Hacı, Məşədi, Kərbəlayı adları mediada qadağan olunsun

Qulu Məhərrəmli: “Din sferasından kənarda bu titullardan istifadə etməyin heç bir mənası yoxdur”
Nizami Cəfərov: “Bunun bir xətası yoxdur”


Millət vəkili Fazil Mustafa jurnalistləri Hacı, Kərbəlayı, Məşədi titullarını yazmamağa çağırıb. Bu barədə millət vəkili öz feysbuk səhifəsində bildirib. Parlamentari qeyd edib ki, ümumiyyətlə rəsmi qaydada Hacı, Kərbəlayı, Məşədi adlarının istifadəsi qadağan olunmalıdır:

"Qoy küçədə-bacada, ev və qonşular arasında kimsə bu adlarla biri-birini çağırıb təkəbbür nümayiş etdirsin. Bu tanıtım birbaşa dini xurafatla və saxtakarlıqla bağlıdır və heç vaxt səmimi din adamı özünə mənəvi borc olaraq gördüyü ziyarəti xatırladan faktı titul olaraq adının qarşısına pərçimləyib reklam etməz. Bu cahilliyi anladıq. Ancaq anlaşılmaz odur ki, niyə belə bir cahilliyin yayılmasında daha çox rol alan bizim bir sıra media təmsilçilərimiz olur? Xəbər paylaşırlar ki, Hacı filankəs tutuldu, Hacı filankəs buraxıldı. Adamın vətəndaş olaraq adı və soyadı varsa, rəsmi olaraq yayılan xəbərdə niyə dini titul işlədirlər, özləri də səbəbini bilmirlər. Təkcə dini ekstremizmə qarşı mübarizə kifayət etməz, həm də dini saxtakarlığa qarşı mübarizə vacibdir.

Millət vəkili sadə bir nümunə də göstərib: "Hz. Peyğəmbərə Hacı Məhəmməd deyilibmi? Yaxud da Hz. Əbubəkr, Hz.Ömər, Hz. Osman və Hz. Əli kimi islam böyüklərinə aid Hacı Əbubəkr, Hacı Ömər, Hacı Osman, Hacı Əli kimi tanıtımlara tarix mənbələrində rast gəlmisinizmi? Bu səbəbdən savadlı jurnalistlərimizi bu qondarma dini titulları, tanıtımları mediada leqallaşdırmaqdan imtina etməyə çağırıram”.

Parlament üzvünün çağırışına münasibət bildirən tanınmış media eksperti Qulu Məhərrəmli qeyd edib ki, bu, çox doğru və yerində verilmiş təklifdir: "Cəmiyyətdə mənəvi ölçülərin pozulduğu bir vaxtda insanlar dini titullarla sanki o mənəvi boşluğunu doldurmağa çalışır. Təkcə jurnalistlərə aid deyil. Başqa sahələrdə də belə məsələlər var. Adların qarşısında Hacı, Kərbəlayı və Məşədini vurğulamağın nə mənası var axı? Bunu özləri üçün mənəvi və əxlaqi göstərici hesab edirlərsə, bunu əməlləri ilə sübut etməlidirlər. Bunu qabartmaq olmaz. Ümumiyyətlə din sferasından kənarda bu titullardan istifadə etməyin heç bir mənası yoxdur. Fazil bəyin təklifini dəstəkləyirəm və hesab edirəm ki, çox dəqiq addımdır. Dini titullardan sui-istifadənin qarşısı alınmalıdır. İnsanlar yalnız öz gözəl keyfiyyətlərinə görə, fərqlənməlidir”.

Ekspertin qənaətincə, hazırda elmi adlardan da süni şəkildə istifadə edirlər: "Yeri gəldi-gəlmədi kimlərisə professor, akademik və yaxud dosent adlandırırlar. Bu nəyə xidmət göstərir? Mən öz əməlimlə işimi təsdiq edə bilmirəmsə, mütləq mənə professor deməlidirlər ki, qarşımdakı insan inansın? Fazil bəyin təklifi çox doğrudur və jurnalistləri bu təklifi dəstəkləməyə səsləyirəm”.

Q.Məhərrəmli Hacı, Kərbəlayı və başqa dini statusların məsxərəyə qoyulmasının da tərəfdarı deyil: "Bu adları çox şərəflə daşıyan dostlarım var. Onlar özlərinə Hacı demirlər. Bunu nə məsxərəyə qoymaq, nə də xurafat kimi də təqdim etmək olmaz. Sadəcə, təvazökar olmaq lazımdır. İnsani yanaşılmalıdır. Mən ziyarət yerlərinə gedirəmsə, bu mənim şəxsi işimdir. Allah, din və islam qarşısında öz borcumu yerinə yetirirəm. Bunu reklam etmək, gözə soxmaq doğru deyil və insanların düşüncəsinə çox pis təsir göstərir”.

Dilçi alim, akademik Nizami Cəfərov da millət vəkilinin çağırışını dəstəkləyib: "Bunlar rəsmi titullar olmadığından rəsmi status kimi də işlənə bilməz. Məsələn, Xalq artisti, Əməkdar elm xadimi, Əməkdar mədəniyyət işçisini işlədə bilərlər. Bu, dövlətin verdiyi rəsmi titullardır. Amma dini statuslar rəsmi deyil. Onların rəsmi olaraq işlədilməsi qeyri-qanunidir”.

Bu işin mənəvi tərəflərinin olduğunu deyən, N.Cəfərov qeyd edib ki, həmin dini titullarla mətbuatda çıxış etmək mümkündür: "Bəzən mediada təxəllüslə də çıxış edirlər. Bunlar mümkündür. Qeyri-rəsmi dairələr var ki, bunu orada heç kim qadağa edə bilməz. Həmin statuslar qeyri-rəsmi bütün sferalarda işlənə bilər. Bunun bir xətası yoxdur”.

Ayyət Əhməd