“Gözləyirəm ki, hüququm təmin olunacaq”

Zəlimxan Məmmədli: “Bəzi məsələlər var ki, açılmasının zamanı deyil”



"Dədə-baba yurdum olan Borçalıya buraxılmamağım şəxsi məsələm deyil”. Bu sözləri "Şərq”ə "Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli deyib. Təşkilat sədrinin sözlərinə görə, Gürcüstan tərəfi böyük bir xətaya imza atıb:

"Azərbaycan vətəndaşıyam. Gürcüstan övladıyam. Hər halda Gürcüstan Ermənistan deyil ki, biz buna düşmən ölkə deyək. Azərbaycan tərəfi isə bu vaxta qədər bu məsələni həll edə bilməyibsə, deməli, vətəndaşının hüququnu indiyə qədər təmin edə bilməyib. Bu işdə Azərbaycan siyasi institutları - təhlükəsizlik sistemi, daxili işlər orqanı birbaşa məsuliyyət daşıyırlar. Təbii ki, Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) nota verib. Amma buna məhəl qoyulmadı. Gürcüstan və Azərbaycan dövlət strukturu rəhbərlərinin namizədlər səviyyəsində dəfələrlə görüşləri olub. Orada bir-iki söz kifayət edərdi ki, məsələ həllini tapsın”.

Z.Məmmədli diqqətə çatdırıb ki, ona tətbiq olunan yasaqlanmada Azərbaycan MTN-i ilə Gürcüstan MTN-in ortaq iş birliyinin olmasına dair şübhələri var: "Məndə belə məlumatlar vardı. Bu baxımdan mən nazirin səlahiyyətlərini icra edən Mədət Quliyevlə görüşdüm. Mədət müəllim ümidverici notda danışdı. "Səlahiyyətlərimizdən istifadə edib, sənin pozulan hüququnu təmin etmək borcumuzdur” deyərək mesaj verdi. Hər halda gözləyirəm ki, hüququm təmin olunacaq. Alternativ variantlar aramaq fikrində deyiləm. Hüququmun təmin olunmasında Azərbaycan hüquq və siyasi sistemi məsuliyyət daşıyır. Bunu təmin etmək onların borcudur”.

Z.Məmmədli diqqətə çatdırıb ki, bu ona və Gürcüstana buraxılması təmin olunan müavini Salman Murğuzluya deyil, "Borçalı” Cəmiyyətinə olan yanaşmadır: "Bu, Tiflis üçün çox ciddi təhdid mənbəyidir. S.Murğuzlu dövləti təhdid etmişdisə, nədən soruşulmadı! Niyə ittihamlar elan olunmadı. İnsan il yarım öz dədə-baba yurduna buraxılmayıb. Bunun səbəbi açıqlanmadı. Bəzi məsələlər var ki, açılmasının zamanı deyil. Amma Gürcüstan hökuməti cavab verəcək. Mənim üçün Gürcüstanla Azərbaycan milli maraqlarının uzlaşma nöqtələri var. Mən bu nöqtələrdəyəm. Kiminsə firqəsinin maraqlarına əyilən deyiləm”.

Ayyət Əhməd