Girovun ailəsi narazıdır

Avropa Məhkəməsi Dilqəm Əsgərovun səhhətinin pis olduğuna inanmır
Kürdoğlu Əsgərov: “Bizə bildirirlər ki, “siz sübut edin ki, atanızın səhhətində problem var”

Novella Cəfəroğlu: "Çalışmalıyıq ki, güclü bir şəkildə vətəndaşlarımızı müdafiə edək”


Kəlbəcərdə erməni işğalçıları tərəfindən girov götürülən Dilqəm Əsgərovun səhhəti ilə bağlı ailəsi tərəfindən Avropa Məhkəməsinə göndərilən müraciətə cavab verilib. D.Əsgərovun oğlu Kürdoğlu Əsgərovun dediyinə görə, Avropa Məhkəməsi ədalətsiz mövqe nümayiş etdirib.

"Avropa təkcə Azərbaycana deyil, kəlbəcərli girovlara qarşı da ikili standartlar tətbiq edir. Mən atamın vəkili vasitəsilə dəfələrlə Avropa Məhkəməsinə rəsmi şəkildə müraciət göndərmişəm. Əfsuslar olsun ki, hər dəfə eyni cavabı alırıq. Atamın səhhətində ciddi problemləri var. Avropa Məhkəməsinin cavabı bizi qane etmir. Bizə bildirirlər ki, "siz sübut edin ki, atanızın səhhətində problem var”. Bu, ikili yanaşmadır. Girovlara qarşı qərəzli mövqe nümayiş olunur”.

Girovun oğlu Avropa Məhkəməsinə səslənib: "Əgər sübut istəyirsinizsə, əməkdaşlarınızı Qarabağa göndərin, gedib atama baş çəksinlər. Yaxud da məhkəmə ilə bağlı müraciətimizi təmin edin”.

Xatırladaq ki, 2014-cü il iyulun 11-də 3 azərbaycanlı Kəlbəcərdə girov düşüb. Şahbaz Quliyev və Dilqəm Əsgərovu girov götürən ermənilər Həsən Həsənovu qətlə yetiriblər. Qondarma məhkəmənin hökmü ilə D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib. Onların Şuşa həbsxanasında saxlanıldığı bildirilir.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu məsələ ilə bağlı "Şərq”ə deyib ki, bu proses daim gündəmdədir. Hüquq müdafiəçisi həmçinin, Ermənistanın Qırmızı Xaç Komitəsi ilə görüşlərində girovların səhhəti ilə bağlı müntəzəm informasiyanın alındığını söyləyib: "Saxlanılan məhbuslarımızla bağlı hökumətimiz müraciətlərini edir. Girov götürülən vətəndaşlarımızla əlaqədar məsələni müntəzəm olaraq müzakirə edirik. Avropa Məhkəməsində bir sıra məsələlər var ki, onlara ümumiyyətlə baxılmır. Ölkəmizdən Avropa Məhkəməsinə üzv kimi Lətif müəllim təyin olundu. Hesab edirəm ki, onun üzvlüyü ilə bir çox məsələlərə aydınlıq gətiriləcək. Yalnız girov vətəndaşlarımızla bağlı deyil, məcburi köçkünlərin haqları ilə bağlı məsələlərə toxunulacaq. Girovlarımızla bağlı hökumət sturukturları da məşğuldur. Avropa Şurası Azərbaycanı dəstəkləmir. Çalışmalıyıq ki, güclü bir şəkildə vətəndaşlarımızı müdafiə edək”.

Yeganə Bayramova