“Heç bir təzyiq olmayıb, heç nə də təklif etməyiblər”

Erkin Qədirli namizədlikdən imtinanın öz təşəbbüsü olduğunu söyləyir



REAL hərəkatının üzvü Erkin Qədirli parlament seçkilərində namizədliyini geri götürüb. Bu barədə hərəkatın namizədi, iqtisadçı Natiq Cəfərli məlumat verib. Xatırladaq ki, E.Qədirli 16 saylı Yasamal İkinci Seçki Dairəsindən namizədliyini verib və qeydiyyatdan keçib.

N.Cəfərlinin sözlərinə görə, belə bir şəraitdə seçkilərə getmək istəməyən Erkin Qədirli məsələ ilə bağlı bir-iki gün ərzində açıqlama verəcək.

Namizədlikdən imtina etməsinə aydınlıq gətirən REAL üzvü Erkin Qədirli belə bir qərarın öz təşəbbüsü olduğunu açıqlayıb: "Qərarım REAL-ın planlarıyla bağlı deyil. Namizədlikdən imtina etməyim üçün mənə heç bir təzyiq olmayıb. Əvəzində heç nə təklif etməyiblər. Həmçinin, REAL-dan getmirəm, siyasətdən uzaqlaşmıram. Eyni zamanda seçkini boykot etməyi də yanlış sayıram. Seçkidə iştirak vacibdir. Bu baxımdan REAL-ın digər namizədlərinə yardım edəcəm. Əgər həvəsim olarsa, namizədlikdən imtina etməyimin daha geniş izahını yazacam”.

16 saylı Yasamal İkinci Seçki Dairəsindən deputatlığa namizəd Taleh Şahsuvarlının rəqibi E.Qədirlinin qərarına münasibəti belə olub: "Erkin Qədirli virtual səsvermələrdə mənə uduzub. Bir neçə saytda keçirilən rəy sorğularında mənim birinciliyimə yaxınlaşa bilməyib. Odur ki, Erkin Qədirlinin seçki yarışından çəkilməsi məni nə sevindirir, nə də təəssüfləndirir”.

T.Şahsuvarlı deyib ki, REAL üzvü onun üçün ortabab rəqib idi: "Erkin Qədirli onsuz da qələbə əzmi nümayiş etdirə bilmirdi. Seçiciləri öz zəfərinə inandırmağı bacarmırdı. Qələbə ruhu daşımayan bir şəxsin namizədliyini geri götürməsi seçicilərin 1 noyabr səsverməsində fəal iştirakına heç bir təsir edə bilməz”.

İsmayıl