“Dəfn pulu”ndan artıq vəsaitin xərclənməməsi təklifi Azərbaycan cəmiyyəti üçün keçərli olmayacaq”
Hamı ölüsünə hörmət göstərmək istəyir
“Kimə başa sala bilərsən ki, yas mərasiminə bu qədər pul xərcləmək olmaz”
“Dəfn pulu”ndan artıq vəsaitin xərclənməməsi təklifi Azərbaycan cəmiyyəti üçün keçərli olmayacaq”
“Dəfn pulu”ndan artıq vəsaitin xərclənməməsi təklifi Azərbaycan cəmiyyəti üçün keçərli olmayacaq”
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Nazirlər Kabinetinə təqdim etdiyi "Məzar yerləri və məzarlıqlar haqqında” qərar layihəsində dəfn xərclərinin dəfn üçün müavinətin məbləğindən artıq olmamasını təklif edib.
Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib. Lakin "dəfn işi” dedikdə yas mərasimi nəzərdə tutulmur.
G.İsmayılov qeyd edib ki, "dəfn işi” məzar üçün torpağın ayrılması, qəbrin qazılması, dəfn olunma və abidənin qoyulmasından ibarətdir: "Əgər vəfat etmiş şəxsin iş yeri varsa, "dəfn pulu” dediyimiz vəsait onun iş yerindən verilir. Əgər ölən təqaüdçüdürsə, həmin vəsait Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ödənilir. Biz "Məzar yerləri və məzarlıqlar haqqında” qərar layihəsində dəfnin məhz bu vəsait hesabına aparılmasını nəzərdə tutmuşuq. Təklifimizin mahiyyəti bundan ibarətdir ki, dəfn üçün xərclər bu vəsaitdən artıq olmasın. Biz nəzərdə tuturuq ki, torpaq pulsuz olacaq. İkincisi, qəbiristanlıqların saxlanılması, abadlaşdırılması vətəndaşların deyil, bələdiyyələrin hesabına olacaq. Təklifimizdə də məqsəd odur ki, torpaq pullu olmasın, ikincisi, qəbirüstü abidələr təmtəraqlı olmasın, üçüncüsü isə qəbiristanlıqlar normal bir şəkildə fəaliyyət göstərsin”.
G.İsmayılov əlavə edib ki, layihədə bir nəfərin bir neçə qəbir yeri götürməsinə icazə verilmir: "Yəni heç kim 4-5 qəbir yeri götürə bilməz. İkinci yer o şərtlə verilə bilər ki, həmin yeri vəfat etmiş şəxsin həyat yoldaşı götürsün. Eyni vaxtda iki nəfərdən artıq insan üçün məzar yeri verilə bilməz”.
Bələdiyyələrin Fəaliyyətinə Yardım İctimai Birliyinin rəhbəri Vüqar Tofiqli isə hesab edir ki, bələdiyyələri dəfn məsələlərinə cəlb etməzdən öncə, bələdiyyələrin maliyyə fondu formalaşmalıdır:
- Məsələn, Türkiyədə bu işlər artıq çoxdan qurulub. Vətəndaş rəhmətə gedəndə dövlət və bələdiyyə qurumları dəfn işlərinin icrasında yaxından iştirak edir. Bütün hüquqi prosedurları yerinə yetirir və mənəvi köməkliyi göstərir. Onların vəzifə və səlahiyyətləri qanunla tənzimlənir. Orada elə məzarlıqlar var ki, bələdiyyənin balansındadır. Bələdiyyənin maşını, hər cür texniki imkanları və maliyyə resursları da var. Ona görə də Türkiyədə bələdiyyələr dəfn məsələləri ilə məşğul ola bilir. Vətəndaşın dəfni ilə bağlı bütün işləri - cənazənin yuyulması, məzarlığa aparılması və dəfni hər bir iş bələdiyyə tərəfindən həyata keçirilir. Bizdə isə bələdiyyələr belə imkanlara malik deyil. Bələdiyyələrə aid torpaq sahələri hələ dəqiqləşməyib. Bir nəfər rəhmətə gedəndə ailə üzvləri bilmir hara müraciət etsinlər, "JEK”ə, bələdiyyəyə, yoxsa icra hakimiyyətlərinə. Çoxu məscidlərdən kömək istəyir. Bu məsələlər hamısı dəqiqləşməlidir ki, vətəndaşların kimə və hara müraciət edəcəkləri də bilinsin. Əlbəttə, bu məsələlərdə bələdiyyələrə səlahiyyətlər verilməsi çox yaxşı olardı. Amma gərək əvvəlcə bələdiyyələrin maliyyə mənbələri dəqiqləşsin. Maliyyə vəsaitləri olsun ki, işçi saxlaya bilsinlər, qəbiristanlıqlara, təmizliyə, səliqə-səhmana nəzarət etsinlər, imkansız ailələrin dəfn xərclərini qarşılasınlar. Yəqin ki, Nazirlər Kabineti qərar qəbul edərkən bunlar da nəzərə alınacaq.
Millət vəkili Fazil Mustafa isə İnterpress.az-a açıqlamasında "Məzar yerləri və məzarlıqlar haqqında” qanun layihəsinin Azərbaycan cəmiyyətində reallaşmasının mümkünsüz göründüyünü deyib:
- "Dəfn pulu”ndan artıq vəsaitin xərclənməməsi təklifi Azərbaycan cəmiyyəti üçün keçərli olmayacaq. Bunun icraolma ehtimalının böyük olacağını zənn etmirəm. Kimə başa sala bilərsən ki, yas mərasiminə bu qədər pul xərcləmək olmaz. Və ya "dəfn pulu”ndan əlavə vəsait xərclənməsin: Hamı özünü göstərmək, ölüsünə daha çox hörmət göstərdiyini nümayiş etdirmək üçün özündən müxtəlif addımlar atacaqdır. Bu məsələdə bir irəliləyiş olacağını düşünmürəm. Amma bu layihə Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən atılan müsbət bir addımdır. Bu addımı da dəstəkləmək lazımdır. Hər halda cəmiyyətdə düşüncənin necəliyindən asılı olmayaraq insanların müəyyən dərəcədə sıxıntılarını azaltmaq lazımdır. Vəfat etmiş insanın əziyyətini həyatda olan qohum-əqrəbasının üzərinə yükləmək olmaz. Bununla yanaşı düşünürəm ki, maarifçilik işi də aparılmalıdır. İnsanlar bilməlidir ki, aşırı xərclərlə hüzr mərasimi vermək insanlara çox baha başa gəlir.
Fazil Mustafa layihədə bələdiyyələrin heç bir ödəniş olmadan torpaq verilməsi təklifinə də münasibət bildirib:
"Bələdiyyələr formal olaraq torpaq məsələləri ilə məşğul olurlar. Ona görə də çox az sayda - yalnız rayon bələdiyyələrinin bu işlə məşğul ola biləcəyi mümkün görünür”.
Məlahət Rzayeva