Heç bir panikaya ehtiyac yoxdur: Görülən bütün tədbirlər Azərbaycan insanı üçündür
Dünya 21-ci əsrin bəlkə də ən böyük problemiylə amansız mübarizədədir. Artıq pandemiyaya çevrilən koronavirus infeksiyasına qarşı dünyanın bütün ölkələri səfərbər olub. Çinin Uhan şəhərində başlayan koronavirus dalğası Şimali Amerikaya qədər gedib çıxıb. Bir sözlə, bu virus heç bir sərhəd tanımır. Məsələnin ən problemi tərəfi odur ki, hələ ki bu virusa qarşı qarşı vaksin tapılmayıb. Məhz bu səbəbdən koronavirusun yayıldığı bütün ölkələr maksimum vətəndaşlarının bu virusa az yoluxmasına çalışır, müxtəlif qabaqlayıcı tədbirlər görürlər. Və Azərbaycan da nəinki bu sıradan geri qalmır, əksinə qabaqlayıcı tədbirlər silsiləsindən əksər ölkələrdən irəlidədir.
Artıq məlumdur ki, Prezident İlham Əliyevin tapşırığı ilə Nazirlər Kabinetinin nəzdində Operativ Qərargah yaradılıb. Pandemiya ilə bağlı vətəndaşlar, xüsusən də KİV mütəmadi məlumatlandırılır. Bütün riskləri nəzərə alan hökumət artıq bir neçə ölkə ilə yerüstü və hava nəqliyyatı əlaqələrini məhdudlaşdırılıb, ölkədə ciddi tədbirlər həyata keçirilir. Prezidenti tərəfindən qabaqlayıcı tibbi sanitar tədbirlərin həyata keçirilməsi üçün 10 milyon manat pul ayrılıb. Ümumiyyətlə, Azərbaycan əvvəldən koronavirusla bağlı məsələyə çox ciddi və şəffaf yanaşma ortaya qoydu. Təsadüfi deyil ki, ÜST Azərbaycanı hazırkı qlobal təhlükənin ölkə əhalisinə təsirini mümkün qədər minimuma endirmək üçün ən səmərəli tədbirlər həyata keçirən dövlətlərdən biri hesab edir.
İndiki məqamda ən önəmli məsələlərdən biri də sosial məsuliyyət məsələsidir. Sirr deyil indiki situasiya təkcə dövlət orqanları qarşısında deyil, hər bir vətəndaş qarşısında ciddi məsuliyyət müəyyənləşdirir. Hamı başa düşməlidir ki, sosial yönündən asılı olmayaraq atılan müvəqqəti və məcburi addımların cəmiyyətin sağlamlığı, təhlükəli virusun neqativ təsirlərindən maksimum dərəcədə qorunmaq üçündür.
İndiki durumda KİV-in də məsuliyyəti birə beş artıb. Bu günlərdə xüsusən ictimai rəy yaradan jurnalistlər də diqqətli olmalı, ajiotaja, sosial təşvişə xidmət edən, dezinformasiya xarakterli məlumatların yayılmasına imkan verməməlidirlər. İnformasiya təhlükəsizliyi də milli təhlükəsizliyimizin bir hissəsinə çevrilməlidir.
Koronovirusla bağlı Operativ Qərargah tərəfindən məlum qadağalar müəyyənləşdirildikdən sonra Azərbaycan xalqının digər ümummilli məsəllərdə olduğu kimi bu məsələdə də həmrəylik nümayiş etdirdiyinin, öz milli təhlükəsizliyinə diqqətlə yanaşdığının, öz dövlətinə güvəndiyinin şahidi oluruq. Sosial şəbəkələrdə şayiə və dezinformasiya, təşviş doğuran xəbərlər yayanlara qarşı adi insanların sərt təpkiləri də elə bundan xəbər verir. Yeri gəlmişkən, təhlükəsizlik orqanları tərəfindən belə məlumatlar yayan və insanlar arasında ajiotaj yaratmaq istəyən şəxslərə qarşı ciddi görüləcək, görülməlidir də.
Son günlər bəzi sosial şəbəkələrdə Azərbaycanda ərzaq qıtlığı yaranacağıyla bağlı heç bir əsası olmayan xəbərlər yayılır.
Bu xəbərlərə ən tutarlı cavabı iqtisadiyyat naziri Mikayıl Cabbarov verib. O bildirib ki, Azərbaycanda əhalinin gündəlik tələbat malları, o cümlədən qida məhsulları ilə tələbatının ödənilməsində heç bir problem yoxdur.
Hazırda ticarət şəbəkələrində, mağazalar və anbarlarda gündəlik tələbat malları, o cümlədən ərzaq məhsulları ilə bağlı kifayət qədər ehtiyat olduğunu deyən M.Cabbarov bildirib ki, panikaya heç bir əsas yoxdur.
Onun sözlərinə görə, iqtisadi təhlükəsizlik məsələsi daim Azərbaycan hökumətinin diqqət mərkəzində olub: “Ölkənin ərzaq təhlükəsizliyinin etibarlı təmin olunması üçün ehtiyatlar mütəmadi monitorinq olunaraq qiymətləndirilir. Hazırda koronovirus təhlükəsi ilə əlaqar olaraq ölkəmizin sərhədlərində tətbiq olunan məhdudiyyətlər isə yükdaşımalara şamil edilmir”.
Hökumətin iqtisadi sahədə vəziyyətə nəzarət etmək üçün bütün vasitələrə malik olduğunu vurğulayan nazir deyib ki, yerli istehsalın artırılması üçün dövlət tərəfindən əlavə dəstək tədbirləri həyata keçiriləcək.
Son günlər istehlak bazarında tibbi vasitələrə - spirt və tibbi maskalara tələbatın artmasına da münasibət bildirən Mikayıl Cabbarov hazırda bu məhsulların təchizatında heç bir çətinliyin olmadığını vurğulayıb. Nazir yaxın həftələrdə Azərbaycanda tibbi maskaların istehsalı üzrə yeni müəssisənin işə düşəcəyini qeyd edib.
Bir sözlə, koronavirusla bağlı situasiya hökumətin tam nəzarətindədir. Ola bilsin dövlət xalqın təhlükəsizliyi üçün bir qədər də zəruri və sərt addımlar atsın. Amma onu bilməliyik ki, bütün atılan addımlar Azərbaycan insanı, onun sağlamlığı və təhlükəsizliyi üçündür!