Çamsulvarayev İŞİD sıralarında “Al Bara” ləqəbi götürübmüş
“Gənclərin dini cərəyanlara meyl etməsinin səbəbi heç də iddia edildiyi kimi maddi imkansızlıq deyil. İdmançıların 90 faizinin maddi imkanı kifayət qədər yüksəkdir”
Güləş üzrə Azərbaycan yığmasının sabiq üzvü Çamsulvara Çamsulvarayev İraqda öldürülüb. Rusiya mətbuatının yaydığı məlumata görə, Çamsulvara İraqda İŞİD sıralarında döyüşürmüş. O, İraqa getdikdən sonra adını dəyişibmiş və "Al Bara” adını götürübmüş. Çamsulvarayevin həlak olmasını Britaniyanın İHS Analitik Mərkəzinin eksperti Coanna Paraşuk da təsdiqləyib.
Güləş Federasiyasının mətbuat xidmətinin rəhbəri Mayis Musayevin sözlərinə görə, Çamsulvarayev 2010-cu ildən idman karyerasına son qoyub: "Çamsulvarayev 2010-cu ildən idmandan uzaqlaşıb. Həmin vaxtdan onun haqqında məlumat ala bilmirdik. Federasiyanın təlim-məşq toplantılarında da iştirak etmirdi. Düşünürdük ki, yəqin idmandan uzaqlaşıb, şəxsi işlə məşğuldur. Çamsulvarayevin İŞİD-ə qoşulmasından xəbərimiz olmayıb. O, millidə olan zaman digər idmançılar kimi məşq edir, yarışlara hazırlaşırdı. Onun İŞİD-ə qoşulmasını bu gün mətbuat vasitəsilə öyrəndik”.
Qeyd edək ki, dövlətin xüsusi qayğıyla yanaşdığı idmançılarımızın hansı səbəblərdən qeyri-ənənəvi dini cərəyanlara, terror təşkilatlarına üz tutmaları cəmiyyətdə ciddi müzakirələrə yol açıb. Çünki bu hal gənclərin dini qruplaşmalara maddiyyat üçün qoşulması iddialarını arxa plana keçirir. Maraqlıdır, ölkədə kifayət qədər imkana sahib idmançılar niyə dini cərəyanlara, terror qruplaşmalarına meyl edir?
Siyasi elmlər doktoru Cümşüd Nuriyevin sözlərinə görə, Azərbaycan gənclərinin İŞİD-ə qoşulması onların dini biliklərinin az, maarifçilik işinin yüksək səviyyədə olmaması ilə bağlıdır: "İŞİD-ə və digər qanunsuz dini qruplaşmalara qoşulan idmançıların əksəriyyəti ya Azərbaycana sonradan gələnlər, ya da elə əvvəldən bu və ya digər formada həmin dini qruplaşmalarla əlaqəsi olanlardır. Amma məsələnin problemli tərəfi ondadır ki, gənclərimizin dini qruplaşmalara meyl etməsi getdikcə kütləvi xarakter almağa başlayır. Bunun da səbəbi bizim uşaqlarımıza islamı olduğu kimi öyrədə bilməməyimizdir. Məsələnin bu cür problem şəklini almasının bir səbəbi də orta məktəblərdə ilahiyyat fənninin tədris olunmamasıdır. Hər kəs dərk etsə ki, islam nədir, onun hansı qayda-qanunları var, nə olar, nə olmaz, adət-ənənəni də bilər. Biz müsəlman olaraq doğuluruq, amma islamı öyrənmək istəmirik. Ona görə də vaxtilə buraxdığımız səhvin cəzasını hələ də çəkməkdəyik.
Azərbaycanda idmana qoyulan sərmayə iqtisadiyyatdan sonra ikinci yeri tutur. Təbii ki, dövlətin təbliğ edilməsində hər iki sahənin xüsusi əhəmiyyəti olduğu üçün bütün bunlar əhəmiyyətlidir. Yəni deməyim odur ki, gənclərin dini cərəyanlara meyl etməsinin səbəbi heç də iddia edildiyi kimi maddi imkansızlıq deyil. Əksinə, gənclərin əqidəsinin tam olmaması və islam haqqındakı bilgilərinin yanlış olması ilə bağlıdır. İdmançıların 90 faizinin maddi imkanı kifayət qədər yüksəkdir. Deməli, bu problemin kökü təhsildən qaynaqlanır. Orta məktəbdə şagirdləri o qədər yükləyirlər ki?! Uşaqlara ibtidai sinifdən ingilis dili, həyat bilgisi dərsləri keçirlər, amma dinlə bağlı heç bir maarifləndirici tədbir görmürlər”.
C.Nuriyevin sözlərinə görə, məktəblərlə yanaşı, media da dini maarifləndirmə ilə məşğul olmalıdır: "Doğrudur, sizin qəzet zaman-zaman bu problemi gündəmə gətirib, maarifləndirici yazılar verir. Amma "tək əldən səs çıxmaz”. Ölkə televiziyalarının bu istiqamətdə ciddi addımlar atması zəruridir. Sadəcə dini ekspertlər yox, elm adamları, siyasi xadimlər dəvət olunmalı və onların fikirləri öyrənilməlidir”.
Şəymən