“Hansı səbəbə görə partiyadan istefa verməliyəm?”

Vurğun Əyyub: “Mən Müsavat Partiyasının bərpa mərkəzinin üzvlərindən biriyəm”



Aprelin 4-də Müsavat Partiyasının qərargahında toplantı keçirilib. İclasda alınan əsas qərarlardan biri parlament seçkilərinə namizədliyini irəli sürən Vurğun Əyyubun Məclis üzvlüyündən çıxarılması olub. Prosesdə diqqət çəkən məqamlardan biri də eks-başqan İsa Qəmbərin V.Əyyubla bağlı dedikləri olub. Keçmiş sədr heç bir səsverməyə ehtiyac görmədiyini bildirib:

"Vurğun Əyyub bizim köhnə dostumuzdur və ona qarşı belə hörmətsizliyi qəbul etmirəm. Ancaq o öz qərarını verib, özünü Məclis üzvü hesab etmir. Təklif edirəm ki, məsələ səsverməyə qoyulmasın. Çünki özünü Məclis üzvü hesab etməyən şəxsin adı üzvlük siyahısından çıxarılmalıdır”. Beləliklə, V.Əyyubun adı üzv siyahısından çıxarılıb. Onun üzvlükdən çıxarılmasına partiya daxilində etiraz edənlər də olub. Məclis üzvlüyündən çıxarılması və namizədliklə bağlı "Şərq”in suallarını cavablandıran Müsavat Partiyasının üzvü Vurğun Əyyub qurum Məclisinin və orada baş verənlərin onun üçün maraqlı olmadığını deyib.

- Vurğun bəy, Müsavatın Məclis üzvlüyündən çıxarılmanızı necə dəyərləndirirsiniz?

- Əvvəlcə onu deyim ki, "çıxarılma” sözü doğru deyil. Mən Müsavat Partiyasının Məclisinin formalaşmasında yol verilən prosedur qaydalarına etiraz olaraq, qurultaya seçilmiş üzvləri, o cümlədən özümü qeyri-legitim hesab etmişəm. Ona görə də dəfələrlə bildirmişəm ki, Məclisdə iştirak etməyəcəm. Bu mənada "çıxarılmaq” sözü bir qədər yerinə düşmür.

- Eks-başqan İsa Qəmbərin barənizdə dediklərinə münasibətiniz necədir?

- Münasibətim normaldı. İsa Qəmbər düz deyib, yəni olanı söyləyib. Mən özüm Məclisdə iştirak etmirəmsə və onu qeyri-legitim hesab edirəmsə, onda səsəqoyma və ya müzakirə nəyə lazımdır?

- Partiya haqqında səsləndirdiyiniz tənqidi fikirlər Müsavat funksionerləri tərəfinidən kəskin etirazla qarşılanır. Sizə qarşı aqressiya namizədliyinizin irəli sürülməsi ilə bağlıdır?

- Əslində mən Müsavat əleyhinə heç bir şey deməmişəm. Tənqidi fikirlərim partiyanın rəhbərliyi haqqında olub. Rəhbərlik isə partiya demək deyil.

- Namizədliyiniz barədə partiyaya təqdim olunan sənəd Məclisdə təsdiq olunmazsa, sonrakı addımınız necə olacaq?

- Düzü, Müsavat Məclisinin namizədliyimi təsdiq edib-etməyəcəyi məni az maraqlandırır. Məni maraqlandıran əsas məsələ Müsavatın Suraxanı rayon təşkilatının namizədliyimi irəli sürməsi və məni müdafiə etməsidir.

- Əgər namizədliyinizlə bağlı problem yaranarsa, ADR siyasi təşkilata çevrilərək namizədliyinizi irəli sürə bilərmi?

- ADR ictimai hərəkat kimi yaradılıb və bugünədək ictimai hərəkat olaraq fəaliyyət göstərir. Hərəkatın gələcək taleyini onun üzvləri müəyyən edəcək. Hər halda hələlik hərəkatın siyasiləşməsi barədə fikrimiz yoxdur.

- Şəxsən siz ADR-in siyasi partiyaya çevrilməsini istəyirsinizmi?

- Əgər elə bir niyyətim olsaydı, hər hansı siyasi təşkilatın quruculuğunda iştirak edərdim. Bizim məqsədimiz ictimai hərəkat yaratmaq və bu istiqamətdə fəaliyyət göstərmək olub. Ona görə də Hərəkat yaratmışıq.

- Professor Adil Qeybullanın ADR sədrinin müavini təyin olunmasını necə dəyərləndirirsiz?

- Adil bəy ölkənin tanınmış tibb mütəxəssislərindən, həkimlərindəndir. Eyni zamanda Müsavat Partiyasının qurulmasında və fəaliyyətində bütün bacarığı ilə iştirak etmiş bir şəxsiyyətdir. Bu baxımdan onun ADR sədrinin müavini olmasını sevindirici hadisə hesab edirəm.

- Qubad İbadoğlunun hərəkatın başında olmaması qurumun fəaliyyətinə problem yaradırmı?

- Elə bir ciddi problemlə üzləşmirik. Çünki daim sədrlə əlaqə saxlayırıq. Amma Qubad bəyin ölkədə olmaması təbii ki, xırda da olsa bəzi çətinliklər yaradır. Bilirsiz ki, ADR indi təşkilatlanma mərhələsini keçir. Qarşımıza Respublikanın bütün inzibati ərazilərində rayon təşkilatlarını yaratmaq məqsədi qoymuşuq. Bu prosesin sürətlə getməsində Qubad bəyin çox böyük rolu ola bilərdi. Amma hesab edirəm ki, indi onun iştirak etdiyi tədbirlər Azərbaycana daha artıq fayda verir. Ona görə də hərəkatın rəhbərliyi və üzvləri Q.İbadoğlunun beynəlxalq tədbirdə iştirakını vacib bilirlər.

- Məclis sədri Nüşabə Sadıqlı deyib ki, siz ya ADR Hərəkatını, ya da Müsavatı seçməlisiniz. Belə bir şərtə münasibətiniz necədir?

- "Seçim etməliyik” demək nədir? Mən Müsavat Partiyasının üzvüyəm. Partiya üzvlərinin bir çoxu istənilən ictimai hərəkatlarda, qeyri-hökumət təşkilatlarının işində fəal şəkildə iştirak edə bilərlər. Müsavatda da vəziyyət belədir. Qarşımızda seçim tələbinin qoyulması doğru deyil. Bu cür tələblə çıxış edənlərə və partiyaya rəhbərlik etmək iddiasında olanlara Müsavatın nizamnaməsini oxumağı tövsiyə edirəm.

- Məsələn, hesab edirlər ki, siz partiyadan istefa verib, fəaliyyətinizi birdəfəlik ADR-də davam etdirməlisiniz? Müsavatdan istefa vermək fikriniz varmı?

- Nəyə görə, hansı səbəbə görə partiyadan istefa verməliyəm?! Vurğun Əyyub Müsavat Partiyasının bərpa mərkəzinin üzvlərindən biridir. Məni istefaya çağıranlar öz siyasi tərcümeyi-hallarına baxsalar, yaxşı olar.

- Tərəflər arasında qarşılıqlı ittihamlar səsləndirilir. Hətta zaman-zaman təhqiramiz ifadələrə də yer verilir. Mübarizənin bu şəkildə aparılmasına münasibətiniz necədir?

- Münasibətim pisdir. Sosial şəbəkələrdə bir-birinin əleyhinə aşağılayıcı ifadələr söyləyən adamları bundan çəkinməyə çağırıram. Bu, heç bir halda qəbul ediləsi məsələ deyil. Hər hansı proseslə bağlı fərqli fikirlər söyləmək olar. Amma başqalarını təhqir edəcək səviyyədə sözlər işlətmək heç kimə hörmət gətirmir. Çox üzücü haldır ki, Müsavat Partiyasının indiki rəhbərliyi Müsavatın tarixən malik olduğu demokratik ənənələrlə öyünürlər. Deyəsən, hərdən unudurlar ki, ünvanına hər cür aşağılayıcı ifadələr işlətdikləri adamların hesabına öyündükləri demokratiya yaranıb. Ona görə də hansı tərəfdə olmasından asılı olmayaraq, mən insanları bir-birinə qarşı hörmətlə davranmağa çağırıram.

- Mövcud şəraitdə tərəflərin bir masa arxasına gəlməsi mümkündürmü, ümumiyyətlə buna zərurət varmı?

- Mümkün olub-olmadığını deyə bilmərəm, amma mən belə bir müzakirəyə ehtiyac görmürəm.

İsmayıl