Girovlarımız nə vaxt qaytarılacaq ?- AÇIQLAMA

Razi Nurullayev: " Dilqəm və Şahbazın azad olunacağına inanıram"


Girovlarımız- Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı heç bir yenilik yoxdur.

Bunu Sherg.az-a Kəlbəcərdə erməni separatçıları tərəfindən girov götürülən D.Əsgərov və Ş. Quliyevin səhhətlərinin pisləşməsindən danışarkən AXCP sədri Razi Nurullayev deyib. 

Onun sözlərinə görə, hazırda girovlarımızın azad olunması və saxlanılmaları şəraitlərinin yaxşılaşdırılması istiqamətində tədbirlər aparılır: 

"Bu məsələdə hələlik heç bir irəliləyiş əldə olunmayıb. Bu uzunsürən prosesdə hökuməti və ya müxalifəti günahlandırmaq düzgün deyil. Düşünürəm ki, beynəlxalq ictimaiyyət nümayəndələri, ATƏT və digər beynəlxalq təşkilatlar məlum məsələdə lazımi mövqe sərgiləmir. Buna rəğmən Dilqəm və Şahbazın azad olunacağına və Azərbaycana qəhrəman olaraq qayıdacaqlarına inanıram. Onlar Azərbaycanın öz torpaqlarında erməni terrorçuları tərəfindən həbs olunublar. Məsələ hər zaman diqqətdə saxlanılmalıdır. Azərbaycan Xarici İşlər Nazirliyi tədbirlər görür və bəyanatlar səsləndirir. Müsbət dəyişikliyin baş verməsi üçün cəmiyyətin təmərküzləşməsi, beynəlxalq ictimaiyyətin bu məsələyə daha ciddi yanaşması vacibdir”.

Qeyd edək ki, Dağlıq Qarabağın işğal olunmuş ərazilərində ermənilər tərəfindən saxlanılan girovlarımız Şahbaz Quliyev və Dilqəm Əsgərovun vəziyyətinin ağır olduğu bildirilir.

Aysel Aslan