“Hazırkı vəziyyət məni qane edir”

Məzahir Süleymanzadə: “Televiziya kanalları ilə müqayisədə qəzetlərdə ixtisaslaşma nisbətən hiss olunur”



1989-ci ildə Azərbaycanda nəşr olunan "Səhər” qəzeti 1998-ci ilə qədər ölkədə həssas proseslərin cərəyan etdiyi məqamda, taleyüklü məsələlərin həllində həqiqət carçısı funksiyasını yerinə yetirib.

Məzahir Süleymanzadənin rəhbərliyi ilə nəşr olunan qəzet demək olar ki, Azərbaycan mətbuat tarixində ən tirajlı mətbu orqanlardan biri olub. Xalqın seçim qarşısında qaldığı dönəmlərdə, tərəddüdlərin tüğyan elədiyi bir vaxtda "Səhər” çiyinlərini məsuliyyətin altına verib, Azərbaycan insanına doğru yol göstərib.

Bu və digər xidmətlərini nəzərə alaraq biz də "Səhər” qəzetinin yaradıcısı olan Məzahir Süleymanzadənin bugünkü mətbuatın durumu, söz-fikir azadlığı və plüralizmin inkişafı, mətbuata verilən dəyər haqqında fikirlərini öyrəndik.

Əməkdar mədəniyyət işçisi, Azərbaycan Mətbuat Şurası Ahıl Jurnalistlər Məclisinin sədr müavini Məzahir Süleymanzadənin imzası oxuculara və ədəbi ictimaiyyətə yaxşı tanışdır. O, bu mülkün ən halal sahiblərindən biridir. Çünki əlinə qələm aldığı və sözə könül verdiyi gündən həmişə seçilib. Otuz ildən artıq bir müddətdə müxtəlif mətbuat orqanlarında, idman təşkilatlarında çalışan Məzahir Süleymanzadə peşəkar jurnalist kimi səmərəli fəaliyyət göstərən, mükəmməl yaradıcılığa malik, sayılıb-seçilən həmkarlarımızdandır. Onun yaradıcılıq üfüqləri çox geniş, toxunduğu mövzular müxtəlifdir. Amma bunların hamısını bir məcrada birləşdirərək oxucu marağına səbəb olmaq qüdrətinin yalnız bir adı və möhkəm dayağı var: Qələm!

Məzahir Süleymanzadə sözə məsuliyyətlə yanaşmağı bacaran qələm sahibidir. Bu səbəbdən də nə yazıbsa, maraqla oxunub, rəğbətlə qarşılanıb. Həm peşəkarlıq, həm də istedad, üstəgəl səriştə, təcrübə - bütün bunlar birləşərək məhz Məzahir Süleymanzadə imzasını oxuculara sevdirə bilib.

Qeyd edək ki, Məzahir Süleymanzadənin yaradıcısı və baş redaktoru olduğu "Səhər” qəzetinin ilk sayı 1989-cu il avqustun 4-də 400 minə yaxın tirajla çıxıb. Qəzet dərhal da oxucu məhəbbəti qazanıb. İlk nəşrindən etibarən qəzetin məqsədi kommunist sözündən bir qədər fərqli söz demək olub. Həmin dövrlərdə ölkədə olan mətbuat orqanlarının xüsusi vəzifələri var idi. Amma "Səhər” "Kommunist” qəzetinin əlavəsi olmasına rəğmən orada kommunistlikdən əsər-əlamət olmayıb. Sadəcə olaraq, həmin dövrdə qəzet nəşr etdirmək, yeni redaksiya yaratmaq mümkünsüz olduğu

üçün "Səhər” bir növ "Kommunist”in iqtisadi əlavəsi olub. "Səhər” qəzetinin yaranması ilə bağlı açıqlamalarının birində M.Süleymanzadə deyib: "Bunun üçün Moskvadan xüsusi icazə lazım idi. Təbii ki, bu da mümkün deyildi. O vaxt mən "Kommunist” qəzetinin müavini idim. Bundan istifadə edib yeni qəzeti "Kommunist” qəzetinin əlavəsi adı altında nəşr etdirdik. "Səhər” qəzeti cəsarətli yazılar verirdi. 1990-cı il qanlı yanvar hadisələrini törədən Mixayıl Qorbaçovun rəhbərliyi altında Kommunist Partiyası idi. Buna görə də "Kommunist” adlı qəzetin nəşrindən söhbət gedə bilməzdi. Amma biz qəzet buraxmaq, peşə borcumuzu yerinə yetirmək istəyirdik. Bu da fövqəladə halda, hərbi senzura şəraitində mümkün görünmürdü. O vaxt cəsarətli jurnalistlər qrupuna Rəfael Nağıyev, Şakir Yaqubov və mən rəhbərlik edirdik. Biz bu qəzeti ərsəyə gətirə bildik. "Səhər” qəzetinin 20 yanvar hadisəsinə həsr olunmuş sayı, Azərbaycan mətbuat tarixində ilk dəfə olaraq iki milyon nüsxə ilə nəşr olundu və xalqa pulsuz paylanıb. O dövrdə xarici mətbuatın istinad etdiyi ən etibarlı mənbə "Səhər” qəzeti olub”.

Ahıl Jurnalistlər Məclisinin sədr müavini mətbuatın mövcud durumunu o qədər müsbət qiymətləndirməsə də, əvvəlki illərə nisbətən xeyli irəliləyişlərin olduğunu vurğulamağı da unutmayıb.

- Məzahir Süleymanzadə hazırda nə işlə məşğuldur?

- Məzahir Süleymanzadə Bakı Futbol Federasiyasının (AFF) vitse-prezidenti, Azərbaycan Mətbuat Şurası (MŞ) Ahıl Jurnalistlər Məclisinin sədr müavinidir. Eyni zamanda, MŞ-nin, Tələbə Qəbulu Dövlət Komissiyasının (TQDK) və Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) eksperti kimi fəaliyyət göstərir. Yəni, jurnalistikadan ayrılmayıb və paralel olaraq da idman sahəsində də təşkilatçılıq fəaliyyətini davam etdirir. Bundan əlavə, hər il bir kitabla oxucuların görüşünə gəlir. İndiyə qədər 20-yə yaxın kitabı nəşr olunub. 63 yaşa az qalıb, buna rəğmən yenə də əlində qələm Azərbaycan jurnalistikasına xidmət edir, daimi olaraq mətbuatı izləyir.

- İzlədiyiniz mətbuat orqanlarının səviyyəsi sizi qane edirmi?

- Mətbuatımızın bugünkü durumunu real vəziyyətə uyğun hesab edirəm. Bir mütəxəssis kimi kənardan baxanda hazırkı vəziyyət məni qane edir. Düzdür, müəyyən çatışmazlıqlar hələ də var. Məni ən çox narahat edən məsələlərdən biri qəzetlərin sayının həddindən artıq çox olmasıdır. Yəni qəzetlərin sayı çox, sanbalı yoxdur. Hamısı biri-birinin eyni, bənzəridir. Amma bir neçə il bundan əvvəl mətbuatın səviyyəsi bu günlə müqayisədə daha pis idi. Sevindirici haldır ki, getdikcə Azərbaycan mətbuatında xeyli irəliləyişlər var, "durulma” hiss olunur, qəzetlərin sayı azalır. Artıq oxucular öz baxışlarına uyğun mətbuat orqanları formalaşdırıblar. Bunun fonunda da gələcəyə nikbin baxmaq olar, xeyli irəliləyişlər var. Ümid edirdik ki, gələcəkdə müəyyən ələnmə gedəcək, tənzimlənmə işləri aparılacaq. Çünki bütün bu proseslər zamanın işidir. Konkret bir qərar və sərəncamla həll olan məsələ deyil. Sözsüz ki, zaman özü öz sözünü deyir və hökmünü verir. Mətbuat da zamanla ayaqlaşmağa məcburdur. Həmçinin bu inkişafda Mətbuat Şurasının və oxucu rəğbəti qazanmış, öz ənənəsi olan qəzetlərin fəaliyyətinin mühüm əhəmiyyəti var.

- Mətbuatın ölkədə baş verən ictimai-siyasi proseslərə təsir imkanı hiss olunurmu?

- Əlbəttə, hiss olunur. İnternet resursları vasitəsilə vaxtaşırı xarici saytları da izləyirəm. Bizim mətbuat orqanlarında çalışan jurnalistlərin, qəzet redaktorlarının xarici media orqanında imzalarını görürəm ki, bu məni çox sevindirir. Jurnalistlərimiz təkcə Azərbaycan mediasında yazmaqla kifayətlənmir, eyni zamanda Azərbaycan həqiqətlərini beynəlxalq aləmin diqqətinə çatdırmağa da cəhd göstərirlər. Ölkədə baş verən bütün proseslərə isə mətbuat öz münasibətini bildirir. Azərbaycanda baş verən elə bir hadisə yoxdur ki, mediamız öz mövqeyini ortaya qoymasın. Tam əminliklə deyə bilərəm ki, Azərbaycan mətbuatı günü bu gün də 4-cü hakimiyyət funksiyasını yerinə yetirir.

- Azərbaycan jurnalistikası ilə bağlı ekspertləri ən çox narahat edən problemlərdən biri ixtisaslaşmadır. Siz bu barədə nə düşünürsünüz?

- İstənilən halda jurnalistika sahəsində ixtisaslaşmanın olmasını vacib hesab edirəm. Çünki iqtisadiyyat, idman və mədəniyyət kimi sahələr spesifik xarakter daşıyır. Amma mətbuat orqanlarının maddi durumunun aşağı olması bu problemi ortaya çıxarır.

Əgər redaksiyanın yetəri sayda jurnalistdə qonorar və maaş vermək imkanı olsa, onda bir jurnalistə bir neçə istiqamətdə yazı yazmağı tapşırmazlar. Hərə öz maraqlandığı, daha dərindən bilgiyə sahib olduğu mövzular ətrafında araşdırma aparar. Amma realda medianın öz strukturunda ayrı-ayrı sahələr üzrə şöbələr yaratması, həmin sahələr üzrə ixtisaslaşmış jurnalistləri cəlb etməsi və ya öz jurnalistlərini ixtisas kurslarına göndərməsi redaksiya rəhbərlərinin imkanı xaricindədir. İnşallah, mətbuatın maliyyə problemləri öz həllini tapdıqdan sonra ixtisaslaşma məsələsi də aradan qalxacaq. Həmçinin də jurnalistlərimiz öz üzərlərində işləməli, xarici dil öyrənməli, yaradıcılıq qabiliyyətlərini artırmalıdırlar. Bütün bunlar isə zaman tələb edir. Onu da deyim ki, televiziya kanalları ilə müqayisədə qəzetlərdə ixtisaslaşma nisbətən hiss olunur. Efir məkanımız reytinq arxasınca qaçdığı üçün hazırladıqları verilişin nə istiqamətinə, nə də mahiyyətinə diqqət ayırırlar. Onlarınkı hay-küy qoparıb, şou düzəltməkdir. Nə yaradıcılıq baxımından peşəkarlıq var, nə də ədəbi dilimiz qorunur.

- Zaman-zaman filoloqlar, ziyalılar Azərbaycan ədəbi dilini daha çox medianın korladığını iddia edir. Deməli, bu ittihamlara əsas var...

- Təbii ki, müəyyən mənada bu iddialara əsas var. Sadəcə bir məsələyə aydınlıq gətirmək istəyirəm ki, ana dilimizin ədəbi normalarını korlayan internet saytlarıdır. Yəni, bu ittihamları çap mediasına aid etmək olmaz. Bir neçə peşəkar saytı çıxmaqla qalanların heç birində Azərbaycan dili yoxdur. Nə ədəbi dilimizin normalarına, nə də orfoqrafiyaya əməl olunur. El dilində desək, internet media ilə televiziyalar "ana dilimizin atasına od vurur”. Onlardan fərqli olaraq, mətbuatda dilimizin tələbləri də qorunur, orfoqrafiya lüğətinə də əməl olunur. Xüsusən də, dövlət qəzetləri və ənənəsi olan bəzi müstəqil qəzetlərdə dilimizə diqqət lazımi səviyyədədir. Heç kəs iddia edə bilməz ki, "Şərq”, "525-ci qəzet”, "Azərbaycan”, "Xalq” və bir sıra peşəkar kollektivə sahib qəzetlərdə ədəbi dilimizin normaları kobud şəkildə pozulur. Bu qəzetlər yayımlandığı ilk gündən bütün normalara əməl edib. Çünki bu qəzetlərin öz dəsti-xətti, öz ənənəsi var. Monitorinqlərin nəticəsi də göstərir ki, Azərbaycan dilinə münasibətdə bu qəzetlər mətbuatda örnək rolunu oynayır. Amma təəssüflə vurğulamalıyam ki, saytlar haqqında bu sözləri demək olmur. Onlar isə düzəlmir ki, düzəlmir!

Şəymən

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb