Gürcüstanda kütlə ayaqdadır Lakin aksiyaçılara liderlik edən yoxdur

Kortəbii proseslə hakimiyyətin dəyişəcəyi inandırıcı görünmür



Gürcüstanda məişət zəminində yaşanan insident ölkə boyu irimiqyaslı aksiyalara səbəb olub. "Məni öldürmə” şüarı ilə keçirilən kütləvi aksiyalara qatılan etirazçılar növbədənkənar seçki və hakimiyyətin istefasını tələb edirlər. Bu tələbə əksər müxalifət partiyaları da qoşulub.

Hakimiyyətin reaksiyasının gecikməsi böhranlı vəziyyətin daha da gərginləşməsinə səbəb olub. Espertlərə görə, növbədənkənar seçkilərin keçirilməsi vəziyyətdən yeganə çıxış yolu ola bilər. Parlamentin spikeri İrakli Kobaxidzenin sözlərinə görə, vəziyyəti müəyyən siyasi qüvvələr qızışdırır. Baş nazir isə ölkədə tezliklə sabitliyin təmin olunacağını deyib. Yaranmış vəziyyətə sabiq prezident Mixail Saakaşvili də münasibət bildirib. Hazırda Polşada olduğunu söyləyən Saakaşvili imkan düşən kimi ölkəyə qayıdacağını bildirib: 

"Hakimiyyət həbsxana təhlükəsi olan adamdan qorxursa, bu o deməkdir ki, onlar düzgün mövqedə deyillər. Gürcüstana dönməyim üçün heç bir sənədim yoxdur. Belə bir imkanım olan kimi, gəlib xalqımın azadlıq uğrunda mübarizəsində çıxış edəcəm”.

Qonşu ölkədəki vəziyyəti şərh edən politoloq Qabil Hüseynli "Şərq”ə açıqlamasında vəziyyətin kifayət qədər mürəkkəb olduğunu deyib. Ekspertin sözlərinə görə, hökumət rəsmiləri etiraz edənləri təxribatçı qüvvələr adlandırır, onları ictimai-siyasi sabitliyi pozmaqda ittiham edir: 

"Baş nazir hökumətin bu cür təxribatlara dözməyəcəyini deyir. Bu o deməkdir ki, milyarder Bidzina İvanaşvilinin rəhbərlik etdiyi Gürcüstan hökuməti sosial vəziyyətdən qaynaqlanan aksiyalara müsbət yanaşmayacaq. Hərəkat genişlənsə belə hakimiyyətin dəyişməsinə imkan verməyəcəklər. Qəribə orasıdır ki, Putin də çıxışı zamanı Saakaşvili kimi şəxslərin yenidən Gürcüstana rəhbərliyə gətirilməsinə imkan verməyəcəyini bəyan edib. 

İvanaşvilinin Rusiya ilə əlaqədə olması məlumdur. İvanaşvilinin formal olaraq yenidən siyasi hakimiyyətə qayıtması da Moskvanın təlimatı ilə baş tutdu. Sabiq baş nazir Gürcüstandakı bütün bank sistemlərinə nəzarət edir. 

O, hakimiyyətdə olduğu müddətdə sərvətini 2 milyard dollar artırıb. Gürcü xalqı bunu ədalətsiz adlandırır və maddi rifaha zərbə vuran hal kimi dəyərləndirir. Artıq ölkədə sosial partlayışa yaxın şərait formalaşmaqdadır”. Politoloq vurğulayıb ki, əgər Gürcüstanda güclü bir lider ortaya çıxıb hərəkəti yönləndirərsə, asanlıqla hakimiyyətə yiyələnmək mümkündür: 

"Amma hələki meydanda parlaq şəxsiyyət yoxdur. Buna görə də kütlələrin fəaliyyəti kortəbii xarakter daşıyır. Saakaşvilinin Ukraynadakı inadkarlığını yada salmaq istəyirəm. Sabiq prezidentin Ukraynada sərgilədiyi mövqeni dəfələrlə pisləmişdim. Sadəcə quru bəyanatlarla kifayətlənmək olmaz. Düzdür, Saakaşvili Avropa ölkələrinin birində gürcü müxalifəti ilə görüş keçirdi. Ancaq konkret siyasi fəallığa başlamadı. Bu baxımdan Saakaşvili barədə proqnoz verməkdə çətinlik çəkirəm. Hesab edirəm ki, Soros və sair təşkilatların dəstəyi ilə Gürcüstandakı aksiyalar genişlənə bilər”.

İsmayıl