Ancaq əsas problem cinayətin dərəcəsinə görə, məhbusların eyni həbsxanaya salınmasıdır
“Həm ilk məhkumluğu olanı, həm də iki və daha artıq məhkumluğu olanları eyni cəzaçəkmə müəssisəsində saxlayırlar”
Bakıda Cəzaçəkmə Müəssisəsində məhkumlar arasında dava olub.
Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, bir neçə gün əvvəl Penitensiar Xidmətin 11 saylı Cəzaçəkmə Müəssisəsində dava düşməsi barədə idarəyə material daxil olub.
Daxil olan məlumata görə, cəzaçəkmə müəssisəsində düşən dava zamanı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə məhkumluq həyatı yaşayan, 1989-cu il təvəllüdlü Ayaz Saleh oğlu Əkbərov məhbus yoldaşı, Cinayət Məcəlləsinin 178 (dələduzluq), 313 (vəzifə saxtakarlığı) və 320-ci (rəsmi sənədləri saxtalaşdırma) maddələri ilə məhkum olunmuş 1978-ci il təvəllüdlü Anar Akif oğlu Mustafayevin başına daşla vurub. Xəsarət alan məhkuma tibbi yardım göstərilib.
Baş vermiş hadisəyə münasibət bildirən Məhkumlara Hüquqi Yardım Assosiasiyasının sədri, Penitensiar Xidmətin sabiq rəisi Məmməd Zeynalov "Şərq”ə açıqlamasında belə halların mümkünlüyünü vurğuladı:
- Cəzaçəkmə müəssisələrində belə hadisələrin olması gözlənilməz deyil. Burada nəsə dərin köklər axtarmağa, rəhbərliyi suçlu çıxarmağa ehtiyac yoxdur. Evdə, ailədə də iki qardaş biri-birilə dalaşır. Cəzaçəkmə müəssisəsində müxtəlif cinayət törətmiş insanlar var. Eləsi var, istəmədən, təsadüfən hansısa cinayətin iştirakçısına çevrilib. Eləsi də var ki, qəsdən hansısa cinayəti törədib. Cəzaçəkmə müəssisəsi müxtəlif kateqoriyadan olan adamların bir yerə toplaşdığı məkandır. Burada məhkumlar arasında söz-söhbət də yaranır, bəzən dava-dalaşa da keçir. Bir var, məhkumların çılğınlığı, əsəblərinin korlanması səbəbindən baş vermiş dava, bir də var, əvvəlcədən planlanmış, hansısa məqsədə xidmət edən münaqişə. Əgər əvvəlcədən planlaşdırılmış bir işdirsə və bu haqda cəzaçəkmə müəssisəsi rəhbərliyinə məlumat daxil olubsa, gərək rəhbərlik operativ tədbirlər görüb hadisənin qarşısını alsın. Çünki bəzən həbsxanada qruplaşmalar olur, nüfuz savaşı aparırlar, yaxud yerliçilik, hətta ideya fərqliliyi zəminində də məhkumlar arasında münaqişə yaranması mümkündür. Belə hallarda əlbəttə, cəzaçəkmə müəssisəsi rəhbərliyindən sayıqlıq, operativlik tələb olunur. Ancaq məhkumlar arasında adi bir məsələnin üstündə gözlənilməz şəkildə münaqişə də yarana bilir.
M.Zeynalov hazırda cəzaçəkmə müəssisələrinin əsas probleminin cinayət dərəcəsinə görə məhkumların eyni həbsxanaya salınmasıdır:
- Sovet vaxtı cəzaçəkmə müəssisələri 3 növə bölünürdü; ümumi, möhkəm və ciddi rejimli. Ümumi rejimliyə nisbətən zəif, xırda cinayətlər etmiş şəxsləri, möhkəm rejimliyə birinci məhkumluğu olanları, ciddi rejimliyə isə dəfələrlə cinayət əməli törətmiş şəxsləri salırdılar. İndi isə cəmi 2 rejimli müəssisə var: ümumi və ciddi rejimli. Deməli, həm ilk məhkumluğu olanı, həm də iki və daha artıq məhkumluğu olanları eyni cəzaçəkmə müəssisəsində saxlayırlar. Bu, obyektiv səbəbdir və hesab edirəm ki, aradan qaldırılmalıdır. Təbii ki, birinci məhkumluğu olanla, iki və daha artıq məhkumluğu olan eyni səviyyədə ola bilməz. İkincilər həmişə çalışırlar ki, birinciləri təsir altına alsınlar, özlərindən asılı etsinlər. Bu da məhkumlar arasında narazılığa və bəzən də dava-dalaşa, böyük münaqişələrə səbəb olur. Ancaq kiçik həcmli, spontan davaların baş verməsi həmişə mümkündür və burada nəzarətsizlik səbəb kimi göstərilə bilməz.
Məlahət Rzayeva