“Heç bir işçi öz əli ilə öz çörəyini kəsməz”

Çingiz Qənizadə həbsxanada məhkumların döyülərək öldürülməsini yalan adlandırdı



Azərbaycanın cəzaçəkmə müəssisələrində son günlər xoşagəlməz hallar yaşanır. Fevralın 12-də Penitensiar Xidmətin 6 saylı cəzaçəkmə müəssisəsində 2 məhkum döyülərək öldürülüb, digər 2 məhkum isə ölümcül halda Məhkumların Müalicə Müəssisəsinə aparılıb.

2 məhkumun aqibəti haqda isə heç bir məlumat yoxdur. Öldürülən məhkumlardan birinin qardaşı Ramin İbrahimov "Yeni Müsavat”a açıqlamasında belə deyib: "Zəng edib dedilər ki, Nurani mədə ağrısından ölüb, meyiti morqdadır. Getdik gördük ki, onun ayaqları sındırılıb, dabanları qapqara idi. Ciyərini vurub partladıblar. Qardaşımın günahı olubsa, bunun üçün qanun var. Nəyə görə döyüblər? Niyə öldürüblər onu?”

R.İbrahimov deyib ki, digər öldürülən məhkumun meyiti Gəncəyə yola salınıb: "2 saylı müəssisədən "şestoy”a Nurani ilə birgə aparılan Sahib Abbasovu da döyüb öldürüblər. Onun meyitini Gəncəyə apardılar. O biri məhkumlar Elmirlə Tariyelin də vəziyyətləri ağırdır. Xəstəxanaya aparıblar. O biri 2 məhkumun kimliklərini, vəziyyətləri haqda xəbərim yoxdur”.

Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmətə nəzarət üzrə İctimai Komitənin koordinatoru, millət vəkili Çingiz Qənizadə isə hesab edir ki, Penitensiar xidmətin cəzaçəkmə müəssisələrində məhkumların döyülməsi, onlara işgəncə verilməsi kimi faktların aşkarlanması qeyri-mümkündür: "Əvvəla, Penitensiar xidmətdə qaydalar dəyişdirilib, əvvəlki illərdən fərqli olaraq nizam-intizam qaydalarına tam şəkildə riayət olunur. Cəzaçəkmə müəssisələrində 1200-1500-ə yaxın məhbus olur. Hansısa bir məhkumun döyülərək öldürülməsi faktını necə gizlətmək olar? İctimai Komitənin rəhbəri olaraq, həmin məhkumun ölümü ilə bağlı xəbərləri oxuduqdan sonra dərhal 6 saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyi ilə əlaqə saxladım. Müəssisə rəhbərliyi mətbuatda yayılan xəbərlərin tamamilə əsassız və qərəzli olduğunu bəyan etdilər. Hansısa məqsədlər üçün yayılan bu məlumatlar ictimai rəyi çaşdırmağa yönəlib”.

İstənilən halda, istintaq orqanları baş verən ölüm faktına görə cinayət işi başlandığını vurğulayan millət vəkili deyib ki, məhkumların ölümü və ya öldürülməsi ilə bağlı cəmiyyəti narahat edən bütün suallara ancaq prokurorluq orqanları cavab verə bilər: "Meyitin müayinəsi və hadisə şahidlərinin dindirilməsi olmadan bu cür faktlar haqqında konkret nəsə demək doğru deyil. Bununla belə İctimai Komitə olaraq üzərimizə düşən missiyanı yerinə yetirməliyik. QHT-lərin də iştirakı ilə ictimai nəzarətlə bağlı Milli Məclisdə keçirilən "dəyirmi masa” zamanı onlarla da söhbətləşdik. Çox güman ki, yaxın bir-iki gün ərzində İctimai Komitənin bir neçə əməkdaşını sözügedən cəzaçəkmə müəssisəsinə göndərib, məlumatı araşdıracağıq. Amma sözün açığı, 6 saylı cəzaçəkmə müəssisəsində bu cür işgəncə hallarının olmasını real hesab etmirəm. Son illərdə məhkumlarla kifayət qədər işlər aparılıb, onlar maarifləndirilib və hər kəs öz hüququnu yaxşı bilir. Əməkdaşlarda isə iş yerlərini itirmək qorxusu var. Səbəbsiz yerə hansısa cəzaçəkmə müəssisəsində məhbusların döyülməsi, öldürülməsi bugünkü reallıqda inandırıcı deyil. Məhkumlar arasında dava ola bilər, məhkum-məhkumu öldürə bilər. Amma cəzaçəkmə müəssisəsinin əməkdaşları heç vaxt belə bir addım atıb, öz əli ilə öz çörəyini kəsməz”.

Şəymən