İsveçrədə bazar günü paltar asmaq olmaz
Dünya ölkələri fərqli qanunları ilə də seçilir. Siyasət insanlarının öz ölkələrində müəyyən hadisələrə söykənərək qələmə aldığı bəzi qanunlar maraq yaratmaqla bərabər, gülüşə də səbəb olur. Oxuduğumuz zaman ilkin olaraq güldüyümüz bəzi qanunlar əslində müəyyən tarixçəyə, hansısa hadisəyə dayanır. Araşdırmalar nəticəsində belə qanunların əksəriyyətinin ABŞ-da qəbul edilməsi məlum olub.
Buna belə səbəb gətirilir ki, o vaxtlar Amerikada hər kəsin (qaradərililərdən, Amerikanın yerli əhalisi hindulardan və qullardan başqa) sonsuz azadlıqları var idi. Orada qanunlar mövcud vəziyyətə görə qəbul olunurdu. Müasir dövrə çatdırılan və hazırda gülüş doğuran qanunların əksəriyyəti adət-ənənələrə söykənir. Məsələn, ABŞ-ın Alabama ştatında bazar günü iki nəfər domino oynayarkən dalaşır və bu dava nəticəsində biri digərini öldürür. Bundan sonra həmin ştatda bazar günləri domino oynamaq qadağan edilir. Ümumiyyətlə, bu ştatda bir çox qəribə qadağalar var. Burada kilsədə süni bığ taxıb gülməli hərəkətlər etmək qadağandır. Qatar relslərinə duz tökmək ölüm ilə cəzalandırıla bilər. Bundan başqa, bu ştatda şalvarın arxa cibində dondurma saxlamaq olmaz.
Ontariyoda şəhər sərhədləri daxilində xoruzların banlamağı qadağandır. Bu qanunu oxuyanlar onun qəbulundan sonra şəhərdə xoruz saxlanmadığını yəqin edirlər.
Koloradonun Denver şəhərində qonşuya tozsoran vermək qadağandır. Həm də şəhərdə siçanlara pis davranmaq olmaz.
Pensilvaniyada hamamda mahnı oxumaq və qapısı açıq olan soyuducunun qarşısında yatmaq, Oklohomada ayaqqabı ilə yatmaq, Nyu-Cersidə şorbanı səsli içmək qəti qadağandır. Maraqlıdır ki, bu qanunların pozulması halları baş verirmi və əgər baş verirsə, hamamda mahnı oxuyan insanı kim polisə şikayət edir?
Arizonada eşşəklərin ləyəndə yatması qadağandır. Burada kaktus kəsməyin cəzası 25 ilə qədər həbsdir. Ştatın Mohave mahalında sup oğurlayanın cəzası, supu oğrunun başına tökməkdir.
Haydendə dovşan və qurbağaları narahat edən pulla cəzalandırılır.
Los-Ancelesdə kişinin həyat yoldaşını 5 sm-dən qalın kəmərlə döyməyi qadağandır. Lakin digər vasitələrlə kişilər həyat yoldaşını döyərsə, bunun cəzası yuxarıdakı qanuna aid deyil.
Fransada donuzlara Napoleon adının qoyulması qadağandır. Yəni, başqa heyvanlara Napoleon adı qoyulması sahibinin öz seçiminə buraxılır. Kanadada yağış yağanda əgər kimsə, çəmənləri sulamaq qərarına düşərsə, bunun qanunvericilikdə qadağan edildiyini bilməlidir.
Kanadanın Oşava şəhərində ağaca dırmaşmaq olmaz.
Bəzi ölkələrdə, o cümlədən ən məşhur nümunə sayılan Şotlandiyada yubka kişilərin milli geyimi hesab olunsa da, İtaliyada yubka geyinən kişilər həbs olunur. İsveçrədə bazar günü paltar asmaq olmaz.
Avstraliyada uşaqların siqaret almalarına icazə verilmir, lakin onların siqaret çəkməsinə qadağa yoxdur. Avstraliyanın Viktoriya şəhərində bazar günləri çəhrayı şalvar geyinmək olmaz.
Sinqapurda metroda saqqız tapdalayan həbs olunur. Ümumiyyətlə, kifayət qədər inkişaf etmiş ölkə olan Sinqapurda saqqızın satılması da qadağan edilib. Vyominqdə iyun ayında dovşanın fotoşəklini çəkmək olmaz.
Texasda başqa birinin inəyinin südünü içmək olmaz.
Afrika ölkəsi olan Svazilenddə qadınların şəxsi paltarlarına qarışan ölkə qanunvericiliyi nə qədər qəribə olsa da, 30-35 yaşlı qadınların alt paltarı geymələrinə icazə vermir.
Nikaraquanın Mataqalpa şəhərində bir kişi həyat yoldaşı tərəfindən aldadıldığını öyrənsə, ondan boşanmaq məcburiyyətindədir. Boşanmasa cəzalana bilər. Younqstonda yolda avtomobilin benzinin bitməsi qadağandır. Bu, cinayət sayılır.
Macarıstanda birdən çox xanımla evlənmək qadağandır. Bu ölkədə əgər kişi iki qadınla evlənməyə cəhd etsə, ikisiylə də bir evdə yaşamağa məhkum edilir. Çünki Macar qanununa görə, kişinin bir evdə hər iki qadını ilə yaşaması kifayət qədər böyük bir cəzadır.
Floridanın Pensakolada şəhərində yerli sakin əgər cibində on dollardan az pul varsa, qaxılıb evdə oturmalıdır - şəhərə çıxa bilməz.
İngiltərə sahillərində tapılan ölü balinanın başı krala, quyruğu və sümükləri isə kraliçaya aid olur. Onların bu sür-sümüklərlə nə etməsi isə sual altındadır.
Beləliklə, dünyanın ancaq bir hissəsindən dərc edə bildiyimiz bu məlumatda kifayət qədər maraqlı məqamların olduğu danılmazdır. Hər halda müxtəlif ölkələrdə mövcud olan bu qanunların, qadağaların və həmçinin adət-ənənələrin insanlar tərəfindən qəbul olunması isə onların etnik-psixoloji xüsusiyyətlərindən asılıdır.
Aysel Aslan