Gürcü hökuməti ağıllıdır

İranla viza rejiminin ləğvi büdcəni dolduracaq
Gürcüstan İran vətəndaşları üçün viza rejimini ləğv edib. Bu barədə İranın Gürcüstandakı səfiri Abbas Tələbi bəyan edib.
Verilən açıqlamaya görə, fevralın 15-dən etibarən, İran vətəndaşları Gürcüstan ərazisində 45 gün ərzində vizasız qala biləcəklər. Səfir bəyan edib ki, viza rejiminin ləğv olunması iki ölkə arasında ticari əlaqələrin genişlənməsinə töhfə verəcək: "Ölkələrimiz arasında sərbəst gediş-gəliş varsa, investisiyası olan insanlar azad şəkildə ölkəyə gələcək və investisiya yatıraraq ticarət fəaliyyətini sərbəst inkişaf etdirəcək”. Məsələni "Şərq”ə şərh edən politoloq Natiq Mirinin sözlərinə görə, viza rejiminin ləğvi həm İran, həm də Gürcüstan üçün əlverişlidir: "Gürcüstan yaxşı bilir ki, Qərblə İran arasında nüvə problemi ilə bağlı əldə olunan anlaşma İranın gələcək perspektivini artırır. Gürcü hökuməti İranın investisiyalarına ciddi maraq göstərir. Viza rejiminin qaldırılması iddia edildiyi kimi iki dövlət arasında ticarət dövriyyəsini artıracaq və ələlxüsus, Gürcüstanın büdcəsini artıracaq. Digər tərəfdən, Gürcüstan, İran və Avropa arasında tranzit ölkə olmağa çalışır. İki ölkə arasında əməkdaşlıq inkişaf edərsə, Gürcüstanın bu arzusu reallaşa bilər. Nəzərə almaq lazımdır ki, İran öz neft-qazını Ermənistan vasitəsi ilə Avropaya ötürə bilmir. Çünki Rusiya buna imkan vermir, Ermənistanın İranın təsiri altına düşməsini istəmir. Ona görə də İran-Gürcüstan əlaqələrinin inkişaf edəcəyi gözləniləndir”.
İsmayıl