
Harınlamış bəzi məmur övladları...
“Qlobal dünya böhranından əlavə məmurlarımız da ölkəmiz üçün bir problemə çevrilib”Dəyanət Rzayev: “Elə məmur övladları tanıyıram ki, davranışında psixopatiya var”
İlqar Altay: "Onların ən kiçik xətalarına belə güzəştə getmək olmaz”

Vəzifəli şəxslərin qoluzorlu qohumlarının rəngarəng gecə həyatı qaldığı yerdən davam edir. Ötən il öz gücünü qızların üstündə sınayan, generallardan birinin qohumu olan İsa Əzizov bu dəfə də "Azpetrol” keşikçisini döyüb. "Qəhrəmanımız” bu "qoçu”luğuna görə, bəlkə də ətrafındakı insanlardan "əhsən” alıb. Amma cəmiyyətdə onun bu hərəkətinin bir adı var, o da qudurğanlıq. Qeyd edək ki, ictimaiyyətin etirazına, cəmiyyətin narazılığına rəğmən məmur balaları durub-dayanmaq bilmir.
Hətta zaman-zaman bir çoxları barəsində ciddi tədbirlər görülsə də, oliqarx - məmur övladları harınlıqlarını davam etdirirlər. Həm də Azərbaycan Prezidentinin keçirdiyi müşavirələrdə dəfələrlə etdiyi sərt çıxışlara rəğmən. Xəbərdarlıqlardan dərs götürmək əvəzinə onlar daha çox ailənin faciəsinə səbəb olurlar.
Bəs niyə məmur balaları qudurğanlıq edir, bunun bir psixoloji izahı varmı?
Qeyd edək ki, Daxili İşlər Nazirliyi Bakıda idmançıların kütləvi dava salması barədə mətbuatda yayılan məlumatlara münasibət bildirib.
Nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidovun sözlərinə görə, yanvarın 25-i saat 04 radələrində paytaxtın Tbilisi prospektində yerləşən yanacaqdoldurma məntəqəsinə gəlmiş avtomobilin sürücüsü və sərnişini ilə məntəqənin mühafizəçisi Sadiq Bağırov arasında mübahisə yaranıb. Nəticədə avtomobildə olanlar mühafizəçini döyərək hadisə yerini tərk ediblər. Nəsimi
Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Mahir İsgəndərov və İsa Əzizov müəyyən edilərək saxlanılıblar.
Psixoloq Dəyanət Rzayev hesab edir ki, təkcə məmur balaları yox, adi insanlar da qudurğanlıq edirlər: "Ancaq onlar öz səviyyəsində özbaşınalığa yol verirlər. Kimisi kafedə dalaşır, başqasını bıçaqlayır, kimisi oğurluq edir, kimisi dava salır. Məmur övladlarının buna ehtiyacı yoxdur, hardansa oğurluq etmirlər. Çünki imkanları böyükdür. Sadəcə, cəzasızlıq hissi keçirirlər. Elə məmur övladları tanıyıram ki, davranışında psixopatiya var. Kimisə döyürlər, kimisə alçaldırlar, maşınla adam vururlar. Yadınızdadırsa, yaxın zamanlarda Xalq artistinin ailəsini məhv etdilər. Burda məmur övladından yox, psixopatdan söhbət gedir”. Psixoloqun sözlərinə görə, təhsilli, mədəni və abırlı məmur balaları da var: "Ancaq harınlıq kateqoriyasına aid olanlar heç nədən zövq almırlar, psixopatlıq etməyə başlayırlar. Məmur və onun övladı adi vətəndaşdan ikiqat məsuliyyət daşımalıdır. Ancaq məmur balası qəza törətməkdən qorxmur. Bilir ki, cəza verilməyəcək, cərimə ödəməyəcək. "Gallinvagen” sürən 16 yaşlı uşaqlar görmüşəm, sürücülük vəsiqəsi də yoxdur. Maşını istədiyi yerdə saxlayır. Deyir, yol polisi nömrələrimi tanıyır, mənə heç nə deməz. Bax, bu arxayınçılıq, cəzasız qalacaqlarına əmin olmaqları belə vəziyyət yaradıb. Ancaq unudurlar ki, pulla çox şey almaq olar, amma hər şeyi yox. Avropada, Amerikada məmur balası qanunsuzluq edəndə cəzalanır. Bizdə isə əksinədir. Hər kəsin ailəsi var. Bu cür cəzasızlıq daha böyük faciələrə yol açmadan onlar haqqında sərt tədbirlər görülməlidir. Bu eyni zamanda başqalarına da görk olar”.
Milli Məclisin deputatı, Azərbaycan Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin müdafiə məsələləri şöbəsinin müdiri, general-leytenant Məhərrəm Əliyevin qardaşı Adil Əliyev isə deyib ki, Bakının Tbilisi prospektində "Azpetrol” yanacaqdoldurma məntəqəsindəki davada adı hallanan İsa Əzizov nə bacım, nə də qardaşım oğludur.
Lakin deputat İ.Əzizovun onların qohumu olduğunu təsdiqləyib: "Onun bu cür addım atmasına inanmırıq. Əgər belə edibsə, biz təəssüflənirik”.
Onun sözlərinə görə, mətbuat məsələnin mahiyyətini kənara qoyaraq İsa Əzizovun onlarla qohumluq əlaqələrini ön plana çəkir: "İsa Əzizovun hərəkətində qanunsuzluq təsbit olunarsa, o da hamı kimi qanun qarşısında cavab verəcək. Bunun başqa alternativi yoxdur. Bəzi saytlarda yazıblar ki, guya adı çəkilən şəxs Kikboksinq Federasiyasının üzvüdür. Bu da kökündən yanlış xəbərdir, İsa Əzizovun yaxından, uzaqdan federasiyamıza aiddiyyəti yoxdur, yarışlarımızda iştirak etməyib. Onun hansı idman növü ilə məşğul olması haqqında da məlumatım yoxdur. Bir də ki, Kikboksinq Federasiyasının rəhbəri olaraq daima idmançılarımıza onu aşılayıram ki, rinqdən kənarda heç kimə güc nümayiş etdirmək olmaz, əks halda qanun qarşısında cavab verəcəksiniz. Sağ olsunlar federasiyamızın idmançıları, heç zaman üzümüzü qara etməyiblər, qazandıqları ancaq medallardır ki, bayrağımızı ucaldırlar. Hər gün ölkədə nə qədər cinayət hadisəsi baş verir.
Bu kimi cinayətlər də onlardan biridir. Hər kəs özünə və ailə üzvlərinin hərəkətlərinə cavabdehlik daşıyır. Mən düşünürəm ki, ictimaiyyət də bu fikrimlə razılaşar. Biz ailəliklə dövlətimizə bağlı qanunsevər insanlarıq. Bu həmişə belə olub və bundan sonra da belə olacaq. Buna kimsənin zərrə qədər də şübhəsi olmasın. Sonda fikirlərimi bu sözlərlə bitirmək istəyirəm:
Əllərində balta tutub gözləyən bəzi həmvətənlilərim öz pisliklərindən qalmırlarsa, biz niyə öz yaxşılıqlarımızdan qalmalıyıq”.
İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, kriminalist ekspert İlqar Altayın sözlərinə görə, hansısa məmur övladının və ya yaxın qohumunun qanunsuz addımlarında həmin məmurun özü də ən az onlar qədər məsuliyyət daşıyır. Daha doğrusu hər şeyin kökü orada dayanır: "Əvvəla onu deyim ki, məmur və ya sıravi vətəndaş olmasından asılı olmayaraq hər bir ata, nəsil ağsaqqalının tərbiyəsində, davranışlarında problem varsa, mütləq həmin ailədə böyüyən uşaqlar da həmin xarakterə sahib olacaq. Tərbiyə insana Allah vergisi deyil ki?! Hər kəs tərbiyəni görüb-götürür. Təbii ki, bunu bütün məmur övladlarına aid etmək olmaz. Övladları, qohumları savadlı, intellektli, ailəsi hər kəs üçün örnək ola biləcək, dövlətə vətənə sadiq kifayət qədər məmurlarımız, generallarımız var. Amma nə yazıq ki, qoçu yetişdirməkdə az qala biri-biri ilə yarışa girən vəzifəli şəxslərimiz də az deyil. Onlar sanki öz övladlarına ailə tərbiyəsi əvəzinə cəmiyyətə qənim kəsilməyin yollarını aşılayırlar. Nə dövlətə, nə də vətəndaşlara hörmət edirlər. Adi insan anlayışı bunlar üçün özündə heç nəyi ehtiva etmir. Məmur övladlarının, general qohumlarının bu cür harınlığı birinci dəfə deyil. Vaxtaşırı olaraq biz onların qanunsuzluqlarının şahidi oluruq. Kriminal insanlar qalıb bir kənarda məmur övladları camaat, dövlət üçün ciddi başağrısına çevrilib. Onların atdığı hər addım dövlətçilik sistemində bir zərbədir. Onların harınlığı üzündən vətəndaşlarda dövlətə qarşı bir narazılıq yaranır. Cəmiyyətdə belə bir düşüncə formalaşıb ki, bütün bunların artmasına dövlət şərait yaradır, göz yumur. Görünür, ötənilki qanunsuzluğunun cəzasız qalması onun əl-qolunu daha da açıb ki, o şəhərin mərkəzində kütləvi dava çıxarıb, adam döyür, silah çəkir. Hesab edirəm ki, özbaşınalığı ilə ad çıxaran məmur övladlarının vaxtında islah olunması, az da olsa digərlərinin qanunsuzluqlarının qarşısını alar. Bu addımı məmurlardan gözləməyə dəyməz. Onların tərbiyə vermək bacarığı olsa, bunu elə ən başda edərdilər. Tərbiyə edib, cəmiyyətə ötürdükləri uşaq sonradan cəmiyyət üçün baş bəlasına çevrilməzdi. Deməli, onlarda övladlarına verəcək tərbiyə yoxdur. Əslində buna təəccüblənməməliyik. Məhz bu cür gənclərin valideynləridir ki, onların yol verdikləri qanunsuzluqlar ucbatından ölkəmiz ikiqat böhrana məruz qalıb. Qlobal dünya böhranından əlavə məmurlarımız da ölkəmiz üçün bir problemə çevrilib. Ölkəmizin bugünkü vəziyyətində hansısa məmur övladlarının qanunsuzluğu cəmiyyətdəki etirazları daha da alovlandıra bilər. Hüquq-mühafizə orqanları, ictimai təhlükəsizlik idarəsinin əməkdaşları bu məsələdə prinsipial olmalıdırlar. Onların ən kiçik xətalarına belə güzəştə getmək olmaz. Hətta onlar asayişi pozduğu halda kasıb uşaqlarından daha sərt cəzalandırılmalıdırlar. Əks halda onları yoluna düzmək bizim üçün çətin olacaq”.
Şəymən