Nizami Cəfərov: “Amma bu o demək deyil ki, bakalavrı bitirən gənclər hərbidən yayınmaq üçün formal olaraq magistraturaya axın etsinlər”
“Güc təkcə silahda deyil”
Magistr və doktorantlara hərbi xidmətdən möhlət hüququ veriləcək
Nizami Cəfərov: “Amma bu o demək deyil ki, bakalavrı bitirən gənclər hərbidən yayınmaq üçün formal olaraq magistraturaya axın etsinlər”
Nizami Cəfərov: “Amma bu o demək deyil ki, bakalavrı bitirən gənclər hərbidən yayınmaq üçün formal olaraq magistraturaya axın etsinlər”
Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Milli Məclisə yeni qanun layihəsi daxil olub. Milli Məclisin deputatı Zahid Orucun sözlərinə görə, təhsildə fasiləsizliyi təmin etmək və ixtisaslı kadrların hazırlanmasına nail olmaq məqsədilə "Hərbi xidmət və hərbi vəzifə haqqında” qanuna dəyişiklik təklif olunur: "Qüvvədə olan qanunvericilik aktının 21.1.4-cü maddəsində təkcə bakalavr təhsili alanlar deyil, eləcə də bundan sonra magistr və doktorantlara hərbi xidmətdən möhlət hüququnun verilməsi nəzərdə tutulur”.
Qeyd edək ki, Azərbaycanda magistratura pilləsində təhsil alan oğlanlara həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsi uzun müddətdir "Elm haqqında” qanunda da geniş müzakirə obyektinə çevrilib, bir nəticə əldə olunmamışdı.
Ölkə başçısının müvafiq təşəbbüsünü müsbət dəyərləndirən millət vəkili, akademik Nizami Cəfərovun sözlərinə görə, biz hər şeydən əvvəl təhsilimizin səviyyəsini, mütəxəssis hazırlığını düşünməliyik: "Doğrudur, Azərbaycan müharibə şəraitində yaşayır və bizim ordumuza əsgər lazımdır. Amma indiki şəraitdə aktiv döyüş getmir. Bu baxımdan oğlanların magistratura pilləsini bitirdikdən sonra hərbi xidmətə başlaması daha məqsədəuyğun olar. Təhsilin və elmin inkişafı üçün müəyyən güzəştlər vacibdir. Elə bilirəm ki, bakalavr təhsilini bitirib magistratura imtahanından uğurla keçib təhsilini davam etdirən, və yaxud magistraturadan sonra doktoranturaya qəbul olub, elm yolunda irəliləyəcək gənclər bir növ əsgər funksiyasını yerinə yetirir. Hətta magistraturanı bitirmiş gənc mənəvi və intellektual dəyərlərə sahib bir zabit kimi daha yetkin, yararlı ola bilər. Bu mənada magistrlərə hərbi xidmətdən möhlət hüququnun verilməsini məqsədəuyğun hesab edirəm. Amma bu o demək deyil ki, bakalavrı bitirən gənclər hərbidən yayınmaq üçün formal olaraq magistraturaya axın etsinlər. Onlar hər şeydən əvvəl möhlət hüququnun məsuliyyətini hiss eləməlidirlər. Əgər biz bu gün elm sahəsinə hansısa yenilik gətirmək ərəfəsində və qabiliyyətində, savadında olan insanı elmdən ayırıb orduya göndəririksə, bu zaman arada iki illik fasilə yaranır. Bu fasilə onun hansısa edəcəyi yeniliyə, ixtiraya bir maneə yaradacaq. Bu iki ildə ola bilər ki, həmin insanın düşüncəsi dəyişsin, elmə olan marağı başqa sahəyə yönəlsin. Beləcə biz gələcəyin elm sahəsində bəlkə də uğur qazanacaq bir alimini itirmiş oluruq. Nəzərə almırıq ki, güc təkcə silahda deyil. Magistr və doktorantlar elmdə nailiyyətləri ilə də xidmət göstərə bilərlər. Və onların bu fəaliyyəti orduda fəaliyyətlərindən dəfələrlə səmərəli ola bilər”.
- "Elm haqqında” qanunda magistr və doktorantlara hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsi xeyli müzakirələrə, bəzən də mübahisələrə yol açdı. Sizcə, bu məsələ hansı qanunun layihəsinin qəbulu zamanı öz həllini tapacaq?
- Magistratura pilləsində təhsil alan oğlanlara həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsinin ümumiyyətlə "Elm haqqında” qanunun predmeti olmadığını düşünürəm. Hərbi xidmət hər bir Azərbaycan gəncinin vəzifə borcudur. Bu borc da Konstitutsiyada öz əksini tapıb. Ona görə də, magistr və doktorantlara hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsi mütləq hərbi xidmətlə bağlı qanun layihəsinin müzakirəsində qəbul olunmalıdır. Elm, təhsil qanunları ilə hərbi xidmətdən möhlət hüququnun nizamlanması absurd məsələdir. Ancaq "Hərbi xidmət və hərbi vəzifə haqqında” qanuna dəyişiklik edildikdən sonra müvafiq qanunlara texniki dəyişikliklər etmək olar.
- Necə düşünürsünüz, magistr və doktorantlara hərbi xidmətdən möhlət hüququnun verilməsindən sonra elmimizin qocalmasının qarşısı alınacaqmı?
- Magistr və doktorantlara hərbi xidmətdən möhlət hüququnun verilməməsi elmin gəncləşməsinə mane olan səbəblərdən biridir. Elm elə bir prosesdir ki, davamlı olaraq bu işlə məşğul olmalısan. Amma bir şeyi də unutmamalıyıq ki, elmə marağı olan insan öz yolunu harda, necə olsa davam etdirəcək. Əsgərlik bir o qədər də həlledici rol oynamır. Azərbaycanın böyük alimlərindən biri olan akademik Ziya Bünyadov İkinci Dünya müharibəsində iştirak edib və müharibə bitəndən sonra elmi fəaliyyətini davam etdirərək ölkənin ən nəhəng akademiklərindən biri olub. Onlarla böyük alimlərin adını çəkmək olar ki, onların da hər biri müharibədən qayıdandan sonra bu yolda çoxsaylı uğurlara nail olublar. Dediyim odur ki, istək və məqsəd də çox böyük rol oynayır.
- Əgər bu məsələ sadəcə problemlərdən biridirsə, elmin qocalmasının əsas səbəbi nədir?
- Mən bu problemin kökünü elmi idarə edən strukturlarda görürəm. Bu strukturlar gənclərə həvalə olunmalıdır. Süni şəkildə kimlərisə AMEA-nın müxbir üzvü, kimlərisə həqiqi üzvü seçmək elmin evini yıxmaqdır. Yüksək adlara sahib xeyli sayda alimlərimiz var ki, heç birinin elmi məhsuldarlığı yoxdur. Hətta elələri var ki, heç bir tədqiqat işi aparmadan, sadəcə təşkilati işlərlə məşğul olur və nəticədə də ən yüksək elmi adlara sahib olur. Hesab edirəm ki, elmi adlar sadəcə məhsuldarlığı olan alimlərə verilməlidir. Adam var ki, gənc yaşlarından elmi tədqiqatla məşğul olur və 27 yaşında elmlər doktoru, 30 yaşında da AMEA-nın müxbir üzvü olur. Amma sonradan tədqiqat işindən uzaqlaşır, lakin ona yenə də müxtəlif adlar, titular verilir. Elm sahəsi hərbi sahə deyil ki, xidmət etdiyin müddətcə rütbələrin artsın.
- Yəni, mütləq şəkildə ortada elmi tədqiqatlar olmalıdır?
- Bu sahə ilə məşğul olan tədqiqatçıların əldə etdiyi nəticələrə uyğun adlar verilməlidir. Bu, elm sahəsinə marağı artırar və gənclərin elmə gəlməsi üçün həm də bir stimul rolunu oynayar. Biz
özümüzü öldürüb araşdırmalar aparıb namizədlik müdafiə edirik. Sonra da görürük ki, işi-gücü iclaslarda oturub, çıxış etməkdən ibarət olan insanlar da bizimlə eyni dərəcəyə layiq görülür. Vəzifəsindən sui-istifadə edən məmurlarımız var ki, ortaya heç bir nəticə qoymadan elmlər doktoru, akademik olur. Amma onu da deyim ki, bizim ziyalılarımız arasında örnək nümunələr də var. Dərin elmi, mükəmməl təfəkkürü olmasına rəğmən doktorluq müdafiəsinə gərək duymurlar. Çünki onlar fəaliyyət sahələrinin elmdən kənar olduğunu dərk edir və digərlərindən fərqli olaraq öz statusundan faydalanmır. Belə örnəklər artsa, elm sahəsində cavanlara da yer olacaq və öz işlərini görəcəklər.
Şəymən