"Texniki nasazlıq ucbatından təyyarə qəzası baş verərsə, sistemi sazlayan şirkət cavabdehlik daşıyır”.
Bu sözləri "Sherg.az”a texniki problemlər səbəbindən baş verən təyyarə qəzalarından danışarkən AZAL-ın sabiq prezidenti Ədalət Əliyev deyib.
O diqqətə çatdırıb ki, bütün təyyarələr xüsusi proqramla istismar olunur və texniki baxışı keçirilir:

"Texniki baxış illik və yarım kvartal şəklində keçirilir. Bu proses xüsusi təmir zavodlarında kompleks şəkildə aparılır. Təyyarələr uçuşa buraxılmazdan əvvəl onun istismarının mümkünlüyünə dair zəmanət verilir. Heç bir halda təyyarələrin istismar qaydaları pozulmamalıdır. Ola bilər ki, qəza təyyarələrin özünün hansısa avadanlığının, mövcud hissəsinin çatışmazlığı nəticəsində baş versin. Amma hava sərnişindaşımasında qəzalar çox az baş verir. Texniki nasazlıq ucbatından qəza baş verərsə, sistemi sazlayan şirkət cavabdehdir. Təyyarənin hissələrinin, avadanlıqlarının nasazlığı olarsa, məsul şirkət bu problemi aradan qaldırır. Hətta həmin qurğuların istehsalı, istismarı dayandırılır.
Bu sahədə fəaliyyət göstərən təşkilatlar çalışır ki, istehsal etdikləri avadanlıqlar standartlara tam şəkildə cavab versin, dəqiq zəmanət verilsin. Təyyarələrin profilaktik olaraq, "qara qutu”sunda məlumatlar saxlanır. Texniki təminata cavabdeh olan şirkətlər özləri də "qara qutu”nun açılmasında maraqlı olurlar. Çünki istehsal etdikləri malın keyfiyyətindəki problemləri, nasazlığa səbəb olan faktorları aradan götürmək istəyirlər”.
Qeyd edək ki, İranda Türkiyənin "Başaran" holdinqinə məxsus özəl təyyarə qəzaya uğrayıb. Birləşmiş Ərəb Əmirliklərindən İstanbula uçan təyyarə Tehranın cənubunda, Şahrekord şəhəri yaxınlığında qəzaya uğrayıb. Dağlıq əraziyə düşən təyyarə yerə çırpılaraq yanmağa başlayıb. "Reuters" agentliyi təyyarədə 3 heyət üzvü və 8 sərnişin olmaqla, 11 nəfər olduğu və qəzada onların hamısının həyatını itirdiyi barədə məlumat yayıb.
Aysel Aslan