Girovların məsələsi Avropa Məhkəməsinə çıxarılmalıdır

“Çünki bu məhkəmə Ermənistan qarşısında aciz qalmayacaq”



Azərbaycanlı girov "Ali Məhkəməyə” şikayət edəcək. "DQR”nın qondarma məhkəməsinin "hökmü” ilə 22 il azadlıqdan məhrum edilən azərbaycanlı girov Şahbaz Quliyevin vəkili "Ali Məhkəməyə” kassasiya şikayəti verəcək.

Məlumata görə, vəkil Arkadi İsraelyan bildirib ki, müdafiə etdiyi şəxslə söhbət edib və məhz Quliyev belə bir qərar qəbul edib. Yada salaq ki, azərbaycanlı girovlar Şahbaz Quliyev və

Dilqəm Əsgərov apellyasiya şikayəti versələr də, martın 10-da keçirilən "prosesdə” hakim birinci instansiya "məhkəməsinin” qərarını qüvvədə saxlayıb.

Məsələni dəyərləndirən "Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyini sədri Esmira Orucova "Şərq”ə deyib ki, qondarma ali məhkəməyə şikayətdən də nəticə gözləməyə dəyməz. Onun sözlərinə görə, problemlə əlaqədar Avropa İnsan Haqları Məhkəməsinə müraciət edilməlidir: "Bu addımı girovların ailələri atmalıdır. Çünki hər yerə ailələri müraciət edib. Digər tərəfdən onların kassasiya şikayəti verməsinin səbəbləri bizə məlum deyil. Biz nə bilək ki, ermənilər girovlarımızın üzərində hansı oyunu qururlar. Bu səbəbdən düşünürəm ki, məsələ Avropa İnsan Haqları Məhkəməsinə daşınmalıdır”.

Təşkilat sədrinin qənaətincə, Avropa Məhkəməsinə müraciət olunarsa, nəticə əldə edə bilərik: "Çünki bu məhkəmə Ermənistan qarşısında aciz qalmayacaq. Əlimizdə yetərincə faktlar və əsaslar var”.

Ayyət Əhməd