Görün, haradayıq?!

Aysel Əlizadə:"Cəmiyyət xəstələnirsə, onun sağalmasının çarəsini tapmalıyıq. Düşünün ki, bir insan xəstəliyə tutulub və biz deyirik ki, onu öldürək"





Son zamanlar cəmiyyətdə ailə-məişət zorakılıqları zəminində baş verən qətllərin sayında artım müşahidə olunur. Mövcud vəziyyətdən əziyyət çəkən isə əsasən uşaq və qadınlardır. İctimaiyyətdə narahatlıq doğuran bu məsələlər parlamentə də ayaq açıb və deputatların ciddi müzakirə mövzusuna çevrilib. Parlamentarilər yaranmış vəziyyətin aradan qaldırılması istiqamətində müxtəlif versiya və təkliflər irəli sürüblər. Xanım millət vəkilləri belə ciddi problemlərin qarşısının alınması üçün maarifləndirmə ilə yanaşı, ölüm hökmünün bərpasını təklif ediblər. Bununla belə qeyd edək ki, deputatların təklifi də cəmiyyətdə və eyni zamanda sosial şəbəkədə birmənalı qarşılanmayıb. Bunu müsbət dəyərləndirənlərlə yanaşı, mənfi hesab edənlər də var. 

Məsələn, şair-publisist Aysel Əlizadə "Sherg.az”a açıqlamasında ölüm hökmünün bərpasını qəbul etmədiyini söyləyib. O vurğulayıb ki, dünya həbsxanalardan imtina etməyin yollarını axtarır, cəza yollarını yox:


"İnkişaf etmiş cəmiyyətlər elə vəziyyət yaratmağa çalışırlar ki, insanların qətl törətməyə, aqressiv olmağa ehtiyacları qalmasın. Biz isə ən ağır cəza növlərinin tətbiq edilməsini düşünürük. Görün haradayıq?! Psixoloji olaraq, millət vəkillərimiz də cəza növlərinin tətbiq edilməsi mərhələsindədirlər. Ölüm hökmü əslində orta əsrlərin, hətta daha qədim, yabanı cəza metodudur. Ancaq, cəmiyyətlər sivilləşdikcə edamı, gilyotini, ölüm hökmünü ləğv etməyə başladılar. Bu şüurlu cəmiyyətə yaxınlaşma deməkdir. Şüurlu cəmiyyət isə inkişaf məqamıdır. Cəmiyyət inkişafa nail olduqca, aydınlar, siyasətçilər cəza metodlarının da cəmiyyətin inkişaf səviyyəsi ilə balanslaşdırılmasını, daha sivil cəza metodlarının tətbiqini düşünməyə başladılar. Nəticədə həbsxanaların, ağır cəza metodlarının sayı azaldı.

Politika ciddi məsələdir. Ən asan yol, edam edib, məsələni kökündən həll etməkdir. Cəmiyyət xəstələnirsə, onun sağalmasının çarəsini tapmalıyıq. Düşünün ki, bir insan xəstəliyə tutulub və biz deyirik ki, onu öldürək. Daha düzgün yol, xəstəliyin çarəsini düşünüb, tapmaqdır.

Bir cəmiyyətdə ailə zorakılığı, qətllər artıb. Bu, normal vəziyyət deyil. Bir kişi 5 qadını evin içində öldürür, qəddarca basdırır. Bütün cəmiyyət bunun səbəblərini oturub, müzakirə etməlidir. Aqressiya, gərgin vəziyyət artıb. Dəlilik həddidir, cəmiyyətdə anomaliya baş verib. Psixologiyanı, tibbi, psixoanalitikanı bilmədən belə məsuliyyətsiz bəyanatlar vermək olmaz. Ola bilər, bəzi hallarda ölüm hökmü lazım olsun. Amma həmin hallarda da cinayətkarın psixikasını araşdırdıqda normal düşüncədə bunu etmədiyini görmək olar. Ona görə, belə məsələlərə ciddi yanaşmaq, araşdırma aparmaq lazımdır. Niyə ölüm hökmünü bərpa edib, geri gedirik? İnkişaf edib irəli gedək”.

Xanım yazıçı mövcud vəziyyətdən çıxış yollarını da təklif edib. O vurğulayıb ki, maarifləndirmə dedikdə nəzərdə tutulan metodların aydınlaşdırılması lazımdır:

"Xaricdə təhsil almış həkimlər, psixiatrlarımız, filosoflarımız, tarixi, cəmiyyətin inkişaf səviyyəsini yaxşı analiz edən insanlar bir yerdə cəmiyyəti xilas etməyi düşünsünlər. Böhran hər cəmiyyətdə olub. Bəşəri depressiya dönəmi cəmiyyətlərdə olur. Amma həmin cəmiyyətlərin ağıllı insanları bundan çıxış yollarını tapırlar.

Mən təkliflər irəli sürərəm, təbii ki. Amma bu daha ciddi müstəvidə həll olunacaq məsələdir. Məsələ maarifləndirmə ilə yoluna qoyulmayacaq. İnsanların yaşam şəraiti düzəlməli, rahatlıq təmin olunmalıdır. Gərginliyin aradan qaldırılması üçün sosial rifah, işsizlik və gender problemlərinin həlli sahəsində ciddi işlər görmək lazımdır. Televiziya ən güclü təbliğat mexanizmidir. Bu vasitənin mexanizmini dəyişmək, insanları maarifləndirmək üçün proqramlar hazırlamaq çox vacibdir. Bölgələri, kəndləri gəzib, insanların həyat şəraiti problemləri haqqında araşdırma aparmaq gərəkir. Təhsil müəssisələrində, iş yerlərində bununla bağlı xüsusi proqramlar olsa, daha yaxşıdır.

Şəhərdə yaşayırıq, hər halda müəyyən qədər maariflənmənin içərisindəyik. Şəhərdən kənara addım atırıq, və müşahidə edirik ki, tamam ayrı "qanunlarla” yaşayırlar. Məsələn Nardaranda insanlar bıçaqlaşır.

Düşünürəm ki, ya birdəfəlik zor tətbiq etmək, qanunlara riayət etməyə hər kəsi məcbur etmək lazımdır, ya da başqa vasitələrlə çıxış yolları axtarmalıyıq. Bu sahədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) da üzərinə böyük yük düşür. Modern, dünyəvi, savadlı düşünən insanların fikirlərindən istifadə etmək lazımdır. Mentalitetdən, mənfi təsir edən adətlərdən, cəmiyyət vərdişlərindən azad beyinlərin bu cəmiyyətin inkişafı üçün təkliflərindən əməklərindən istifadə etmək vacibdir. Müxtəlif bölgələrdə həmin şəxslərin çıxışları, mühazirələri ola bilər. Ailə mövzusunun güclənməsi üçün müxtəlif tədbirlər həyata keçirilməlidir. 

Qadın, ailə-məişət problemləri ilə məşğul olan təşkilatların işinin güclənməsinə kömək etmək, təhsil proqramlarında elmdən kənar elmlərin tətbiqi, uşaqlarla gündəlik maraqlı söhbətlər aparmaq və s. işlər aparıla bilər. Rayonlarda məcburi mühazirələr təşkil etmək mümkündür. Həmin şəxslər dərin fikirləri dinləməyə cəlb edib, maraqlı nümunələr gətirməklə beynini dəyişməyə çalışmaq lazımdır. Cəmiyyətin bu vasitələrlə sağalması sözsüz ki, zaman alacaq. Amma müsbət nəticələrə gətirib çıxaracağını düşünürəm”.

Aysel Aslan