Hətta qonşu ölkələrlə münasibətlərində soyuqluq yaranıb
Gürcüstan Rusiyadan deportasiya olunan vətəndaşlarına görə, Moskvadan 70 milyon 320 min avro mənəvi təzminat tələb edib. Bu barədə Gürcüstanın Ədliyyə Nazirliyindən məlumat verilib. Xatırladaq ki, 2006-cı ildə Gürcüstan hakimiyyəti 4 rusiyalı zabiti casusluqda ittiham edərək həbs edib.
Buna cavab olaraq Rusiya öz ölkəsində qeyri-qanuni olaraq qalan 2380 Gürcüstan vətəndaşını deportasiya edib. Bu proses zamanı səhətinin pisləşdiyinə görə, 3 gürcü həyatını itirib. Bundan sonra gürcü hökuməti Avropa İnsan Haqları Məhkəməsinə müraciət edib. Bir il əvvəl beynəlxalq məhkəmə Gürcüstanın iddialarını əsaslı hesab edib və 12 ay ərzində tərəflərə kompensasiyanın həcmini razılaşdırmağı təklif edib. Lakin Moskva ilə Tiflis razılığa gələ bilməyiblər. Buna görə Gürcüstan həmin məbləği birtərəfli qaydada müəyyən edib. Ekspertlərin fikrincə, xeyli müddət keçdikdən sonra bu məsələnin yenidən gündəmə gətirilməsi bir sıra siyasi motivlərlə bağlıdır. Çünki indiki gürcü hökuməti əvvəlkindən fərqli olaraq Rusiya ilə daha loyal münasibət qurmaqda maraqlı idi. Məsələ ilə bağlı "Şərq”ə danışan "Qeyrət” Xalq Hərəkatının sədri, Gürcüstanda yaşayan soydaşımız Əlibala Əsgərov deyib ki, Gürcüstanın indiki hakimiyyətinin Rusiya ilə əlaqələri normallaşdırma fikri Rusiya tərəfindən heç də birmənalı qarşılanmayıb: "Belə cəhd olsa da, çox uğursuz alınıb. Demək olar ki, hələ də Rusiya birtərəfli viza rejimini tətbiq etməkdə davam edir. İndiki halda Rusiya-Gürcüstan münasibətlərində heç bir yumşalma hiss olunmur. Məhkəmə prosesi isə məncə, Avropaya və ümumiyyətlə Qərbə Gürcüstanın bir mesajı kimi qəbul olunmalıdır. Hakimiyyət dəyişikliyinə baxmayaraq, Saakaşvilinin Qərb oriyentasiyası hələ də davam etməkdədir. Gürcüstan açdığı təzminat davası ilə əslində Qərb dövlətlərinə yolunun ancaq Avropa Birliyi və NATO-dan keçəcəyini göstərmək istəyir”.
Ə.Əsgərovun sözlərinə görə, ən önəmlisi qonşu dövlətlərlə sıfır problem siyasətini önə çəkməkdir: "Gürcüstan region dövlətləri ilə öz arasında problem yaranmamasına cəhd və səy göstərməlidir. Çünki son zamanlar həm Azərbaycan, həm də digər qonşu dövlətlərlə Gürcüstan arasında müəyyən soyuqluq rüzgarları əsdirməyə cəhd göstərən qüvvələr görünməkdədir. Onlara imkan vermək olmaz”.
İsmayıl