“Girovlarımızı azad etmək üçün ermənilər kimi davranmamalıyıq”

Birlik sədri millət vəkilinin erməniləri girov götürmək çağırışını müsbət qarşılamadı
Millət vəkili Elman Məmmədov bu günlərdə "Şərq”ə verdiyi açıqlamada əzəli, tarixi ərazimiz olan Kəlbəcərdə erməni separatçıları tərəfindən girov götürülən həmyerlilərimiz - Dilqəm Əsgərov və Şahbaz Quliyevin girovluqdan azad olunmasına dair maraqlı təklif irəli sürüb.
Parlamentari qeyd edib ki, gərək biz də işğal olunmuş torpaqlarımızdakı ermənilərdən 5-10 nəfərini girov götürüb, oradakı soydaşlarımızla dəyişək: "Başqa yolumuz yoxdur. Azərbaycan çox humanistlik nümayiş etdirir. Könüllü ağ bayraq qaldırıb, Azərbaycana gələn erməni əsgərləri və ailələrinə qarşı beynəlxalq hüququn və humanizmin normalarına uyğun hərəkət edir. Onları öz xahişləri ilə ya 3-cü ölkəyə, ya da Ermənistana qaytarır. Bunun müqabilində biz də gözləyirik ki, düşmən tərəfi də bizim girovlarımızı qaytarsın. Amma dəfələrlə şahidi oluruq ki, qaytarmırlar. Bunun isə yolunu dedim”.
Deputatın təklifinə münasibət bildirən "Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin sədri Esmira Orucova "Şərq”ə açıqlamasında təşəbbüslə razılaşmadığını bildirib: "Elman müəllimə böyük hörmətim var. Amma onun fikirləri ilə razı deyiləm. Axı biz azərbaycanlıyıq, erməni deyilik. Bunun daha sivil yolunu tapmaq lazımdır. Qəbul olunmuş beynəlxalq hüquq normalarına uyğun bir yol tapmaq olar. Düzdü, bu işlə mən də çox ciddi məşğul olmuşam. Rəhmətlik Həsən Həsənov, D.Əsgərov və Ş.Quliyevin ailə üzvləri mənə müraciət etmişdi. Beynəlxalq Qızıl Xaç Komitəsinə 40-dan artıq müraciət hazırladım. Lakin heç bir nəticə vermədi. Oturub, bir araya gəlmək lazımdır. Ölkəmizdəki hüquq müdafiəçiləri, bəzi təşkilatlar bir araya yığışıb, ortaq məxrəcə gəlib, sivil formada onların geri qaytarılmasına nail olmalıyıq. Yoxsa, bu işləri quldurcasına, ermənicəsinə etmək olmaz. Kommissiya və ya bir işçi qrupu yaradılmalıdır. Soydaşlarımızın qaytarılması yönündə ciddi işlər görülməlidir”.
Ayyət Əhməd