Hadı Rəcəbli onlardan gileyləndi

“Əlillərə nə edirsən, yenə narazı qalırlar”
“15 il bundan əvvəl maşın alıb, indi həmin maşın xarab olub. Deyir ki, yeni maşın verin. Bir dəfə maşın verilib, dövlət bundan artıq nə etməlidir?”


Ötən gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. Komitə sədri Ziyad Səmədzadə Vergilər Məcəlləsində dəyişikliklər edilməsi barədə qanun layihəsini təqdim edib. Sənəddə əsasən kənd təsərrüfatına aid olan malların idxalı və satışının ƏDV-dən azad olunması təklif edilir.

Deputat qeyd edib ki, Məcəlləyə edilən ikinci dəyişiklik isə kənd təsərrüfatı təyinatlı torpaqların hər hansı üzrlü səbəb olmadan təyinatı üzrə istifadə edilmədikdə ona tətbiq olunan vergi dərəcəsi ilə bağlıdır. Belə ki, dəyişikliyə əsasən həmin torpaq üzrlü səbəb olmadan təyinatı üzrə istifadə olunmursa, vergi dərəcəsi artırılır. Bu məbləğ hər 100 kvadratmetr üçün 10 manat müəyyən edilir.

İclasda həmçinin "Gömrük tarifi haqqında” qanunda dəyişikliklər edilməsi, "Sosial sığorta haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihələrinə baxılıb.

"Burada sahibkarların üzərinə böyük məsuliyyət düşür”

Müzakirələrə qoşulan komitənin üzvü, deputat Əli Məsimli xatırladıb ki, Azərbaycanın 20 faiz torpaqları işğal altındadır: "Bu gün işğalda olan torpaqların ətraf ərazilərindəki yerlərdən istifadə edə bilmədiyimizə görə zəbt olunmuş ərazilərimiz 25 faiz sayılır. Belə bir zamanda insanlarımız torpaqlarımızın hər qarışından səmərəli şəkildə istifadə etməlidirlər. Hesab edirəm ki, torpaqlardan düzgün istifadənin səmərəliliyini artırmaqdan ötrü bir müddət istifadə edilməyən torpaqlar sahiblərindən alınmalıdır. Əgər bu üsul öz nəticəsini verməsə, o zaman belə halların qarşısını almaq üçün inzibati yollara əl atmaq olar”. Bir sıra məhsulların vergidən azad edilməsi istiqamətində ölkəmizdə atılan addımları müsbət qiymətləndirən deputat söyləyib ki, burada kənd təsərrüfatına aid məhsulların Əlavə Dəyər Vergisindən (ƏDV) azad edilməsi mühüm faktordur: "Lakin burada sahibkarların da üzərinə böyük məsuliyyət düşür. Əgər sahibkar bu güzəştlərdən istifadə edərək məhsulunun inkişafını əvvəlki kimi saxlayacaqsa, o zaman həm dövləti, həm də vətəndaşı aldatmış olacaq. Elə ölkələr var ki, orada ƏDV 18 faizdən artıqdır. O, 14 faiz olanda daha yaxşı işləyir, iqtisadi stimul verir və fəallığı artırır. Bu rəqəmdən aşağı və ya yuxarı olduqda iqtisadiyyata mənfi təsir göstərir”.

"Kiminsə dövriyyəsi gəlib 195 min manata çatanda, həmin şəxs üçüncü firma açır ki, gəlirləri 200 mini keçməsin”

Millət vəkili deyib ki, Azərbaycanda bu göstərici 14 faizdən artıqdır: "Hesab edirəm ki, faizlər aşağı salınmalıdır. Hazırda ƏDV-nin aşağı salınması buradan əldə edilən ümumi məbləğə təsir edə bilər. Lakin onun effektivliyi nəticəsində bir neçə ildən sonra milyardlar əldə etmək mümkündür. Hesab edirəm ki, islahatlarda bu təklifin reallaşması çox vacibdir. Sadələşdirilmiş vergi kiçik biznesin inkişaf etdirilməsində unikal vasitədir. Amma kiminsə dövriyyəsi gəlib 195 min manata çatanda, həmin şəxs üçüncü firma açır ki, gəlirləri 200 mini keçməsin. Bəlkə də bu, yeni firmaların açılması nöqteyi-nəzərdən stimullaşdırıcı rol oynaya bilər. Amma iki il müddətinə yoxlamaların azaldılması Azərbaycana keyfiyyətsiz ərzaq, eləcə də dərman vasitələrinin gətirilməsinə yol aça bilir. Bu cür hallar 10 qat artıq cəzalandırılmalıdır. Çünki Azərbaycan Prezidenti qanunun fəaliyyətini dayandıraraq, sahibkarlara jest edib. Bundan sui-istifadə etmək olmaz. Bu istiqamətdə daha etibarlı mexanizm qurulmalıdır ki, ölkəyə ərzaq və ya dərman məhsulları gətirən sahibkarlar ölkəni keyfiyyətsiz məhsulların satış poliqonuna çevirməsinlər”.
Müzakirələrdən sonra qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Parlamentdə yeni qanun...

Ötən gün həmçinin Əmək və sosial siyasət komitəsinin iclası da keçirilib. Komitənin sədri Hadı Rəcəbli bildirib ki, iclasın gündəliyinə "Sosial sığorta haqqında” qanuna dəyişiklik edilməsi barədə məsələ daxildir. Müxtəlif sahələrdə həyata keçirilən islahatlar barədə danışan komitə sədri diqqətə çatdırıb ki, qanuna təklif olunan bu dəyişiklik də həmin islahatların tərkib hissəsidir.
Toplantıda hazırda üzərində iş gedən "Turizm haqqında” qanun layihəsi barədə də fikir mübadiləsi aparılıb. H.Rəcəbli bildirib ki, qanun layihəsi həcm baxımından çox böyükdür: "Lakin biz layihədə bütün turizm sahəsini ehtiva ediriksə, o zaman layihədə bütün məsələlər öz əksini tapmalıdır. Sənəddə çox maraqlı müddəalar var. Biz "Turizm haqqında” qanun layihəsinin bu ayın sonu və ya mayın ilk ongünlüyündə yenidən müzakirəyə çıxaracağıq. Layihə yenidən rəylərə göndərilə bilər. Vaxtilə mənfi rəy formalaşdıran təşkilatlar, düşünürəm ki, yenidən layihə ilə əlaqədar fikirlərini bildirsinlər”.

"Rusiya-Türkiyə arasındakı turizm boşluğundan istifadə etməliyik”

Komitə sədri diqqətə çatdırıb ki, Moskvada Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəliyi yaradılıb: "Hər kəsə məlumdur ki, onlar vaxtilə, Bodrum, Antalya, Türkiyənin bir çox yerlərinə istirahət etməyə gedirdilər. Lakin Rusiya-Türkiyə arasındakı münasibətlər bu sahədə boşluq yaradıb. Biz bu boşluqdan istifadə edərək turistlərin Azərbaycana cəlb edilməsi istiqamətində ciddi çalışmalıyıq. Artıq onların saytları da fəaliyyət göstərir.

Bundan əlavə, belə bir mərkəz Türkiyədə də yaradılıb. Bu gün gündəmdə olan məsələlərdən biri özünəməşğulluqdur ki, onun da bir qolu turizmə gəlib çıxır. Bütün bunlar ona gətirib çıxarır ki, biz "Turizm haqqında” qanunla ciddi məşğul olmalıyıq. Hər zaman deyirdik ki, ölkəmizdə 5 ulduzlu otellər çoxluq təşkil edir. Amma hazırda ölkəmizdə 3, 4 ulduzlu otellər var və turizmin digər formaları da vüsət almağa başlayıb”.

Deputat Rauf Əliyev isə bildirib ki, ötən dəfə komitə iclasında "Turizm haqqında” qanun müzakirə edilib: "Belə qərara aldıq ki, həmin iclasda səsləndirilən təkliflərlə əlaqədar Baş nazirə ümumi bir məktub ünvanlayaq. Amma nədənsə bu məsələlərdən xəbər çıxmadı. Mənim nazir Əbülfəs Qarayevə böyük hörmətim var. Çünki bu gün nazir turizmin inkişaf etdirilməsində böyük işlər görür. Amma ötən iclasda bizimlə müzakirələrə qatılan nazir müavininin, deyəsən, heç turizm sahəsindən xəbəri yoxdur”.

"Belə çıxır ki, sabah taxta bir ev tikim, üstünə 7 dənə ulduz yapışdırım”

Komitənin üzvü Araz Əlizadə isə bildirib ki, qanunu nəzərdən keçirib: "Bu qanun dərslik vəsaitini xatırladır. Qanun nəzəriyyə üçün yox, fəaliyyət üçün əsas olmalıdır. Bu, dərslik deyil. Nazirlikdə qanunu ordan-burdan yığıblar, sonra göndəriblər ki, Milli Məclisin hüquq şöbəsi işləsin. Qanun praktiki rol oynamalıdır, bu isə tam nəzəridir”. Ötən komitə iclasında müzakirələr zamanı təklif edildi ki, qiymətlər aşağı salınsın. Nazir müavini isə bizə deyir ki, kim necə istəyirsə, elə də ulduz yapışdırıb. Ulduz yapışdırmaq sizin nazirliyin səlahiyyətinə aiddir. Ulduzları siz verirsiniz. Belə çıxır ki, sabah taxta bir ev tikim, üstünə 7 dənə ulduz yapışdırım. Həmçinin düşünürəm ki, Azərbaycan Turizm Nazirliyinin Türkiyədə nümayəndiliyinin yaradılması absurddur. Guya oradan bizə turist göndəriləcək? Biz elə yerlərdə nümayəndəlik yaratmalıyıq ki, oradan ölkəmizə turist gəlsin. Novruz bayramında Bakıya turistlər gəlmişdi. Onlar hamısı bayramda gələn turistlərdir. Gəlin baxaq, yay fəslində həmin turistlər gələcəkmi? Bu qiymətlərlə inanmıram ki, kimsə bura gəlsin”.

"Mənzillər ilk olaraq, I qrup əlillərə verilməlidir”

İclasda əlillərin məsələsi də müzakirə edilib.
"Əlillərlə bağlı məsələlər digər qanunvericilik aktlarında da öz əksini tapmalıdır” - deyən xanım millət vəkili Aytən Mustafayeva bildirib ki, əlillərin təhsili ilə bağlı təkliflər Milli Məclisin Elm və təhsil komitəsinə verilib: "Əlilliklə bağlı qanunvericilikdə işlər gedir. Təhsil ilə bağlı bir neçə təkliflərimizi İsa Həbibbəyliyə göndərmişik. Çünki "Təhsil haqqında” qanunda da bunlar öz yerini tapmalıdır. Bizdə "Əlillik haqqında” qanun normal qanundur. Amma təəssüf ki, əlilliklə bağlı məsələlər digər qanunlarda öz əksini tapmayıb”.

Komitənin sədri H.Rəcəbli isə deyib ki, Qarabağ əlillərinə mənzillər verilir: "Sadəcə, burada bir məsələ var, mənzillər ilk olaraq, I qrup əlillərə verilməlidir. İndi əlillərimiz bəzi məsələlərlə bağlı narazıdırlar. Hansısa əlil 15 il bundan əvvəl maşın alıb, indi həmin maşın xarab olub. Deyir ki, yeni maşın verin. Bir dəfə maşın verilib, dövlət bundan artıq nə etməlidir? Bu, doğru yanaşma deyil. Nə edirsən, yenə də elə narazı qalırlar”.

Anar Bayramoğlu