Heç bir qanunsuzluq yoxdur

“Qadın snayperlərin fotoları Müdafiə Nazirliyi tərəfindən şəxslərin razılığı ilə göstərilib”



Bir müddət bundan öncə Müdafiə Nazirliyi tərəfindən qadın snayperimizin foto görüntüləri verilib. Bəzi ekspertlər isə hesab edir ki, əslində bu, məxfi qalmalıdır. Görəsən, qadın snayperlərimizin şəkillərinin Müdafiə Nazirliyi tərəfindən göstərilməsi nə dərəcədə doğrudur?

Hərbi ekspert Azad İsazadə də ümumən snayperin şəklinin verilməsini məqsədəuyğun hesab etməyib: "Ümumiyyətlə, snayperlər adətən sıravi əsgər və ya çavuşlar arasından seçilir. Bundan

başqa, müqavilə əsasında müddətdən artıq hərbi xidmət keçənlər arasından da seçilə bilərlər. Snayperlərin şəklinin afişa edilməsi barədə birmənalı qadağa yoxdur. Amma bununla belə məsləhət görülmür. Lakin belə şəkillərin periodik olaraq verildiyini də görürük. Əsas o deyil ki, şəkildə görünən real olaraq snayper olsun. Burada snayper görüntüsündə rol oynayan bir başqa insan da ola bilər. Bütün hallarda peşəkar snayperin şəklini göstərmək məqsədəuyğun deyil”.

Media eksperti Ələsgər Məmmədli isə hesab edir ki, şəxsin özünün razılığı və dislokasiya yerinin göstərilməməsi şərti ilə snayperlərin foto görüntülərinin mətbuatda yayımlanması heç bir problem deyil: "Qadın snayperlərin fotoları Müdafiə Nazirliyi tərəfindən şəxslərin razılığı ilə göstərilib. Burada diqqət yetirilməli məxfilik olmadığı üçün heç bir qanunsuzluq yoxdur. Əgər, həmin snayperin xəbəri və ya razılığı olmadan fotolar mətbuata ötürülübsə, burada artıq mübahisə üçün səbəb var və həmin xanımlar öz haqlarını tələb edə bilərlər. Bildiyim qədəri ilə snayperlərin fotolarından Müdafiə Nazirliyi təbliğat məqsədi ilə istifadə edib. Və həmin yazıda konkret olaraq, xanımların xidmət keçdiyi hərbi hissələrin, dislokasiya yerlərinin adı hallanmayıb. Adları açıqlansa belə, bu, problem deyil. Bəlkə də, həmin adlar şərti olub? Şərti olmasa belə, yenə də ciddi bir məsələ deyil. Hərbi birləşmənin dislokasiyası göstərilmədən hansısa bir zabitin, snayperin müsahibə verməsi, fotosunu yaymasına yol verilir”.

Şəymən