
Güclü bir səs tapmışdıq...
Fuad Abbasov təpədən-dırnağa milli adamdırO, bacardığı qədər mübarizə aparır, tele-debatlarda üç-dörd erməninin qarşısında Azərbaycanı, Türkiyəni müdafiə edirdi. Özü də rus kanallarında proqramı təqdim edən moderatorlar ermənidən də betərdir
Deputat Araz Əlizadənin jurnalist Fuad Abbasovla bağlı müsahibəsi ciddi qalmaqala səbəb olub və ictimaiyyətdə birmənalı qarşılanmayıb. Millət vəkilinin ifadələri onu Rusiyadakı səfirimiz Polad Bülbüloğlu ilə də üz-üzə qoyub. A.Əlizadə Rusiyada təzyiqlərə məruz qalan və həbs edilən jurnalistin Azərbaycana heç bir dəxli olmadığını, onun Türkiyə vətəndaşı olduğunu iddia edib. Deputat F.Abbasovun ölkəmizə deportasiya olunacağı təqdirdə, bunun P.Bülbüloğlunun xidməti olacağını qeyd edərək, səfirlə bağlı bəzi iddialar səsləndirib: "Yəqin ki bu, səfir Polad Bülbüloğlunun xidmətidir. Onu Rusiya telekanallarının tok-şoularına bizim səfirimiz Polad soxmuşdu... Mən Kalaşnikovdan soruşdum ki, niyə sizin tok-şoularda azərbaycanlı politoloqlar yoxdur?
O da cavab verdi ki, səfiriniz bizə rəsmi cavabında rusdilli Azərbaycan politoloqlarının olmadığını bildirib”. Səfirin deputata cavabı gecikməyib. Barəsində deyilənlərə sərt reaksiya verən P.Bülbüloğlu heç kimi harasa soxmadığını söyləyib: "Nəyi hara soxmağı Araz Əlizadəyə anlada bilərəm. Rusiya televiziyaları mənə müraciət etmişdilər ki, bizim verilişlərdə erməni politoloqlar çox olsa da, azərbaycanlılar yoxdur. Bu səbəbdən də biz həmin tok-şoularda iştirak üçün politoloqlar təqdim etməli olduq”.
Səfir digər iddialara da münasibətini açıqlayıb: "Araz Əlizadə deyir ki, Fuad Abbasov Azərbaycan vətəndaşı deyil. O, yalan danışır. Azərbaycan səfirliyində onun Azərbaycan vətəndaşlığı pasportu var və biz də Azərbaycan vətəndaşlarının problemləri ilə məşğul olmalıyıq”. Bülbüloğlu deputatı savadsızlıqda ittiham edib: "Deputat olan bir şəxs belə savadsız fikirlər söyləməz. Guya, rusiyalı deputat Kalaşnikov ona deyib ki, səfirə müraciət etmişik ki, bizə tok-şoular üçün politoloq versin. Ancaq səfir deyib ki, belə adamlar yoxdur. Deputat olan kəs bilməlidir ki, səfir bütün yazışmaları və təklifi ancaq Xarici İşlər Nazirliyinin xətti ilə aparır”.
Yaranmış problemə münasibət bildirən sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli "Şərq”ə deyib ki, siyasi şərhçilərimizin və jurnalistlərimizin Rusiya efirlərinə ayaq açması üçün dövlət dəstəyi vacibdir. Ancaq bu işlə səfirliyimiz və diaspora təşkilatlarımız daha ciddi məşğul olmalıdır: "Əgər politoloqları Rusiyanın televiziya kanallarına səfirlik və diaspora yerləşdirməyəcəksə, bunu kim edəcək?! Rusiyada milyonlarla vətəndaşımız yaşayır və müxtəlif sahələrdə fəaliyyət göstərirlər. O cümlədən, Moskvada diaspora ilə məşğul olan yüzlərlə azərbaycanlı var.

Təəssüflər olsun ki, hamısı boş-boş işlərlə məşğuldur. Biri "milyonerlər təşkilatı” yaradır, digəri hansısa siyasi qurum yaratdığını bəyan edir. Əgər elə bacarıqlı oğlanlardısa, arxalarındakı maddi və siyasi gücə güvənirlərsə, rus telekanallarına çıxıb tok-şoularda ermənilərin iddialarına cavab versinlər. Güclü bir səs tapmışdıq. Fuad Abbasov bacardığı qədər mübarizə aparır, tele-debatlarda üç-dörd erməninin qarşısında Azərbaycanı, Türkiyəni müdafiə edirdi.
Özü də rus kanallarında proqramı təqdim edən moderatorlar ermənidən də betərdir. Hamısı birbaşa erməniləri müdafiə edir. Belə bir şəraitdə F.Abbasov maddi maraq güdmədən ermənilərə sinə gərirdi, onların yalan və uydurma iddialarını çürüdürdü”.
Analitik bildirib ki, Araz Əlizadənin Azərbaycan və Türkiyənin əleyhinə çıxışlar etməsi yolverilməzdir:
"Birincisi, F.Abbasov təpədən-dırnağa millidir, Azərbaycan vətəndaşıdır, hamımızın övladıdır. Dövlət və xalq naminə tək başına çalışan, fədakarlıq göstərən dəyərli jurnalistdir. Abbasovu ittiham edənlər həyatları boyu dövlətə, xalqa onun qədər xidmət göstərməyiblər. Niyə jurnalistə böhtan atırlar? Təsəvvür edin, Rusiyadakı soydaşlarımız, hətta başqa millətdən olanlar Abbasovu müdafiə edirlər, ancaq bizim deputat əleyhinə danışır. Vallah ayıbdır. Bu qədər anti-Azərbaycan mövqeyində dayanmaq olmaz. Mən politoloq və vətəndaş kimi Fuad Abbasova qarşı haqsızlığı qınayıram, onun fəaliyyətini, indiyə qədər apardığı işləri təqdir edirəm. Onu rus televiziyalarına göndərənlərə də öz təşəkkürümü bildirirəm”.
Xatırladaq ki, AMEA-nın bir qrup əməkdaşı da millət vəkili Araz Əlizadənin Moskvada fəaliyyət göstərən jurnalist Fuad Abbasovla bağlı səsləndirdiyi fikirlərə etiraz müraciəti yayıblar. Alimlər deputatın iddialarını əsassız sayaraq, Fuad kimi oğullarımızı gözdən salmaq cəhdləri kimi qiymətləndiriblər:
"Tanınmış jurnalist həyatını riskə ataraq Azərbaycan həqiqətlərini Rusiya mediasında mütəmadi şəkildə qətiyyətlə müdafiə edib. Telekanallarda təşkil olunan tok-şoularda erməni qruplaşmaların və onların havadarlarının hücumlarına təkbaşına sinə gərib. Onun Moskvada əsassız olaraq həbs olunması, döyülməsi hər bir azərbaycanlıda haqlı olaraq etiraz və qəzəb doğurub.
Ona görə də müxtəlif səviyyələrdə Fuadın azad olunması üçün müraciətlər olunur. Sosial şəbəkələrdə və mediada minlərlə insan öz etirazlarını bildirir, Fuadın azad olunması üçün imzatoplama kampaniyaları keçirilir. Fuad Abbasova qarşı törədilən bu haqsızlıq qardaş Türkiyədə də etiraz dalğası oyadıb. Hətta Rusiyanın özündə buna qəti etirazını bildirən jurnalistlər var. Fuad Abbasovu aşağılamaq cəhdləri ilə Araz Əlizadə, ümumiyyətlə, Azərbaycan xalqının rəyinə və heysiyyətinə hörmətsizlik göstərib”.
İsmayıl