Hazır olmayan binalardan mənzil almayın

Bəzən məhkəmə yolu ilə də problemi həll etmək mümkün olmur



Yeni tikilən və yaxud tikilməsi planlaşdırılan çoxmərtəbəli binalarda mənzillərin hələ hazır olmamışdan bir neçə il öncə satılması təcrübəsi var. Düzdür, bu yolla mənzil sahibi olanlar var. Amma belə binalarda ev alıb aldananlar, pulu boşuna verənlərin sayı da çoxdur. Belə ki, ucuz qiymətə təklif olunan mənzillər alıcıları da çox cəlb edir. Lakin sonradan məlum olur ki, həmin mənzillər bir yox, bir neçə nəfərə satılıbmış.

Bu cür binalarda ev alan xeyli sayda vətəndaş var ki, pozulmuş hüququnun bərpası üçün aylarla məhkəmələrə gedib-gəlməli olub. Yeni tikilən binalarla bağlı vətəndaşların hüquqlarının pozulması halları isə müxtəlif cürdür.

Kimi binanın özülü yeni qazılanda müəyyən məbləğ ödəsə də, bina inşa olunub başa çatandan sonra ona çatacaq mənzilə sahib ola bilmir, kimisi də aldığı mənzilin bir neçə sahibinin ortaya çıxması ilə əlaqədar məhkəmələrə müraciət edərək pozulmuş hüququnun bərpasına çalışır.

Qeyd edək ki, ötən sayımızda da bu mövzuya toxunmuşduq. Milli azadlıq hərəkatının fəal öncülü, müstəqil mətbuatımızın qurucularından olan Ağamalı Sadiq Əfəndinin kiçik oğlu Orxan Əfəndiyev redaksiyamıza müraciət edərək "Yasamal MTK” tərəfindən dolandırıldığını bəyan edərək aldığı mənzilin, eyni zamanda bir neçə şəxsə satıldığını deyib.

Məsələ ilə bağlı "Şərq”ə danışan "MBA LTD” Qiymətləndirmə və Konsaltinq Şirkətinin rəhbəri Nüsrət İbrahimov tək-tək tikilən binaların əksəriyyətində bu problemin olduğunu deyib. Onun sözlərinə görə, xüsusən də Yeni Yasamal və Əhmədli ərazisindəki binalarda bu cür dələduzluq

halları baş verir: "Vətəndaşlar MTK-lara aldanmamaq üçün mənzil almazdan əvvəl məlumatlı olmalıdırlar. Ötən illərə baxanda problemli MTK-ların sayı xeyli azalıb. İstənilən alqı-satqı şirkətinin onlar haqqında məlumatı var. Vətəndaşlar mənzil alan zaman həmin şirkətlərlə əlaqə saxlayıb, hansı MTK-nın problemsiz olduğunu araşdıra bilər. İndiki halda bu problemdən başqa çıxış yolu görmürəm”.

Ekspertin sözlərinə görə, məsələnin kompleks həlli üçün qanunvericilikdəki boşluqları doldurmaq lazımdır: "Qanunvericilik o dərəcədə təkmilləşdirilməlidir ki, MTK-lar vətəndaşları aldatmaq xəyalına düşsə belə, buna nail ola bilməsinlər”.

MTK-larla vətəndaşlar arasında bağlanan müqavilələrin formal xarakter daşıdığını vurğulayan N.İbrahimov deyib ki, məhkəmə yolu ilə belə bu problemin həlli asan olmur: "Şirkət rəhbəri eyni mənzili 4-5 nəfərə satır. Axı məhkəmə necə qərar versin? Bu insanların 5-i də vicdanlı alıcıdı. Min bir əziyyətlə qazandığı, borca götürdüyü pula özünə mənzil alıb. Aldadan tərəfin adına heç bir əmlak olmadığı üçün məhkəmə qərarı ilə vətəndaşlara dəymiş zərəri ödətmək də mümkün olmur, qərar icrasız qalır. Ona görə də bütün məsuliyyət vətəndaşların öz üzərinə düşür. Onlar mənzil aldıqları tikinti şirkəti barəsində maksimum məlumatlı olmalıdırlar”.

Ekspertin sözlərinə görə, başqa bir çıxış yolu da təhvil verilməmiş yarımçıq binalardan mənzillərin satışına qadağa qoyulmasıdır: "Bir çox ölkələrdə bina tamamlanmayıbsa, qanun onun satışına icazə vermir. Bizdə binalar kooperativ üsulu ilə tikildiyindən qanun ilkin mərhələdə satışa icazə verir. Tikinti şirkəti hər mərhələdə alıcını aldada bilər”.

Hüquqşünas Müzəffər Baxışov da hazır olmayan binalardan mənzil almamağın tərəfdarıdır. Onun sözlərinə görə, bu cür mənzil alarkən bağlanan alqı-satqı müqaviləsi Mülki Məcəllənin tələblərinə uyğun deyil: "Bünövrə qoyulanda artıq müqavilə imzalayıb satış həyata keçirirlər. Həmin müqavilə isə notarial qaydada təsdiq edilmir. Sonradan isə bu məsələlər ciddi problemlər yaradır. Dəfələrlə çoxmərtəbəli, çoxmənzilli binalarda evlərin satılması ilə bağlı əhalinin aldadılması halları baş verir. Bu cür qanunsuzluqlara yol verənlərin cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı hallar da çoxdur. Hüquqi baxımdan hazırkı vəziyyət göstərir ki, həmin binalarda mənzil almaq düzgün deyil. Heç kim onlara təminat vermir ki, ona satılan mənzil başqa birinə də satılmayıb və yaxud satılmayacaq”.

Hüquqşünas deyib ki, şirkətin və ya tikinti ilə məşğul olan şəxsin maliyyə vəziyyəti çətinləşəndə istər-istəməz maxinasiyalar etməyə başlayır. Vəziyyətdən çıxmaq üçün mənzilləri bir neçə şəxsə satmaq məcburiyyətində qalır. Düşünür ki, bu yolla vəziyyətdən çıxacaq və gələcəkdə problemini digər yollarla həll edəcək. Amma bu kimi hallar üst-üstə yığılır və gələcəkdə məlum olur ki, bir mənzil beş-altı adama satılıb: "Həmin şəxslərin özlərinin də arasında problem yaranır. Əldə olan müqaviləyə əsasən ilkin olaraq mənzil kimə satılıbsa, ona çatır. Şirkət və yaxud hüquqi və ya fiziki şəxs elə müflisləşmiş vəziyyətdə olur ki, həmin şəxslərə hər hansı pul ödəmək imkanı olmur. Pulun ödənilməsi ilə bağlı məhkəmənin hökmü və yaxud qətnaməsi ola bilər. Müflis olan şirkətdən və yaxud hansısa şəxsdən pulun alınması mümkün deyil. Ona görə məhkəmənin verdiyi qərarın da icrası mümkün olmur”.

Mövcud problemlərin həlli üçün atılmalı olan addımlara gəldikdə isə ekspert deyib ki, bu sahədə Azərbaycanda xüsusi nüfuz qazanmış şirkətlər çalışmalıdırlar: "Onlara müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmin tikililərin aparılmasına müvafiq sərəncam verilməlidir. "Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” qanunda, Mülki Məcəllədə əvvəlcədən qeydiyyat institutu var. Sonra həmin tikili vahid smeta sənədlərinə uyğun olaraq əvvəlcədən qeydiyyata alınmalıdır. Daha sonra həmin tikililərdə mənzillərin konkret şəxslərə satışı notarial qaydada həyata keçirilməlidir. Belə olan halda mənzilin başqa şəxsə satılması mümkün deyil. Bizdə təkliflər var və qanunda da bu imkanların nəzərdə tutulmasına baxmayaraq, tətbiqinə başlanılmır”.

Şəymən