“Günay İvana Sərtin kopyasına çevrilmişdi”

Anar Atakişiyev: “Bu verilişin ən böyük qüsuru Türkiyədə olan verilişin eynini kopyalamaq idi”“Bu verilişdə də Zaur münsif yox, aparıcı ola bilərdi. Fikrimcə, tamaşaçı üçün də maraqlı olardı”
Dünyanın bir çox böyük tele-layihələri var ki, onlar Azərbaycan telekanallarında da təqdim olunur. Xarici telekanalların yayımladığı həmin layihələri Azərbaycan tamaşaçısı da böyük maraqla izləyir. Amma yerli telekanallarımızda həmin verilişlər öz təqdimatımızda nümayiş olunanda belə proqramlara maraq çox az olur.
Bir müddət əvvəl ATV telekanalında yayımlanan "Bu stil mənim” verilişi efirə çıxdı. Türkiyə telekanalında böyük maraqla izlənən "İşdə benim stilim” verilişinin demək olar ki, eyni üslubda layihəsi yerli telekanalımızda da yer aldı. İnsafən qeyd edək ki, bu günə qədər bir çox moda verilişlərindən fərqli olaraq Zaur Baxşəliyevin təqdimatında olan "Bu stil mənim” kimi möhtəşəm dekorasiyası olan, maraqlı tərtibatı ilə həqiqətən göz oxşayan layihə yerli teleməkanımızda demək olar olmamışdı. Türkiyədə olan verilişin birə-bir eynisi bizdə təqdim olunurdu. İlk günlər Milli Teleradio Şurası da verilişin səviyyəsindən razılığını dilə gətirmişdi. Amma bir neçə bölüm efirə getdikdən sonra münsiflər heyəti ilə iştirakçılar arasında gərginlik yaşanmağa başladı. Xüsusilə də modelyer Günay Musayevanın münsif olaraq tənqidləri iştirakçıları narahat etməyə başladı.
Bu narazılıqlar ümumilikdə verilişin gedişatına da təsirini göstərdi. Bizdə yerli dəb verilişimizə maraq göstərən olmadı.
Hər halda sosial şəbəkələrdə də bu məqamlar müzakirə predmetinə çevrildi.
Bəs görən, bu telelayihə niyə maraqla izlənmədi? Möhtəşəm dekorasiya, iştirakçılar üçün yaradılan yüksək şərait, televiziyada təqdim olunan verilişlər sırasında rəngarəng görünüşü, işıq effektləri ilə diqqət çəkən bu veriliş niyə tamaşaçı toplaya bilmədi?
Telelayihədə münsiflər kürsüsündə olanların seçimindəmi yanlışlığa yol verilmişdi? Problem nə oldu?
Bu suallarla tanınmış stilist Anar Atakişiyevə üz tutduq. Moda, dəb dünyasından xəbərdar olan, bir çox tanınmış simalarla çalışan Azərbaycan şou-biznesinin ən üzdə olan stilisti Anar Atakişiyev "Şərq”ə açıqlamasında müsabiqənin qüsurlarından danışdı.
-Türkiyədə böyük marağa səbəb olan, minlərlə tamaşaçısı olan telelayihə niyə yerli telekanalımızın təqdimatında qəbul edilmədi. "Bu stil mənim” telelayihəsi niyə maraq yarada bilmədi” sualına cavab verən tanınmış stilist Anar "Azərbaycan tamaşaçısının adından danışa bilmərəm. Öz adımdan deyə bilərəm ki, ATV telekanalının yayımladığı "Bu stil mənim” verilişinin studiyası, dekorasiyası mükəmməl idi. Verilişin tərtibatı çox gözəl idi. Amma iştirakçıların süniliyi, qeyri-səmimiliyi tamaşaçını verilişdən uzaqlaşdırır. İştirakçılar olduğu kimi deyildilər. Çalışırdılar Türkiyədəki yarışçılara özlərini bənzətsinlər, bu da çox süni görünürdü. Türk verilişindəki iştirakçıları kopyalamağa çalışırdılar, bu da verilişi çiy göstərirdi. Maraqsızlıq ondan yaranırdı”.
Münsiflərin seçimində yanlışlığa yol verilmişdi, ya yox, ordakı münsiflərin modadan danışmağa, dəb barədə fikir yürüdüb mühakimə etməyə haqqı çatırdı, ya yox?
Bu sualımıza tanınmış stilist "Bu məsələyə bir qədər həssas yanaşılmalıdır. Fəxriyyə Xələfova gözəl modelyer-dizaynerdi. İncəsənət Universitetinin müəllimidir. Təbii ki, onun dəbdən danışmağa, dəb barədə fikir söyləməyə, irad bildirməyə tam haqqı çatırdı. Fəxriyyə xanımın münsif kürsüsündə oturmağa haqqı tam çatırdı. Çox gözəl şərhlər, iradlar bildirirdi. Qaldı Günay Musayeva ətrafında olan söz-söhbətlərə, əvvəla onu qeyd edim ki, Günay Musayeva mənim best-modelimdən çıxan modeldi. Gözəl də münasibətimiz var. Türkiyədə kifayət qədər tanınmış bir model kimi tanınır. Özünə hörmətlə yanaşan bir xanımdı. Sadəcə olaraq Günayın bəzi nöqsanları var idi ki, mənim diqqətimdən də qaçmadı. Bunları düzgün hesab etmirəm. İlk növbədə verilişdə türk ləhcəsində, türk sözləri işlətməsi onun qüsurlarından biri idi. Türk dilində danışması onu gətirib İvana Sərtin kopyasına çevirirdi. Günay bu verilişdə münsif olaraq özü kimi olsaydı, daha yaxşı olardı. Lazım gəlsə, loru dildə, lap deyək ki, kənd ləhcəsində danışsaydı, tamaşaçı onu daha rahat qəbul edərdi. Dəb baxımından isə o model olsa da, şərhlərində bəzi büdrəmələri olurdu. Yəni zövq baxımından büdrəmələri olurdu. Bu da əslində təbiidir. Çünki modellə zövq bacı-qardaşdılar. Modelə yaxşı yeriş, bir də düzgün bədən quruluşu, xarici görünüş lazımdı. Harda düzgün dayanmaq, gülüş onun məşhurluğu üçün kifayət edir.
Model hələ o demək deyil ki, o zövqlüdür. Modelləri geyindirən xüsusi insanlar var deyə, onların üzərində işləyirlər. Zövq baxımından Günayda büdrəmələr olurdu. Yəni Günay İvana Sərt ola bilməz. İvana Sərt modellikdən başqa öz geyim kolleksiyası olan, dəb aləmində yeri olan bir işgüzar xanımdı. İvana Sərt yüz modeldən biridir. Viktoriyanın özü podiumda çox gözəl görünüşə sahibdi. Amma adi günlərdə onların nə qədər bəzən zövqsüz görünüşünün də şahidi oluruq. Adi geyimlərdə onlara qərar vermək olur ki, zövqləri var, ya yox. Yəni model podiumda dəblə geyinirsə, bu onun zövqündən hələ tam xəbər vermir, çünki onu geyindirən var. Amma tamaşaçı elə düşünür ki, bu seçim modelin öz zövqüdür. İvana Sərt isə dəb yaradan insandı. Onun dəbdən, modadan danışmağa haqqı var. Günay zövq, dəblə bağlı axsamalar etdi ki, bunlar da diqqətdən qaçmadı. Qaldı nəyə görə belə layihələr yerli telekanallarda təqdim olunanda maraq olmur, çünki Azərbaycan tamaşaçısı həmin layihənin orijinalını görəndə artıq kopyasını izləmək istəmir. Eynən kopyası olan veriliş süni alınır. Bu verilişin ən böyük qüsuru Türkiyədə olan verilişin eynini kopyalamaq idi. Biri eyni verilişi təqdim etməkdənsə, yaxşı olardı ki, bir az fərqlilik qatılaydı. Misal üçün, mahnılar dəyişəydi. Azərbaycanlı müğənnilər verilişə dəvət olunmalıydı. Misal üçün, Günay xanım gözəl aparıcıdı. Amma tutaq ki, bu verilişdə aparıcı xanım deyil, bəy olaydı. Elə Zaurun özü bu verilişin aparıcısı olsaydı, daha maraqlı olardı. Zaur aparıcı kimi çox peşəkar, təcrübəsi olan bir televiziya işçisidir. Onun aparıcı kimi maraqlı layihələri olur. Çox bəyənirəm. Bu verilişdə də Zaur münsif yox, aparıcı ola bilərdi. Fikrimcə, tamaşaçı üçün də maraqlı olardı. Ya da aparıcı kimi Yusif Ağayev ola bilərdi. Aparıcının münsif kürsüsündə olması məncə düzgün deyildi. Aparıcı kimi çox peşəkardı. Dəbdən də başı çıxır. Zövqü də var. Amma hər zövqlü insan belə dəb barədə danışa bilməz. Münsiflər də Türkiyədəki kimi tutaq ki, 3 nəfər yox, 4-5 nəfər olaydı. Fəxriyyə xanımla yanaşı ora bir stilist dəvət etmək olardı. Bu sahəni bilən başqa insanlar da bu verilişdə münsif kimi ola bilərdi. Misal üçün, Türkiyədə məşhur modelimiz Nigar Talıbova münsif kimi iştirak edə bilərdi. Maraqla qarşılanardı. Bir stilist dəvət oluna bilərdi” söylədi. "Stilist kimi sən də o verilişdə münsif ola bilərdin”, deyə soruşanda, Anar "Bunu siz dediniz. Yəni söhbət təkcə məndən getmir. Yəni münsif olaraq peşəkar stilist o verilişdə oturmalıydı. Dediyim o idi ki, türklər kimi eynən olmazdı. Bu nüanslar verilişə maraq gətirərdi. Tamaşaçı yenilik görmədi. İştirakçıların süniliyi tamaşaçını yordu” söylədi.
Tahirə