkin əməllərinə bəraət qazandırmaq istəyirlər. Dilqəm Əsgərovla, Şahbaz Quliyevin etiraf edəcəyi tək şey odur ki, ermənilər bizim torpaqlarımızı işğal edib, yüzlərlə həmvətənlərimizi didərgin salıb. Yurd-yuvalarımızı talan edib. Hər iki həmyerlimiz heç bir dövlətin ərazi bütövlüyünü pozmayıb. Onlar öz evlərinə getmək istəyərkən düşmən ordusu tərəfindən girov saxlanılıb. Ermənilərin əfv yazdırmaqda məqsədi beynəlxalq arenada Dilqəm Əsgərovla Şahbaz Quliyevi günahkar, özlərini isə humanist göstərməkdir. Guya ki, ermənilər xeyirxahlıq edərək girovlarımızı əvf edəcəklər. Amma belə bir şey olmayacaq”. Girovlarımızın qəsbkar ermənilərdən heç bir halda əfv istəməyəcəyini vurğulayan millət vəkili deyib ki, belə bir sənəd olsa belə, ermənilər heç bir halda girovlarımızı azad etməyəcəklər: "Azərbaycan tərəfi girovlarımızın azad olunacağı ilə bağlı lazımi addımların atılmasını dəfələrlə bəyan edib. Ölkə başçısının da dediyi kimi, girovlarımız heç bir halda düşmən əlində qalmayacaq. Onları mütləq azad edəcəyik”.
Şəymən